Məhkəmə qərarları › İş №2(004)-4488/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4488/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4488/2021 29.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 18.03.2019-cu il tarixli, MFNPU-3962 saylı kredit müqaviləsinə əsasən əsas borcuna görə 1784,32 manat, faiz borcuna görə 46,87 manat, cəmi 1831,19 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Bakı şəhər Yasamal rayon Məhkəməsinə 24.06.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə qaydasında baxılmalı olmadığından imtina edilməlidir. Belə ki, real vaxt rejimində “AZEMİS” Elektron Məhkəmə Sistemindən əldə olunmuş çıxarışdan müəyyən olunur ki, iş üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh 12.01.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə isə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 18.03.2019-cu il tarixli, MFNPU-3962 saylı kredit müqaviləsi üzrə borcalan, 12.01.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh hüquq varisinin müəyyən edilməsi ilə bağlı müvafiq orqana müraciət olunmadan, ölmüş şəxs cavabdeh qismində göstərilərək, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Beləliklə, məhkəməyə daxil olmuş ərizəni nəzərdən keçirib hesab edirəm ki, məhkəmə qaydasında baxılmalı olmadığından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, cavabdehin hüquqi varisi müəyyən olunduqdan sonra ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar