Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4498/2021 29.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat ofisinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın miras əmlak hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair” mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat ofisinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın miras əmlak hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ilə Cavabdeh1 arasında bağlanmış 21.09.2013-cü il tarixli 4Ə-1488 reyestrli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, məhəllə 500, ev 1 ünvanında yerləşən sahəsi 71,56 kv.m. olan 5 otaqlı 6 saylı mənzilin X2nın ölümündən sonra qalmış miras əmlak hesab edilməsi və özünün həmin mənzilə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, məhəllə 500, ev 1 ünvanında yerləşən sahəsi 71,56 kv.m. olan 5 otaqlı 6 saylı mənzil X2nın mülkiyyətində olmuşdur. X2 16.04.2014-cü il tarixdə vəfat etmişdir. Yas mərasimlərində iştirak etmək üçün anasının mülkiyyətində olan mənzilə gedib-gəlmiş, lakin sonradan, bacısı Cavabdeh1 onunla münasibətləri pozmuş və anasının evinə buraxmamışdır. Mənzilin vərəsəlik qaydasında aralarında bölünməsi üçün notariusa getməyi təklif etsə də o, xeyli müddət müxtəlif bəhanələrlə yubatmış, daha sonra isə, ümumiyyətlə ona hər hansı bir sənəd verməyəcəyini, mənzilin ona məxsus olduğunu demişdir. Bundan sonra, vəkillə müqavilə bağlayaraq, mənzilin vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi üçün prosedurlara başlamış, lakin vəkili tərəfindən verilmiş sorğu əsasında müəyyən olunmuşdur ki, anası 2013-cü ildə mənzili bacısı Cavabdeh1 bağışlamışdır. Belə ki, Bakı şəhəri 53 saylı Notariat Ofisinin 1543 nömrəli, 20.05.2021-ci il tarixli məktubu ilə X5 ilə Cavabdeh1 arasında bağlanmış 21.09.2013-cü il tarixli 4Ə-1488 reyestrli bağışlama müqaviləsinin surəti əqdim edilmişdir. Həmin müqavilənin surətini, 24.05.2021 -ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada almışdır. Bağışlama müqaviləsi imzalanarkən onun hüquqları kobud surətdə pozulmuş, bağışlama müqaviləsinin imzalanması üçün razılığı alınmamış, ümumiyyətlə bağışlama əməliyyatı ondan gizli şəkildə aparılmışdır. Ümumiyyətlə anasının həmin bağışlama müqaviləsini öz iradəsi əsasında imzalamasına dair ciddi şübhələr vardır. Belə ki, anasının sağlığında həm anası, həm də bacıları ilə münsibətləri çox gözəl olmuşdur. Anası, öz sağlığında heç vaxt mənzili onlardan hansınasa bağışlayacağı barədə heç bir fikir bildirməmişdir. O, əksinə, daim öz söhbətlərində bildirmişdir ki, bu mənzil hamısının ata yurdudur və hamısının bu mənzildə payı vardır. Məhkəmə iclasınında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, anası mübahisə predmeti olan əmlakını bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlamışdır. Həmçinin, anaları X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 59,50 kv.m. olan 3 otaqlı 57 saylı mənzili də, İddiaçı bağışlamışdır. İddiaçının nümayəndəsi həmin zaman analarının bağışlama müqaviləsini öz iradəsi əsasında imzalamasını qeyd etsə də, bu hal əsassızdır. Belə ki, həmin an tərəflərin anası öz iradəsi əsasında əmlakını cavabdehə bağışlamayıbsa, deməli sonradan iddiaçıya bağışladığı əmlakını da, öz iradəsini ilə bağışlamamışdır. Bundan başqa iddiaçı uzun müddət xarici ölkədə yaşamış və anasına qulluq etməmişdir. Bağışlanma zamanı da iddiaçının razılığının alınmasına ehtiyac olmamışdır. Belə ki, iddiaçı bağışlanan evdə qeydiyyatda olmamış və orada yaşamamışdır. Qanunvericiliklə ancaq orda qeydiyyatda olan şəxslərin formal olaraq razılığı tələb edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Bakı şəhəri 53 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdeh Bakı şəhəri 53 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X5 ilə Cavabdeh1 arasında bağlanmış 21.09.2013-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X5, özünə məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 71.56 kv.m olan 5 otaqlı mənzili qızı - Cavabdeh1 bağışlamışdır. Müqavilə Bakı şəhəri 53 saylı notariat ofisində təsdiqlənmiş və bu barədə reyestrdə 4Ə-1488 saylı qeydiyyat aparılmışdır. Mənzildə qeydiyyada olan X4 mənzilin bağışlanmasına dair razılıq ərizəsi notariat işinə əlavə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestridən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 Cavabdeh1 adına 11.10.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir. AZ-İİ seriyalı, 018326 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08.04.2019-cu il tarixdə vəfat etmişdir. X5 ilə İddiaçı arasında bağlanmış 02.02.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X5, özünə məxsus ünvan 1 ünvanında yerləşən sahəsi 59,50 kv.m. olan 3 otaqlı 57 saylı mənzili İddiaçı bağışlamışdır. Müqavilə Bakı şəhəri 53 saylı notariat ofisində təsdiqlənmiş və bu barədə reyestrdə 4Ə-118 saylı qeydiyyat aparılmışdır. X1 əvəzindən Cavabdeh1 imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məcəllənin 347.1-ci maddəsinin tələblərinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə görə bağışlama, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1-ci maddəsinin tələblərinə görə hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında göstərilir ki, “MM-in 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur.” Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə “Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.” Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə baxışı zamanı tərəflərin izahatları, iş materialları və məhkəmədə toplanılmış digər sübutlar hərtərəfli araşdırılmaqla işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, məhəllə 500, ev 1 ünvanında yerləşən sahəsi 71,56 kv.m. olan 5 otaqlı 6 saylı mənzilin X5 tərəfindən Cavabdeh1 bağışlanması barədə notariat qaydada təsdiq olunmuş, 4Ə-1488 reyestr nömrəli 21.09.2013-cü il tarixli bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə müvafiq bağlanması, bununla da, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası MM-nin 673.1-ci maddəsində nəzərdə tutulan hallar mövcud olmadığı, həmçinin, iddiaçının anasının vəfat etdiyi məqamda mübahisəli mənzilin onun mülkiyyətində olmadığı təsdiq olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbləri həmin əsassız olduğuna, həmçinin, iddia müddəti ötürüldüyündən məhkəmə tərəfindən kəsici müddət tətbiq edilməklə rədd edilməlidır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1., 80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat ofisinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın miras əmlak hesab edilməsi və vərəsəlik hüququnun tanınması qarşı tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4498/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4498/2021
29.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver