Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9820/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 53 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 iyul 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, (mərhum) anası X2 ilə bacısı olan Cavabdeh1 arasında Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, məhəllə 500, ev 1-də yerləşən 5 otaqlı 6 saylı mənzilə dair bağlanmış və 53 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 4Ə-1488 nömrə ilə qeydə alınmış 21.09.2013-cü il tarixli “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi, mənzilin mərhum anasının ölümündən sonra miras qalmış əmlak hesab edilərək həmin mənzil üzərində özünün vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən mübahisəli mənzil iş üzrə tərəflərin mərhum anaları R.Əkbərovanın mülkiyyətində olmuşdur. R.Əkbərova 12.04.2019-cu il tarixdə (iddia ərizəsində texniki səhvə görə 16.04.2014-cü il kimi qeyd edilmişdir) vəfat etmişdir. Yas mərasimlərində iştirak etmək üçün iddiaçı anasının mülkiyyətində olan mənzilə gedib-gəlmiş, lakin sonradan, bacısı Cavabdeh1 onunla münasibətləri pozmuş və anasının evinə buraxmamışdır. İddiaçı, mənzilin vərəsəlik qaydasında aralarında bölünməsi üçün notariusa getməyi cavabdehə təklif etsə də cavabdeh, xeyli müddət müxtəlif bəhanələrlə yubatmış, daha sonra isə, ümumiyyətlə iddiaçıya hər hansı bir sənəd verməyəcəyini, mənzilin ona məxsus olduğunu iddiaçıya demişdir. Bundan sonra, iddiaçı vəkillə müqavilə bağlayaraq, mənzilin vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi üçün prosedurlara başlamış, lakin vəkili tərəfindən verilmiş sorğular nəticəsində 24.05.2021-ci il tarixdə əldə olunmuş sənələrdən müəyyən edilmişdir ki, R.Əkbərova sağikən, yəni 21.09.2013-cü il tarixdə mənzili cavabdehə bağışlamış, bununla əlaqədar olaraq R.Əkbərova ilə cavabdeh arasında həmin tarixdə 53 saylı Notariat Ofisində “Bağışlama müqaviləsi” bağlanmışdır. İddiaçı bildirir ki, “Bağışlama müqaviləsi” onun hüquqlarının kobud surətdə pozulması ilə, yəni onun razılığı alınmadan bağlanmışdır. Bu səbəbdən də iddiaçı hesab edir ki, müqavilə etibarsızıdır. Bundan başqa iddiaçı bildirir ki, anası həmin “Bağışlama müqaviləsini” öz iradəsi əsasında bağlaya bilməzdi. Belə ki, anasının sağlığında həm anası, həm də bacıları ilə münasibətləri çox gözəl olmuşdur. Anası, öz sağlığında heç vaxt mənzili onlardan hansınasa bağışlayacağı barədə heç bir fikir bildirməmişdir. O, əksinə, daim öz söhbətlərində bildirmişdir ki, bu mənzil hamısının ata yurdudur və hamısının bu mənzildə payı var. Bu səbəbdən də müqavilə etibarsız hesab edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 29.07.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apelyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, “Bağışlama müqaviləsi” onun hüquqlarını pozur. Müqavilənin mövcudluğundan iddiaçı 24.05.2021-ci il tarixdə məlumat əldə etmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh1 vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, “Bağışlama müqaviləsi” iş üzrə tərəflərin anaları R.Əkbərovanın iradəsini tam ifadə edir və bu, R.Əkbərovanın öz istəyi ilə həyata keçirilib. Müqavilə bağlanan zaman R.Əkbərova mənzilin yeganə mülkiyyətçisi olmuş və bu səbəbdən də, mənzilin bağışlanması üçün heç kimin razılığı tələb olunmurdu. Bundan başqa nəzərə alınmalıdır ki, müqavilə bağlanan zaman iddiaçının həmin mənzil üzərində istifadə hüququ da olmamışdır, çünki iddiaçı həmin mənzildən heç vaxt yaşamamış, o ailə qurduqdan sonra yaşamaq üçün Azərbaycan Respublikasından xaricə köçmüş və orada yaşamışdır. Mənzildə də bundan sonra R.Əkbərova tərəfindən əldə olunmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, R.Əkbərova özünə məxsus olan digər mənzili, yəni ünvan 1 ünvanında yerləşən 3 otaqlı 57 saylı mənzili iddiaçıya 02.02.2019-cu il tarixdə, yəni vəfatından 2 ay əvvəl bağışlamışdır. Göründüyü kimi, R.Əkbərova öz iradəsindən çıxış edərək hələ sağikən özünə məxsus əmlakı övladları arasında bölüşdürmüşdür. Buna görə də, hesab edilməlidir ki, iddia əsassızdır. Cavabdeh Notariat Kontoru işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən, o cümlədən 53-cü Notariat Orqanı tərəfindən verilmiş sənədlərdən görünür ki, mübahisəli mənzil iş üzrə tərəflərin mərhum anaları R.Əkbərovanın 13.10.2005-ci il tarixdən mülkiyyətində olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmışdır. R.Əkbərova, onunla övladı – iş üzrə Cavabdeh1 arasında bağlanmış və 53 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 4Ə-1488 nömrə ilə qeydə alınmış 21.09.2013-cü il tarixli “Bağışlama müqaviləsinə” əsasən mənzili Cavabdeh1 bağışlamışdır. Mənzilin yerləşdiyi binaya xidmət göstərən 64 sayı Mənzil İstismar Sahəsinin 13.09.2013-cü il tarixli “Forma 2” arayışından görünür ki, müqavilə bağlanan zaman mənzildə R.Əkbərova özü, onun övladları: (iş üzrə tərəf olmayan) X3 və (cavabdeh) Cavabdeh1 yaşamış və yaşayış yeri üzrə qeydiyyatda olmuşlar. X1 mənzilin bağışlanmasına dair razılıq ərizəsi notariat işinə əlavə edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.03.2005-ci il tarixli, AZ-İ seriyalı, 146400 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, R.Əkbərovanın əri, iş üzrə tərəflərin atası X4 01.03.2005-ci il tarixdə (yəni mənzil əldə olunandan yarım il əvvəl) ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi cavabdehin adına reyestrdə 11.10.2013-cü il tarixdə qeydiyyata alınmışdır. R.Əkbərova ilə onun övladı – iş üzrə İddiaçı arasında bağlanmış və 53 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 4Ə-118 nömrə ilə qeydə alınmış 02.02.2019-cü il tarixli “Bağışlama müqaviləsindən” görünür ki, R.Əkbərova özünə məxsus olan digər mənzili, yəni ünvan 1 ünvanında yerləşən 3 otaqlı 57 saylı mənzili İddiaçı bağışlamışdır. 3 saylı Bakı “Asan Xidmət” X5 tərəfindən 12.04.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 018326 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Ruqiyyə Əkbərova 08.04.2019-cu il tarixdə ölmüşdür. Cavabdeh Cavabdeh1 ilə mərhum R.Əkbərova arasında bağlanmış 21.09.2013-cü il tarixli “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsini tələb edən İddiaçı, iddia tələbini onunla əsaslandırır ki, mübahisəli mənzildə mərhumun övladı kimi onun da mirasdan pay haqqı var və həmin müqavilə etibarsız hesab olunaraq mənzil üzərində onun vərəsəlik hüququ tanınmalıdır. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatları nəzərə alan Məhkəmə hazırki mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məcəllənin 673.1.3-cü maddəsinə görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məcəllənin 673.4-cü maddəsinə görə, bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. İş üzrə tərəflərin təqdim etdikləri sübutları və işin hallarını nəzərə alan Məhkəmə bildirir ki, iddiaçının göstərdiyi hallara əsasən “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, müqavilə bağlanan zaman R.Əkbərova mənzilin yeganə mülkiyyətçisi olmuş, iddiaçının həmin mənzil üzərində istifadə hüququ olmamış və bu səbəbdən də, mənzilin bağışlanması üçün R.Əkbərova iddiaçının kimin razılığını almalı deyildi. Bu baxımdan hesab edilməlidir ki, iddiaçının, “Bağışlama müqaviləsinin” onun razılığı alınmadan bağlandığı üçün etibarsız hesab edilməsi barədə müzakirə edilən bu dəlili əsassızdır. Digər tərəfdən iddiaçı bildirir ki, anası həmin “Bağışlama müqaviləsini” öz iradəsi əsasında bağlaya bilməzdi. Belə ki, anasının sağlığında həm anası, həm də bacıları ilə münasibətləri çox gözəl olmuşdur. Anası, öz sağlığında heç vaxt mənzili onlardan hansınasa bağışlayacağı barədə heç bir fikir bildirməmişdir. O, əksinə, daim öz söhbətlərində bildirmişdir ki, bu mənzil hamısının ata yurdudur və hamısının bu mənzildə payı var. Bu səbəbdən də müqavilə etibarsız hesab edilməlidir. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, yuxarıda qeyd edilənlərə əsasən işin mübahisəsiz halı kimi müəyyən edilir ki, R.Əkbərova özünə məxsus olan digər mənzili iddiaçıya 02.02.2019-cu il tarixdə, yəni vəfatından 2 ay əvvəl bağışlamışdır. Göründüyü kimi, R.Əkbərova öz iradəsindən çıxış edərək hələ sağikən özünə məxsus əmlakı övladları arasında bölüşdürmüşdür. Bu baxımdan hesab edilməlidir ki, iddiaçının müzakirə edilən bu dəlili də əsassızdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddianın “Bağışlama müqaviləsini” etibarsız hesab edilməsi barədə hissəsi əsassızıdır. Bu nəticəyə gələn Məhkəmə hesab edir ki, həmin tələbdən irəli gələn “mənzilin mərhum analarının ölümündən sonra miras qalmış əmlak hesab edilərək həmin mənzil üzərində iddiaçının vərəsəlik hüququnun tanınması barədə” hissəsi də, əsassızdır və Məhkəmə bu tələbin ayrıca və geniş müzakirə edilməsi üçün əsas görmür. Bundan başqa Məhkəmə qeyd edir ki, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh tərəf Rayon Məhkəməsinə müraciət edərək iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və bu əsasla da iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bütövlükdə əsassız olduğundan iddia müddətinin tətbiqindən söhbət gedə bilməz və bu nəticənin ayrıca və geniş müzakirə edilməsinə Məhkəmə lüzum görmür. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9820/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9820/2021
22.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver