Məhkəmə qərarları › İş №2(004)-45/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-45/2025

10.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-45/2025 10.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka zərər vurulmasının qarşısının alınması öhdəliyinin qoyulması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qızına qarşı “əmlaka dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlakına dəymiş zərərin əvəzi olaraq 1000 (min) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh üzərinə iddiaçının mənzilinə su axılmasının qarşısının alınması vəzifəsi qoyulması və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Onun mənzili 3-cü mərtəbədə yerləşir. Cavabdeh məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil isə onun mənzilinin üst mərtəbəsində, yəni 4-cü mərtəbədə yerləşir. Son aylar ərzində bir neçə dəfə cavabdehə məxsus mənzildən onun mənzilinə su sızması baş vermişdir. Hər dəfə də onunla görüşərək su sızmasının qarşısını almağı bildirmişdir, lakin heç bir nəticəsi olmamış, cavabdeh müxtəlif bəhanələrlə bu məsələdən yayınmışdır. Bu barədə ərazi üzrə Bakı şəhəri 32 saylı Mənzil Kommunal Təsərrüfat Birliyinə müraciət etmişdir və həmin təşkilatdan nümayəndələr gəlib onun mənzilinə, cavabdehin mənzilinə baxış keçirmişlər. Baxış zamanı həqiqətən də onun mənzilinə yuxarı mərtəbədən su axıdılması və bunun nəticəsində mənzilində elektrik sistemlərinin yararsız vəziyyətə düşməsi müəyyən edilmiş və bu barədə 18 avqust 2023-cü il tarixdə Akt tərtib edilmişdir. Eyni zamanda, Bakı şəhəri 32 saylı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən cavabdehə rəsmi qaydada xx.xx.2023-cü il tarixli xəbərdarlıq verilərək, onun mənzilindən aşağı mənzilə su axıdıldığı və 3 gün ərzində nasazlığın aradan qaldırılması xahiş edilmişdir. Lakin, bütün bunlara baxmayaraq, təkrarən 20 sentyabr 2023-cü il tarixdə cavabdehə məxsus mənzildən onun mənzilinə su sızması baş vermiş və bunun nəticəsində mənzili daha da yararsız hala düşmüşdür. Belə ki, su axıdılması nəticəsində mənzilin dəhlizinə, mətbəxə, mətbəx mebelinə, vanna otağına ziyan dəymişdir. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyan Bakı şəhəri 32 saylı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli Aktlarla və şahid ifadələri ilə təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzili və əşyalar yararsız vəziyyətə düşmüşdür, Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənə dəymiş zərərin məbləği təxminən 1000 (bir min) manat təşkil edir. Cavabdehdən dəfələrlə su axıntısının aradan qaldırılması və dəymiş zərərin ödənilməsi tələb edilsə də, heç bir nəticəsi olmamışdır, su axıdılması hazırkı vaxtda da davam etdirilir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə prosesinin gedişində iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh üzərinə iddiaçının mənzilinə su axılmasının qarşısının alınması vəzifəsi qoyulması və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, hər gün olmasa da hər ayda ən azı bir dəfə su sızması baş verir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, usta çağıraraq mənzillərə baxdıracaq və zərərin həcmini və səbəbini müəyyənləşdirdikdən sonra təmir xərclərini qarşılayacaqdır. Məhkəmə proses iştirakçılarının izahatını, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 026171 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Zərdabi küçəsi, 45 nömrəli evin 22 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 698 nömrəli reyestr kitabında 104757 nömrəsi ilə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. Mənzil Kommunal Təsərrüfatı Birliyi 32 saylı Mənzil-İstismar Sahəsinin mühəndisi E.Miriyev, sahə nəzarətçiləri R.Quliyev, V.Rüstəmov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, H.ünvan 22-yə baxış keçirilmiş, baxış zamanı su axıntısına rast gəlmişlər. Axıntı zamanı məlum oldu ki, mənzilin elektrik sistemləri yararsız vəziyyətə düşmüşdür. Aktın doğruluğunu imzalarımızla təsdiq edirlər. Mənzil Kommunal Təsərrüfatı Birliyi 32 saylı Mənzil-İstismar Sahəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, H.B.ünvan 25-də yaşayan Cavabdeh onun mənzilindən aşağı məzilə su axıdılmışması ilə əlaqədar (üç) iş günü ərzində yaranmış nasazlığı aradan qaldırılması, əks təqdirdə inzibati qaydada akt tərtib olunacağı barədə xəbərdarlıq edilmişdir. Mənzil Kommunal Təsərrüfatı Birliyi 32 saylı Mənzil-İstismar Sahəsinin mühəndisi E.Miriyev, sahə nəzarətçiləri R.Quliyev, V.Rüstəmov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, H.ünvan 22-yə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, mənzil 25-dən su axıntısı zamanı dəhlizə, mətbəxə və mətbəx mebelinə, vanna otağına ziyan dəymişdir. Aktın doğruluğunu imzalarımızla təsdiq edirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-53-3/2-10875 nömrəli məktubdan görünür ki, müraciətdə qeyd olunan xüsusat mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8132 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə Bakı şəhər, Yasamal rayonu, ünvan 3 ünvanında yerləşən 25 saylı mənzillin qapısı bağlı olduğundan, 22 saylı mənzilə suyun sızmanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə: Bakı şəhər, Yasamal rayonu, ünvan 3 ünvanında yerləşən 22 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrinin olduğunu, 22 və 25 saylı mənzillərin planlı yerləşmələrini (bir-birinin üzərində) olduğunu nəzərə alaraq, Bakı şəhər, Yasamal rayonu, ünvan 3 ünvanında yerləşən 25 saylı mənzildən suyun sızması nəticəsində 22 saylı mənzilə zərərin dəydiyi müəyyən edilir. Qərardadın üçüncü sualı üzrə: Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4710 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Birinci, üçüncü və dördüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospektində yerləşən 45 saylı evin, 22 saylı mənzilinin sahəsi 5.0 kv.metr olan mətbəxində divarlarda boya qatının qabarması və qopması, tavanda lambrinin üzərində sarımtıl ləkələrin olduğu, sahəsi 3.0 kv.metr olan hamam otağında tavanda lambri qatının şişməsi, lambrinin alt hissəsində betonun armaturlarının paslanması müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospektində yerləşən 45 saylı evin, 25 saylı mənzilinin su və kanalizasiya borularının gözlə görünən hissələrində hər-hansı bir nasazlıq müəyyən edilmdiyindən, eləcə də baxış zamanı 25 saylı mənzildə keçirilmiş eksperiment nəticəsində 22 saylı mənzilin tikililərində hər-hansı bir su sızma izləri müəyyən olunmadığından, 22 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. İkinci sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospektində yerləşən 45 saylı evin, 28 saylı mənzilin sahibi baxışda iştirak etmədiyindən, eləcə də həmin mənzilə baxış keçirilməsi təşkil edilmədiyindən, sual üzrə tədqiqat aparılmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edimlmiş və məhkəmə baxışında tədqiq olunmuş fotoşəkillərdən və video-yazılarından iddiaçıya məxsus mənzilin hamam otağının tavanından su axıdılması, tavanın divarına bərkidilmiş dəmirlərin paslanması, mətbəxin divar boyalarının qopması, tavandakı lampa üzərində və mətbəx şkafının içində ləkələr əmələ gəlməsi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən, Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1098.1-ci maddəsinə əsasən, Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.1-ci maddəsinə əsasən, Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.4-cü maddəsinə əsasən, Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi onun xüsusi mülkiyyətidir. Cavabdeh isə eyni binanın üst mərtəbəsində – mənzil 25-də yaşayır. Mənzil Kommunal Təsərrüfatı Birliyinin 32 saylı Mənzil-İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlardan, habelə iş materiallarında olan fotoşəkil və video-yazılardan görünür ki, iddiaçıya məxsus mənzilə su sızması faktı mövcuddur. Sızma nəticəsində iddiaçının mənzilinin dəhlizinə, mətbəxinə, mətbəx mebelinə və vanna otağına zərər dəymişdir. Hazırda iddiaçı cavabdehin üzərinə onun mənzilinə su axılmasının qarşısının alınması vəzifəsinin qoyulmasını tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8132 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhər, Yasamal rayonu, ünvan 3 ünvanında yerləşən 22 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrinin olduğunu, 22 və 25 saylı mənzillərin planlı yerləşmələrini (bir-birinin üzərində) olduğunu nəzərə alaraq, Bakı şəhər, Yasamal rayonu, ünvan 3 ünvanında yerləşən 25 saylı mənzildən suyun sızması nəticəsində 22 saylı mənzilə zərərin dəydiyi müəyyən edilir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4710 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospektində yerləşən 45 saylı evin, 22 saylı mənzilinin sahəsi 5.0 kv.metr olan mətbəxində divarlarda boya qatının qabarması və qopması, tavanda lambrinin üzərində sarımtıl ləkələrin olduğu, sahəsi 3.0 kv.metr olan hamam otağında tavanda lambri qatının şişməsi, lambrinin alt hissəsində betonun armaturlarının paslanması müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospektində yerləşən 45 saylı evin, 25 saylı mənzilinin su və kanalizasiya borularının gözlə görünən hissələrində hər-hansı bir nasazlıq müəyyən edilmdiyindən, eləcə də baxış zamanı 25 saylı mənzildə keçirilmiş eksperiment nəticəsində 22 saylı mənzilin tikililərində hər-hansı bir su sızma izləri müəyyən olunmadığından, 22 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən mənzilində yaranmış nasazlığın vaxtında aradan qaldırılmaması, həmçinin mənzilindən digər mənzilə su axıdılmasının qarşısını almaması onun hərəkətsizliyi kimi qiymətləndirilməlidir. Cavabdehin məhkəmə iclasında usta çağıracağını, səbəbi müəyyənləşdirdikdən sonra təmir xərclərini qarşılayacağını bildirməsi, faktiki olaraq su sızmasının ondan qaynaqlandığını və ziyanın ödənilməsi məsuliyyətini qismən qəbul etdiyini göstərir. Cavabdeh öz mənzilində nasazlığı aradan qaldırmamaqla, iddiaçının mənzilinə dəymiş zərərin baş verməsinə şərait yaratmışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi yalnız su axıdılmasının qarşısının alınmasına və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına yönəldiyindən, bu tələb əsaslı və sübut edilmiş hesab olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin üzərinə iddiaçının mənzilinə su axıdılmasının qarşısının alınması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh üzərinə İddiaçı məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 22 saylı mənzilə su axıdılmasının qarşısının alınması öhdəliyi qoyulmalı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə məhkəm hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh üzərinə İddiaçı məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 22 saylı mənzilə su axıdılmasının qarşısının alınması öhdəliyi qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar