Məhkəmə qərarları › İş №2(004)-452/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-452/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-452/2023 08.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı avtomobilə dəymiş maddi zərərlə bağlı sığorta ödənişi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 qarşı avtomobilə dəymiş maddi zərərlə bağlı sığorta ödənişi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən (VÖEN: **********) İddiaçı xeyrinə “HONDA SRV” markalı **-XH-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasinə sığorta hadisə zamanı dəyən maddi zərərin əvəzi olaraq 4205 (dörd min iki yüz) manat, dövlət rüsumu ödənişi olaraq 62,45 (altmış iki manat 45 qəpik) manat, servis xərci olan 50 (əlli) manat olmaqla, ümumilikdə 4317,45 (dörd min üç yüz on yeddi manat 45 qəpik) manat pulun tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə axşam saat 18:00 radələrində Muğanlı-İsmayıllı yolunun 36-cı kilometrində Qəbələ rayonu istiqamətində “HONDA SRV” markalı **-XH-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsilə hərəkət edərkən qarşına qəfildən iri buynuzlu heyvan çıxması və maili şəkildə əyləci basdığı zaman arxadan hərəkətdə olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 idarə etdiyi “OPEL CORSA” minik markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun avtomobilini arxadan vuraraq ona 4205 manat dəyərində maddi zərər vurmuşdur. Bundan sonra hadisə yerinə 4-cü tağım Yol Patrul Xidməti inspektoru polis baş serjantı Vüsal Məsimli cəlb olunmuş, hadisə yerini müayinə etmiş və X6 barəsində xx.xx.2022-ci il tarixli ******* saylı protokol və xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati qərar qəbul etmişdir. İsmayıllı rayon DYP-nın stasionar postunda izahatları alındıqda, hadisəni törədən X4 idarə etdiyi “OPEL CORSA” minik markalı **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Cavabdeh ASCdə “İcbati sığorta” olunduğu məlum olmuşdur. Daha sonra “HONDA SRV” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilini HONDA mərkəzində "xxxx" MMC-də baxışdan keçirəndə ona 4174.44 manat maddi zərər dəyməsi barədə xx.xx.2022-ci il tarixli HO-76857 nömrəli qüsur aktı çıxarılmışdır. Bundan sonra tərəfindən müstəqil ekspertiza olaraq avtomobilimə dəyən maddi ziyanın dəyəri müəyyən olunması üçün "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli 19/22 saylı “Hesabat” tərtib edilmiş və avtomobilinə 4205 manat maddi ziyan vurulması təsdiq olunmuşdur. Buna baxmayaraq ona göstərilən sığorta ödənişini etməli olan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz öhdəliklərinin icrasından yayınır. Belə ki, ona xx.xx.2022-ci il tarixdə SMS göndərək cəmi 960 manat sığorta ödənişi edəcəkləri barədə rəsmi məlumat vermişlər. O, bu məbləğlə razı olmadığını məhkəməyə müraciət edəcəyini bildirmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ekspert rəyi ilə razı deyildir, avtomobilə dəymiş ziyan 960 manatdır, bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə ilasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan AC N ** XH *** saylı nəqliyyat vasitəsinin qeydİyyat şəhadətnaməsinin surətindən görünür ki, 2015-ci il buraxılışlı, “HONDA CRV” minik markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı, tünd qəhvəyi rəngli avtomobilin mülkiyyətçisi İddiaçıdır. İş materiallarında olan İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, X6 xx.xx.2022-ci il saat 18.49 radələrində OPEL CORSA minik markalı **-KY-*** dövlət qeydiyat nişanlı avtomobili etibarnamə ilə idarə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində zərərçəkən qismində, “HONDA CRV” minik markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “HONDA CRV” minik markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilə dəymiş ziyanın ümumi məbləği 960 manat təşkil edir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “HONDA CRV” minik markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilə dəymiş ziyanın ümumi məbləği 4258 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 19/22 nömrəli hesabatından görünür ki, “HONDA CRV” minik markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilə dəymiş ziyanın ümumi məbləği 4205 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “HONDA CRV” minik markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilə dəymiş ziyanın ümumi məbləği cəmi 4174 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2023-cü il tarixli, 9/9418 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2015-ci il buraxılışlı, “HONDA CRV” minik markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4150 (dörd min yüz əlli) manat müəyyən edilimişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 01 sentyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nə Terminal İD vasitəsilə 50 manat ödəniş edilmişdir. İşin müəyyən edilmiş halları odur ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya maddi ziyan dəymiş və cavabdeh sığorta şirkəti tərəfindən iddiaçıya ödəniş olunmamışdır. Keçirilmiş ekspertizanın nəticəsinə görə dəyən ziyan 4150 (dörd min yüz əlli) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1, 927.1 və 927.2-ci maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər: zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi, sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi, sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası, sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Mülki Məcəllənin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 2015-ci il buraxılışlı, “HONDA CRV” minik markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ekspert rəyi ilə müəyyən edilmiş məbləğ- 4150 (dörd min yüz əlli) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən ziyan aktının tərtib olunması üçün 35 (otuz beş) manat ödənildiyi iş materiallarında olan ödəniş qəbzi ilə sübuta yetirildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 62,45 (altmış iki manat qırx beş qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizasının xərci olan 50 (əlli) manat cavabdeh "xxxx" ASC-yə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən “HONDA CRV” minik markalı, **-XH-*** dövlət qeydiyyat nişalı avtomobilə vurulmuş zərərə görə 4150 (dörd min yüz əlli) manat sığorta məbləği, qüsur aktının tərtib olunması üçün ödənilmiş 50 (əlli) manat, ödənilmiş 62,45 (altmış iki manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4262,45 (dörd min iki yüz altmış iki manat qırx beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh "xxxx" ASCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar