Məhkəmə qərarları › İş №2(004)-4525/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4525/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4525/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2406 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə dəftərxanası vasitəsi ilə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edəb bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbini etiraf edərək bildirmişdir ki, 2406 manat borcu qəbul edir və iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir . İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 311910 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı 1 ədəd “Javel” markalı soyuducunu, 1 ədəd “Javel” markalı paltaryuyan maşınını, 1 ədəd “Galanz” markalı qabyuyan maşınını və 1 ədəd “Hisense” markalı televizoru cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə onun əvəzində müqavilə ilə müəyyən edilən 3606 manat borcu 18 (ay) müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqaviləyə əsasən Cavabdeh iddiaçıya olan borcunu aylıq 200,33 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan satılmış məhsulun təhvil veriməsi haqqında aktdan görünür ki, xx.xx.2017-ci il tarixdə 1 ədəd “Javel” markalı soyuducu, 1 ədəd “Javel” markalı paltaryuyan maşını, 1 ədəd “Galanz” markalı qabyuyan maşını və 1 ədəd “Hisense” markalı televizor Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 3606 manat əsas borcdan 1200 manat ödəniş etmiş, 2406 manat borcu qalmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı borcunun olması barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə görə iddiaçı tərəfindən cavabdehə 1 ədəd “Javel” markalı soyuducu, 1 ədəd “Javel” markalı paltaryuyan maşını, 1 ədəd “Galanz” markalı qabyuyan maşını və 1 ədəd “Hisense” markalı televizor verilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də, müvafiq müqavilə ilə üzərinə düşən öhdəliyi pozmuş, bu günə kimi borc məbləği üzrə 1200 ödəniş etmişdir. Məhkəmə hesab edir ki, borc məbləği tam ödənilmədiyindən və cavabdeh tərəf də bu halı mübahisələndirmədiyindən, borcun hissə-hissə ödənilməsinə razı olduğundan iddia tələbi təmin edilməli, cavabdehdən 2406 manat məbləğində borc pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 2406 manat əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar