Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4527/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “31500 manat borc pulun və 3500 manat mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “31500 manat borc pulun və 3500 manat mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31.500 manat pul, 3500 manat mənəvi zərərin əvəzi və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı 2019-2023-cü illər ərzində Cavabdeh xahişi ilə təsisçisi olduğu hüquqi şəxsin direktoru vəzifəsində işləmişdir. İddiaçı 2021-ci il tarixdə cavabdehin xahişi ilə "xxxx" ASC-dən 3200 manat kredit götürərək cavabdehə vermişdir. 3 gün sonra, yəni 14 fevral 2021-ci il tarixdə iddiaçı cavabdehin xahişi ilə 34000 manat pul vəsaitini də cavabdehə vermişdir. Həmin ilin 10 mart tarixində cavabdehin xahişi ilə 6800 manat pulu cavabdehin ortağı olan Vüqar Qasımova verməsi üçün sonuncunun mühasibi olan Azər adlı şəxsə vermişdir. Covid-19 pandemiyası zamanı cavabdehin xahişi ilə 760 manat pul vəsaitini onun dediyi şəxslərə vermiş, cavabdhein özünə isə şəxsə tələbatlarını ödəmək üçün 400 ABŞ dolları vermişdir. Həmin ilin may ayının sonunda cavabdeh pula ehtiyacı olduğunu bildirərək iddiaçıya məxsus olan avtomobili 17500 manata satmış, yaxın vaxt ərzində yenisini alacağını vəd edərək pulu özünə götürmüşdür. Həmin ilin dekabr ayında iddiaçı kredit olaraq bankdan götürdüyün 5000 manat və əlavə olaraq 1700 manat vəsaiti cavabdehə vermişdir. 27 avqust tarixdə 7650 manat pulu cavabdehin xahişi ilə onun ortağı olan Vüqar adlı şəxsin mühəndisinə vermişdir. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 82400 manat pul vəsaiti verilmişdir. Həmin vəsaitin 50900 manat hissəsi cavabdeh tərəfindən geri qaytarılmış, qalıq 31500 manat hissəsi isə qaytarılmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas şərt lazımdır:
1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.
2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. Məhkəmə qeyd edir ki, tərəflər ortaqlıq şəklində (adi ortaqlıq) sahibkarlıq fəaliyyəti ilə məşğul olması ehtimalı olsa da, subyekt tərkibi baxımından kommersiya münasibətinin olması imperativ tələbi (sahibkarlıq subyekti qismində (hüquqi və ya fiziki şəxs kimi) dövlət qeydiyyatına alınması) yerinə yetirilmir (iddiaçı sahibkarlıq münasibətlərinin subyekti deyildir, fərdi sahibkar statusu yoxdur), bu səbəbdən, mübahisə kommersiya deyil, mülki hüquq mübahisəsidir. Deməli, mülki işin məhkəmə aidiyyatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsidir. Hazırki iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərindədir. İddiaçı tərəfindən iddia tələbinin sübut edilməsi ilə bağlı ümumiyyətlə hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Sübutetmə yükü təşkil edilməmişdir. İddia ərizəsində qeyd edilən xüsusatlar sübuta yetirilmir. Cavabdeh tərəfindən iddia qəbul edilmir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iddiaçı və cavabdehin izahatları əsasında müəyyən edilmişdir ki (audio-video qeydlər mövcuddur), iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda 2021-ci il tarixdə cavabdehə ümumilikdə 30.000 ABŞ dolları borc verilmişdir, həmin borc cavabdeh tərəfindən hissə-hissə olmaqla 2025-ci ilədək tam geri qaytarılmışdır. Yəni, 30.000 ABŞ dolları borcun verilməsi və onun geri qaytarılması mübahisəsiz haldır. Hazırki iddianın predmetini təşkil edən borc məbləğinə dair isə əsaslı sübutlar mövcud deyildir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin heç biri Cavabdeh münasibətdə yerinə yetirilmir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “31500 manat borc pulun və 3500 manat mənəvi zərərin tutulması” tələbinə iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fariz Əlizadə