Məhkəmə qərarları › İş №2(004)-453/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-453/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-453/2021 25.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə 20 noyabr 2014-cü il tarixli 23-M-1-0-847-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsi üzrə 15201,28 ABŞ dolları əsas borc, 7152,84 ABŞ dolları faiz borcu və 474,83 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 22828,95 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini və 20 noyabr 2014-cü il tarixli 23-M-1-0-847-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 məhkəməyə verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini bildirmiş qeyd etmişdir ki, o 19 min ABŞ dolları məbləğində deyil, 15 min ABŞ dolları məbləğində kredit götürmüşdür. Ona məxsus olan mağaza yandıqdan sonra müflis olmuş və ödənişləri edə bilməmişdir. Faiz məbləğlərinin artırıldığını qeyd etmiş və məhkəmədən güzəşt edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin qismən qəbul etdiyini bildirmiş və məhkəmədən iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 20.11.2014-cü il tarixli 23-M-1-0-847-14 saylı bank hesab, kredit, zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, bank müştəriyə bank hesabı açmağı, 19000 ABŞ dolları məbləğində 24 ay müddətinə, illik 22 faiz olmaqla kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada krediti, hesablanacaq faizlərlə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür və zamin Bank qarşısında “Borcalanın” bu müqavilənin 1.2-ci bəndi ilə nəzərdə tutulmuş öhdəliyinin tam icra edilməsi üçün cavabdehdir. Müqavilə borcverən Nikoil İKB ASC, borcalan Cavabdeh4, zaminlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən imzalanmışdır. İş materiallarında olan 20.11.2014-cü il tarixli 23-M-1-0-847-14 saylı bank, hesab, kredit, zaminlik müqaviləsinə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh4 20.12.2014cü il tarixdən 20.11.2016-cı il tarixədək sonuncu ay 985,83 ABŞ dolları olmaqla, aylıq 985,68 ABŞ dolları olmaqla, ümumilikdə 23656,47 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20.11.2014-cü il tarixli kassa məxaric orderinə əsasən müəyyən olunur ki, Cavabdeh4 19000 ABŞ dolları məbləğində pulu Nikoil Bankdan almışdır. İş materiallarında olan 20.04.2015-ci il tarixli 23-M-1-0-847-14 saylı zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zamin Cavabdeh2 20.11.2014-cü il tarixli 23-M-1- 0-847-14 saylı kredit müqaviləsindən və 20.04.2015-ci il tarixli 01 saylı əlavədən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdeh olmuşdur. İş materiallarında olan 20.04.2015-ci il tarixli 23-M-1-0-847-14 saylı bank, kredit, zaminlik müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, kredit müqaviləsi 39 ay müddətinə uzadılmış, Mir-X1 və Cavabdeh1 bank, hesab, kredit, zaminlik müqaviləsinin şərtlərinin dəyişdirilməsinə imzaları ilə təsdiq edərək razılıqlarını bildirmişlər. İş materiallarında olan 20.04.2015-ci il tarixli 23-M-1-0-847-14 saylı bank, hesab, kredit, zaminlik müqaviləsinə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh4 ilk 3 ay güzəşt olunmaqla 34 ay müddətinə, 20.05.2015-ci il tarixdən 20.02.2018-ci il tarixədək hər ay 688,13 ABŞ dolları olmaqla, ümumilikdə 22500,61 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.11.2015-ci il tarixli 23-M-1-0-847-14 saylı bank, hesab, kredit, zaminlik müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh4 ilk 6 ay güzəşt olmaqla 60 ay müddətinə 20.12.2015-ci il tarixdən 20.11.2020-ci il tarixədək hər ay 456,27 ABŞ dolları olmaqla ümumilikdə 26303,23 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.11.2015-ci il tarixli 23-M-1-0-847-14 saylı bank, hesab, kredit, zaminlik müqaviləsinə əlavəyə əsasən müəyyən olunur ki, kredit müqaviləsi 72 ay müddətinə uzadılmış, Mir-X1 bank, kredit, zaminlik müqaviləsinin şərtlərinin dəyişdirilməsinə imzasi ilə təsdiq edərək razılığını bildirmişdir. İş materiallarında olan 25.08.2020-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh4 15201,28 ABŞ dolları əsas borc, 7152,84 ABŞ dolları faiz borc, 474,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 22828,95 ABŞ dolları borcu vardır. İş materiallarında olan 26.08.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh4 xxxx ASC tərəfindən borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 04.05.2021-ci il tarixli 4/87 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş imzalar 23-M-1-0-847-14 saylı, 20.11.2014-cü il tarixli bank, hesab, kredit və zaminlik müqaviləsinə 20.04.2015-ci il tarixli əlavdə “borcalan” qrafasındakı imza, 23-M-1-0-847-14 saylı, 20.11.2014-cü il tarixli bank, hesab, kredit və zaminlik müqaviləsinə 12.11.2015-ci il tarixli əlavədə “borcalan” qrafasındakı imza, 20.11.2014-cü il tarixli kassa məxaric orderində “Təhvil aldım” qrafasındakı imza Cavabdeh4 tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə iddia ərizəsini, iş materiallarını, cavabdehlərin izahatlarını və ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli cavabdehlər Cavabdeh4 və Cavabdeh2 15201,28 ABŞ dolları əsas borc, 7152,84 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 22.454,12 ABŞ dolları borc (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər Cavabdeh4 müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək borcunu tam ödəməmiş və zamin Cavabdeh2 müqavilə üzrə öhdləiklərini yerinə yetirməyərək müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin tam icra edilməsini təmin etməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə Nikoil İKB arasında zaminlik müqaviləsi 20.04.2015-ci il tarixdə bağlanmışdır və zamin Cavabdeh2 kredit müqaviləsinin müddətinin 72 ay müddətinə uzadılmasına razılıq vermişdir. Müqavilənin bitmə tarixi 20.11.2020-ci il tarix olduğundan və zaminlik müqaviləsinə xitam verilmədiyindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi öhdəliyi Cavabdeh4 və Cavabdeh2 üzərinə düşmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh3 ilə bağlanmış zaminlik müqaviləsinin müddəti 20.11.2016-cı il tarixdə bitmişdir və zamin Cavabdeh3 müqavilənin icra müddətinin uzadılması ilə bağlı razılığı iş materiallarında müəyyən edilmədiyindən, Cavabdeh3 ilə bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi borcun Cavabdeh3 tutulması hissəsində rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinin müddəti 20.11.2018-ci il tarixdə bitdiyindən və zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi borcun Cavabdeh1 tutulması hissəsində də rədd edilməlidir. Məhkəmə hesab edir ki, 474,83 ABŞ dolları məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, 20 noyabr 2014-cü il tarixli 23-M-1-0-847-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinin müddəti 20.11.2020-ci il tarixdə bitdiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəyə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 15201,28 ABŞ dolları əsas borc, 7152,84 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmalaq, ümumilikdə 22.454,12 ABŞ dolları borc (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə aparılmış 127 (bir yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar