Məhkəmə qərarları › İş №2(004)-4570/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4570/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4570/2021 29.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 qızının, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə hesablanmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2937,30 manat əsas borc, 2,35 manat faiz borcu olmaqla, ümumilikdə 2939,65 manat, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “ABB Müştəri Xidməti” Departamenti ilə borclu X5 arasında bağlanan BPM**********61 saylı 11.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 3000 manat məbləğdə pul vəsaiti götürmüşdür. Lakin, əldə olunmuş məlumata görə borclu X5 12.09.2019-cu il tarixində vəfat etmişdir. Bakı şəhəri 5 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 miras əmlakına dair vərəsəlik işinə uyğun olaraq arvadı Cavabdeh1 və Cavabdeh2 vərəsə kimi tanınmışlar. 18.06.2021-ci il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş qalan 2937,30 manat əsas, 2,35 manat faiz borcu olmaqla, ümumilikdə 2939,65 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 qızı iddia tələbinin məzmununa uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. (Cavabdeh2 28 iyul 2021-ci il tarixdə saat 19:29-da (050) 988 33 44 mobil nömrəsinə zəng etməklə mülki iş üzrə 29.07.2021-ci il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə baxış iclasında iştirak etməsi barədə məlumat verilmişdir.) Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" ASC ilə X5 arasında bağlanmış BPM**********61 saylı, 11.07.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X4 istehlak məqsədləri üçün 58 ay müddətinə illik 20% ödəmək şərtilə 3000 manat məbləğində kredit limiti ayrılmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş 0536 saylı 18 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, X5 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən borclunun 18 iyun 2021-ci il tarixə 2937,30 manat əsas borc, 2,35 manat faiz borcu, cəmi 2939,65 manat məbləğində borcu vardır. "xxxx" ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 20 iyun 2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca və vaxtında icra edilməyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Qeyd edilənlərə əsasən banka olan bütün borc məbləğini tam olaraq 7 (yeddi) gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 sentyabr 2019-cu il tarixdə “kəskin ürək-damar çatmamazlığı” xəstəliyi səbəbindən ölmüşdür. ünvan 1 ünvanladığı sorğuya cavab məktubundan müəyyən olunur ki, 12.09.2009-cu il tarixdə vəfat etmiş X3 vərəsəlik işi Bakı şəhəri 5 saylı notariat ofisində 16.04.2021-ci ildə 450 nömrə ilə açılmış və vərəsələri xx.xx.1955-ci il təvəllüdlü ünvan 2 ünvanında yaşayan arvadı Cavabdeh1 və ünvan 3nda yaşayan xx.xx.1982-ci il təvəllüdlü qızı Cavabdeh2 vərəsə kimi tanınmışlar Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 03.02.2020-ci il tarixli arayışdan görünür ki, X5 ünvan 4 ünvanında qeydiyyatda olmuşdur. 16.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırmasında müəyyən olundu ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış BPM**********61 saylı, 11.07.2019-cu il tarixli kredit müqaviləsi ilə bank tərəfindən X4 istehlak məqsədləri üçün 58 ay müddətinə illik 20% ödəmək şərtilə 3000 manat məbləğində kredit limiti ayrılmışdır. X5 12.09.2009-cu il tarixdə vəfat etmişdir və Bakı şəhəri 5 saylı notariat ofisində barəsində 16.04.2021-ci ildə 450 nömrə ilə vərəsəlik işi açılmışdır. Cavabdeh1 və Cavabdeh2 vərəsələri kimi tanınmışlar. Cavabdehlər kredit alanın hüquqi varisləri kimi iddiaçı "xxxx" ASC-dən götürülən kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda X3 hüquqi varisləri Cavabdeh1 və Cavabdeh2 banka 2937,30 manat əsas borc, 2,35 manat faiz borcu, cəmi 2939,65 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcalanın hüquqi varisi olaraq bank qarşısında öhdəlikləri yarandığından, "xxxx" ASC ilə X5 arasında bağlanmış BPM**********61 saylı, 11.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın 2937,30 manat əsas borc, 2,35 manat faiz borcu, cəmi 2939,65 manat borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2937.30 (iki min doqquz yüz otuz yeddi manat otuz qəpik) manat məbləğində əsas borc və 2.35 (iki manat otuz beş qəpik) manat faiz borcu olmaqla, cəmi 2939.65 (iki min doqquz yüz otuz doqquz manat altmış beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 30,40 (otuz manat qırx qəpik) manat pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar