Məhkəmə qərarları › İş №2(004)-4585/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4585/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4585/2022 21.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və hesablanmış faiz borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və hesablanmış faiz borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən İddiaçı tələb olunan xx.xx.2006-cı il tarixli 554/06 saylı müqavilə etibarsız hesab edilməsi və 7.956(02) (yeddi min doqquz yüz əlli altı dollar iki sent) ABŞ dolları məbləğində borcun və ödənilmiş 132 (yüz otuz iki) manat məbləğində dövlət rüsumunun Cavabdeh QSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il Cavabdeh QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X4 Edilməsi Aqentliyi” MMC Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xahiş etmişdir ki, onunla bağlanmış xx.xx.2006-cı il tarixli 554/06 saylı kredit müqaviləsi üzrə 7.956,02 yeddi min doqquz yüz əlli altı dollar iki sent) ABŞ dolları faiz borcu qalmış və bu səbəbdən faiz borcu tutularaq onların xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. Qaldırılan iddia absurddur. Belə ki, Azərbaycan Respublikası DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsində Beynəlxalq Bankla bağlı cinayət işi başlanmış və iddiaçının imzanın nümünəsi ğötürülərək ekspertizaya təqdim olunmuş və imzanın saxta olduğu müəyyən edilmişdir. Eyni zamanda Yasamal rayon məhkəməsində də yenidən imza nümunələri götürülmüş və məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna Azərbaycan Respublikası DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsindən cavab məktubuna və məktuba əlavə olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2016-cı il tarixli rəyinin təsdiq olunmuş surətinə əsasən müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdir ki, bankın Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində ‘Borc alan’ qrafasında imzalar, həmin filiala yazılmış ərizədə Əliyeva soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları məbləğində pulun götürülməsi barədə məxaric kassa orderində ‘Borc alan’ sözünün qarşısındakı imza İddiaçı tərəfindən deyil, filialın kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X2 tərəfindən icra olunmuşdur. Bütün sadalananlara baxmayaraq cavabdeh tərəf hadisələrdən nəticə çıxarmayaraq qanunsuz saxta əsas və faiz borcunu silinməmiş saxlamışdır, bu isə ona öz növbəsində bir vətəndaş olaraq problem yaradaraq hüquqlarını pozmuşdur, yəni hər hansı bir Banka kredit verilməsi ilə bağlı müraciət ertsə də bank sistemində borclu şəxs kimi ifadə olunur. Hesab edir ki, bu haqsızlığa son qoyulmalı və adında olan borc məbləği məhkəmə qətnaməsi ilə silinməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh QSC BOKT-un nümayəndəsi X1 08 sentyabr tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etmədiklərini bildirmişdir. Cavabdeh QSC BOKT “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə 20 sentyabr 2022-ci il tarixli 3-11/2615 saylı məktub ünvanlayaraq bildirmişdir ki, mülki işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(004)-462/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı faiz borcu üzrə 7.956(02) (yeddi min doqquz yüz əlli altı dollar iki sent) ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7.956(02) (yeddi min doqquz yüz əlli altı dollar iki sent) ABŞ dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30(otuz) manat dövlət rüsumunun tutulub ödənilməsi barədə Cavabdeh QSC-nin iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8286/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-462/2020 saylı 27 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-462/2020 saylı 27 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2006-cü il tarixli 554/06 nömrəli kredit müqaviləsinin surətindən görünür ki,"xxxx" ASC tərəfindən İddiaçı illik 15% ,12 ay müddətinə qaytarmaq şərtilə 101025 ABŞ dolları manat məbləğində kredit verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2016-ci il tarixli 7040 saylı ekspert rəyində qeyd olunur ki, 11,04.2016-cı il tafixli 7040 nömrəli rəyinin təsdiq olunmuş surətinə əsasən müəyyən olunur, ki, İddiaçı ilə bankın Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Əliyeva” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderində “Borc alan” sözünün qarşısındakı imza İddiaçı tərəfindən deyil, filialın kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X2 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.6-cı maddəsinə görə, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(004)- 462/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh QSC-nin adından çıxış edən onun törəmə müəssisəsi olan “X4 edilməsi Agentliyi” MMC-nin cavabdeh İddiaçı faiz borcu üzrə 7.956(02) (yeddi min doqquz yüz əlli altı dollar iki sent) ABŞ dolları dolları olmaqla, cəmi faiz borcu üzrə 7.956(02) (yeddi min doqquz yüz əlli altı dollar iki sent) ABŞ dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30(otuz) manat dövlət rüsumunun tutulub ödənilməsi barədə "Aqrarkredit QSC-nin iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, müqavilənin bağlanması zamanı imzalar İddiaçı məxsus olmamışdır. Bu hallar məhkəmə tərəfindən araşdırıldığından hazırki mülki iş üzrə yenidən araşdırılmasına zərurət yoxdur. Göründüyü kimi, 07 iyul 2006-cı il tarixli 554/06 saylı kredit müqaviləsinin İddiaçı tərəfindən imzalanmaması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8286/2020 saylı xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilmişdir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir və bank tərəfindən iddiaçıya kredit müqaviləsi üzrə borcun verilməməsi işin mübahisəsiz halıdır. İddiaçının adına kredit sistemində borcunun göstərilməsi onun hüquqlarını pozur və gələcəkdə hər hansı bankdan kredit götürməsinə maneçilik yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininnin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 07 iyul 2006-cı il tarixli 554/06 saylı kredit müqaviləsi etibarsız hesab edilməli, 07 iyul 2006-cı il tarixli 554/06 saylı kredit müqaviləsi üzrə İddiaçı adına hesablanmış 7956,02 (yeddi min doqquz yüz əlli altı dollar iki sent) ABŞ dolları məbləğində faiz borcunun silinməsi öhdəliyi cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 132 (yüz otuz iki) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından tutularaq İddiaçı xeyrinə ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 07 iyul 2006-cı il tarixli 554/06 saylı kredit müqaviləsi etibarsız hesab edilsin. 07 iyul 2006-cı il tarixli 554/06 saylı kredit müqaviləsi üzrə İddiaçı adına hesablanmış 7956,02 (yeddi min doqquz yüz əlli altı dollar iki sent) ABŞ dolları məbləğində faiz borcunun silinməsi öhdəliyi cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulsun. Ödənilmiş 132 (yüz otuz iki) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar