Məhkəmə qərarları › İş №2(004)-4649/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4649/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4649/2021 24.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «RabitəBank” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27.12.2019-cu il tarixli nzaz10014_KMP nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 3745,01 (üç min yeddi yüz qırx beş manat bir qəpik) manat, faiz borcuna görə 2,2 (iki manat iyirmi qəpik),dəbbə borcuna görə 0(sıfır) manat, cəmi 3747,21 (üç min yeddi yüz qırx yeddi manat, iyirmi bir qəpik) manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27.12.2019-cu il tarixli nzaz10014_KMP nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 3728,11 manat, faiz borcuna görə 8,66 manat, cəmi 3736,77 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 27.12.2019-cu il ərizə-anketə əsasən müəyyən olunur ki, Cavabdeh1 3855,49 manat məbləğində kredit verilməsi üçün «RabitəBank” ASC-yə müraciət etmişdir. İş materiallarında olan «RabitəBank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.12.2019-cu il tarixli nzaz10014_KMP nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank müştəriyə 28.08.2013-cü il tarixli, nzaz10014 saylı kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədiylə kredit verməyi, müştəri isə kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 27.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh1 faizi ilə birlikdə 3974,29 manat məbləğində pulu 60 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan «RabitəBank” ASC ilə Cavabdeh2 arasında bağlanmış 27.12.2019-cu il tarixli nzan10014_KMP nömrəli zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zamin Cavabdeh2 Cavabdeh1 ilə bank arasında bağlanmış nzaz10014_KMP saylı 27.12.2019-cu il tarixli istehlak krediti müqaviləsinə əsasən kredit almış borcalanın bank qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 18.08.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Həsənov Maarif Abas oğlunun 27.12.2019-cu il tarixli nzaz10014_KMP nömrəli kredit müqaviləsi üzrə 3728,11 manat əsas, 8,66 manat faiz borcu olmaqla cəmi 3736,77 manat məbləğində borcu vardır. İş materiallarında olan bildirişlərə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, müqavilə üzə krediti Cavabdeh1 vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini qismən yerinə yetirmiş, borcunu tam və vaxtında ödəməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh2 isə zaminlik müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək əsasən kredit almış borcalanın bank qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsini təmin etməmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 27.12.2019-cu il tarixli nzaz10014_KMP nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 3728,11 manat, faiz borcuna görə 8,66 manat, cəmi 3736,77 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçı «RabitəBank” ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçı «RabitəBank” ASC-yə ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27.12.2019-cu il tarixli nzaz10014_KMP nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 3728,11 manat, faiz borcuna görə 8,66 manat, cəmi 3766,77 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar