Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4661/2024 09.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: delikt) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı " pul " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o və ailə üzvlərinin istirahətinin kobud surətdə pozulması ilə nəticələnən Monteneqro səyahətində dəymiş maddi ziyanı 3530 Avro bu günkü Mərkəzi Bankın məzənnəsi ilə 6530 manatı “Atlas Travel” turizm şirkətindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birgə yay tətilinə getmək üçün “Atlas Travel” turizm şirkətinin əməkdaşı Səbinə xanımla ənənəvi olaraq danışıqlarda Monteneqroda otellərin təklifini Səbinə xanıma votsap vasitəsi ilə təqdim etmişdir. Səbinə xanım təklif edilən otellərin içində Monteneqroda yerləşən “Obala Aura” 4 ulduzlu otel üçün 3530 avro qiymət verdi. O, Səbinə xanıma inanaraq rezerv etmək üçün ilkin ödəniş etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə “Atlas Travel” turizm şirkətinin yuxarıda qeyd edilən ünvanına gəldi. İlkin ödəniş etmədən əvvəl Səbinə xanımın oturduğu masanın kompüter ekranında birgə Monteneqroda yerləşən “Obala Aura” 4 ulduzlu otelin görüntülərinə baxdılar və Səbinə xanım ona bu otel yerləşən “Obala Aura” 4 ulduzlu oteldə dörd nəfərlik ailə üzvləri daxil olmaqla, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arası təyyarə biletləri, səyahət sığortası, transferlər, 2 yataq otağı olmaqla, oteldə yer, səhər yeməyi daxil toplam olaraq 3530 avro razılaşdılar və o, ilkin olaraq 1937 manat ödəməklə qeyd edilən şərtlərlə tur almağa razılığa gəldilər. Digər ödəniş xx.xx.2024-cü il tarixdə 3948 manat “Atlas Travel” turizm şirkətinin ofisində ödənilmişdir və qalıq 400 avro qalmışdır. 400 avro qalıq isə xx.xx.2024-cü il tarixdə Səbinə xanımın razılığı ilə Elşad Ramazanovun adına olan 5239 .... .... 5777 nömrəli avro kart hesabına ödənilmişdir. xx.xx.2024-cü il tarixdə ailəsilə birgə Monteneqroya gəldi, amma əfsuslar olsun ki, onları yuxarıda qeyd elədiyi və razılaşdıqları sahil zolağında yerləşən oteldən təxminən 1 km aralıqda olan mənzilə məcbur yerləşdirdilər, mənzildə kanalizasiya tutulması olduğu üçün üfunət iyindən mənzilə girmək mümkün deyildi, etirazlarını bildirsələr də, otelə köçürülmədilər və yorğun şəkildə onları istidə yeriyərək 1 km-dən uzaq olan “Obala Aura” 3 ulduzlu otelə gətirdilər. Oteldə ona bildirildi ki, sizin rezervinizi edən şirkətə etirazınızı bildirin, pulu kimə ödəmisinizsə, onlardan tələb edin. O da çətinliklə “wi-fi” taparaq Səbinə xanımın votsap nömrəsini yığdı və baş verənlərlə bağlı etirazını bildirdi. Əfsuslar olsun ki, Səbinə xanım etirazları qəbul etmədi və üstəlik bildirdi: “mənə etiraz etməkdənsə, xahiş edin görək neyləyə bilirik”. O nə qədər başa salmağa çalışsa da onlar belə danışmamışdılar, ayıbdır, onu və onun işlədiyi şirkətə uzun illərdir ancaq xeyir vermişdir, onu ailəsinin yanında qərib ölkədə rüsvay etməyi, amma əfsuslar olsun ki, Səbinə xanımdan gözləmədiyi cavabı eşitdi: “Biz sizin otağınızı dəyişə bilmərik və ödədiyiniz pullar da sizə qaytarıla bilməz!” Bu hadisədən sonra məyus olub ailə üzvlərinə izah etdi ki, onları uzun illər tanıdıqları və etibar etdikləri “Atlas Travel” turizm şirkəti etibarlarından sui-istifadə edərək aldadıb. Çıxış yolu yalnız otel rəhbərliyindən xahiş etməkdir ki, kanalizasiya qoxusunu təmir etsinlər, əfsuslar olsun ki, yalnız təmizlik personalı göndərdilər və o da bildirdi ki, bu kanalizasiya borusundan gələn qoxudur, təmizləməklə həll olunan məsələ deyil. Beləcə məcbur həmin mənzildə qalası oldular, çalışırdılar ki, ancaq yatmağa gəlsinlər, hər tərəfi açırdılar ki, nisbətən qoxu iyi azalsın. Hər tərəf açıq olduğu üçün kondisioner işlədə bildirdilər, eləcə də otaqda TV kanallarının heç biri işləmirdi. Başlarına gələn xoşagəlməz hadisəni xx.xx.2024-cü il tarixdə “Atlas Travel” turizm şirkətinin ünvanına ərizə şəklində yazıb göndərmişdir, amma əfsuslar olsun ki, bu günə qədər heç bir cavab və əlaqə saxlayan olmamışdır. “Atlas Travel” turizm şirkəti etibarından sui-istifadə edərək Azərbaycan Respublikası istehlak hüquqlarını kobud surətdə pozmuşdur.
3. Cavabdeh iddia ərizəsinə etirazla bağlı ərizə ünvanlayaraq iddianın təmin edilməməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı səyahətə getməmişdən qısa müddət əvvəl “Whatsapp” tətbiqi vasitəsilə Cavabdeh MMC-nin əməkdaşına müraciət edərək, link vasitəsilə göndərdiyi “Obala AURA” otelinə 7 (yeddi) günlük tur almasını xahiş etmişdir. Cavabdeh MMC-nin əməkdaşı İddiaçı öz şəxsi istəyinə və seçiminə uyğun olaraq, onlara link vasitəsilə göndərdiyi və getmək istədiyi “OBALA AURA” ya müvafiq qaydada tur alaraq, səyəhətə getmək istəyini reallaşdırmışdır. İddiaçı və ailə üzvləri xx.xx.2024-cü ildə qeyd olunan ölkəyə getmiş, lazımı qaydada qarşılanmış, bütün lazımı xidmətlər göstərilmiş, Obala Aura” otelinə yerləşdirilmiş, tur müddətində qida ilə təmin olunmuşdur. Lakin, buna baxmayaraq, iddiaçı ailəsi ilə gedib istirahət etdib qayıtdıqdan sonra, səyahətdən narazı qaldığını bildirmiş, tur üçün ödədiyi məbləğin ona geri qaytarılmasını istəmişdir. İddiaçının əsas gətirdiyi arqumentlər ondan ibarəıtdir ki, onlar oteldə yox, başqa bina evinə yerləşdirilmişdir, həmçinin onun getdiyi otel 4 ulduzlu yox, 3 ulduzlu imiş. Həmçinin, iddiaçı qeyd edir ki, onun qaldığı oteldə sanuzel hissəsində texniki nasazlıq var idi və bu onu narahat etdiyi üçün onun ödədiyi məbləğ ona geri ödənilməlidir. İddiaçının qeyd etdiyi hallarla əlaqədar olaraq bildirmək istəyirik ki, müştəri hər hansı bina evində yox, özünün seçdiyi apartemant tipli “Obala Aura” adlı 4 ulduzlu oteldə qalmışdır, hesab edirəm ki, iddiaçının “Obala AURA” adlı apartemant tipli oteli, çoxmərtəbəli yaşayış binası kimi təqdim etməsinin heç bir hüquqi, məntiqi əsası əsası yoxdur. Belə ki, sözügedən otelin yerləşdiyi ərazi dəniz sahilində yerləşən turizm ərazidir, orada hər hansı yaşayış binası yerləşmir. Həmin ərazidə yaşayış binasının yerləşməməsini Açıq internet mənbələrindən əldə olunan məlumatlar, həmçinin iddiaçının da həmin ərazidə çəkdiyini iddia etdiyi video çəkilişdə özünün də etiraf etdiyi açıq məlum olur. Həmçinin bildirirlər ki, iddiaçının qeyd etdiyi kimi sanuzeldə texniki nazaslığın olması mücərrəd, absurd, heç bir hüquqi əsası olmayan iddiadır. Sözügedən nazaslığın əmələ gəlməsinə müştərinin öznün və ya müştəridən əvvəl həmin oteldə qalmış müştərinin səbəb-olub olmamasını müəyyənləşdirmək mümkün deyildir, ümumiyyətlə belə bir nasazlığın olmasına dair müştəri tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Hər bir halda minlərlə kilometr uzaqlıqda başqa ölkədəki otelin sanuzelində olan texniki səbəbə görə Cavabdeh MMC-nin səbəb olması heç bir əsası olmayan iddiadır və nəzərə almaq lazımdır ki, həmin otelin iddiaçıya alınmasını iddiaçı özü xahiş etmişdir və buna görə cavabdehə ödənilən ödənişin geri qaytarılması heç bir məntiqə sığmır. Açıq mənbələrdən (internet vasitəslərindən) əldə olunan məlumatlar, həmçinin təqdim olunan vaucerslərdən də göründüyü kimi Obala AUra oteli 4 ulduzludur, və iddiaçının iddia etdiyi kimi 3 ulduzlu otel deyildir. Qeyd edək ki, "xxxx" MMC iddiaçının özünün tapıb seçdiyi, alınmasını istədiyi otelə müvafiq qaydada tur əldə edərək onu və ailəsini aviareys ilə Monteneqroya yola salmış, orada iddiaçının da qeyd etdiyi kimi müvafiq qaydada qaydada qarşılaşmışlar, otelə yerləşdirmişlər, qida ilə təmin etmişlər. Qeyd olunanlardan da göründüyü kimi "xxxx" MMC və əməkdaşları özünün üzərinə götürdüyü öhdəlikləri tamamilə və vicdanla yerinə yetirmiş və bunun nəticəsində müştəri öz istirahətini həyata keçirmişdir. Yuxarıda bütün qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçı qeyd etdiyi hallara dair hər hansı sübut təmin etməmiş, yalnız formal mülahizələrə əsaslanaraq iddia irəli sürmüşdür. Cavabdeh tərəfindən isə iddiaçının qeyd etdiyi halların əksi məhkəmə iclasında təqdim olunan sübutlarla sübuta yetirilir
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, tələbini qəbul etmirlər. İddiaçı özünün bildirdiyi kimi, cavabdehə 3 otel təqdim etmişdir və həmin otellərin birində, 2 yataq otağından ibarət bir yer istəmişdir. Cavabdeh iddiaçıya lazımı xidmətləri göstərərək gedişini və gəlişini, yaşayış sahəsi ilə təmin olunmasını həyata keçirmişdir. İddiaçının da bildirdiyi kimi cavabdeh və ailəsi oteldə səhər yeməyi yemiş və qaldıqları yer otelin əməkdaşları tərəfindən təmizlənmişdir. Bu hal da onu göstərir ki, həmin apartman otelin tərkibindədi. Dəniz məsələsinə qaldıqda isə bildirirəm ki, otellər orada olan qonaqların təhlükəsizliyi üçün dəniz sərhədində yox, müəyyən məsafə aralığında yerləşir.
III.Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. 1088628 nömrəli çıxarışa (voucher) əsasən turistlər İddiaçı, Bağırova Səbinə, Bağırzadə Mansur, Bağırzadı Məhəmmədəli üçün Monteneqro şəhərində xx.xx.2024xx.xx.2024-cü il tarixləri aralığında “Obala Aura 4*” oteldə 2 yataqotaqlı nömrə “Atlas Travel” tərəfindən sifariş olunmuşdur.
9. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək Azərbaycan Respublikası istehlak hüquqlarının kobud surətdə pozulmasını və eləcə də ona və ailə üzvlərinin istifarəht zamanı əsəblərinin pozulmasını nəzərə alaraq onlara dəymiş maddi ziyanı 1036 avro və mənəvi 2000 manat ziyan olmaqla, toplam 3850 manat ödənilməsini xahiş etmişdir.
10. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin göstərdiyi turizm xidmətlərindən istifadə edərək Monteneqroda yerləşən Obala Aura 4* otelinə 4 nəfər ailə üzvü daxil olmaqla, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arası təyyarə biletləri, səyahət sığortası, transferlər, 2 yataq otağı olmaqla oteldə yer və səhər yeməyi daxil ümumilikdə 3530 Avro pul ödəmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona ayrılmış otelin keyfiyyətlərindən narazı qalaraq, Obala Aura 4* otelinin ümumiyyətlə olmadığını, onun apartmant tipli mənzildə qaldığını, mənzildəki şəraitinin otel standartlarına cavab vermədiyini, həmçinin onun dənizin sahil zolağında yerləşmədiyini iddia edərək, ödədiyi məbləğin cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaçının razılaşdığı oteldən ona yer ayrıldığını, iddiaçının otelin xidmətlərindən istifadə etdiyini bildirərək iddianın əsassız olduğunu bildirir.
12. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
15. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
16. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
17. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
18. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;
2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;
3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
21. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
22. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.
23. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.
24. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
25. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İşin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir.
26. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olduğunu sübut etmək ilk növbədə iddiaçının üzərinə düşür. İddiaçı qaldığı yerin Obala Aura 4 * olmadığını iddia etsə də, məhkəmə iclaslarında internet üzərindən göstərilmiş şəkillərdə iddiaçının məhz qaldığı yerin inernetdə yerləşdirilmiş şəkilə uyğun gəldiyi, iddiaçıya təqdim olunan vauçerdə onun məhz “apartmant” tipli otel olduğunun qeyd edildiyi müəyyən edilmişdir.
27. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
30. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
31. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).
33. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
34. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
35. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil