Məhkəmə qərarları › İş №2(004)-4683/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4683/2022

29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4683/2022 29.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması" tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sabit pul məbləği olaraq hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2009-cu il tarixli 676 nömrəli nikah qeydi Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2012ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 onan yanında saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra o, cavabdehdən uşaqların saxlanması üçün onun xeyrinə aliment tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1833/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4337/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilib övladlarının saxlanmaları üçün Cavabdeh hər ay gəlirinin 1/3 hissəsində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin bu vəsait aylıq olaraq hər uşağa 25 manat təşkil edir. Halbuki 2022-2023-cü il tədris ili sentyabr ayında başlayır, uşaqların hər biri üçün adi məktəb çantası ən azı 50 manat təşkil edir. İlkin məhkəmə araşdırması zamanı cavabdehin iş yeri tam ştat olduğu halda, işə apellyasiya məhkəməsində baxılarkən cavabdeh qərəzli və bilərəkdən iş rejimini yarımştata çevirmiş və minimum əmək haqqı olaraq məvacibini 150 manat kimi qeydə aldırmışdır. Halbuki həmin vəsait heç kəsin övladının saxlanmasına yetməz. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı həmçinin uzun müddətdir bərbər işlədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 izahatında bildirmişdir ki, qanunvericiliyin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcu olduğundan və uşaqlar atanın himayəsində qaldığından cavabdehin borcudur ki, uşaqların saxlanmasında iddiaçıya köməklik göstərsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4337/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay gəlirinin 1/3 hissəsində alimentin tutulması qət edilsə də sözügedən məbləğ uşaqların yaxşı həyat şəraitində saxlanmaları üçün kifayət etmir. Bundan başqa Bakı şəhərində yaşayış xərclərinin rayonlara nisbətdə daha yüksək olmasını və uşaqların digər yaşıdlarından geri qalmaması üçün hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Bundan başqa qeyd edir ki, uşaqlar birgə nikah dövründə yaşları az olmuş, hazırda isə böyüdüklərindən xərcləri də artmışdır, həmçinin uşaqlar hazırlıqlara gedirlər və onların hazırlıq, yol xərcləri də qarşılanmalıdır. Cavabdeh nikah dövründə işləməsə də uşaqları məktəbə özü aparıb-gətirir və onların qayğısına qalırdı, bu isə əlavə xərc tələb etmirdi. İndi isə nikah pozulmuş olduğundan və tərəflər ayrı-ayrılıqda təsərrüfat apardıqlarından cavabdehin borcudur ki, uşaqların zəruri tələbatlarının qarşılanması üçün iddiaçıya köməklik göstərsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, onun əmək haqqı 150 manat təşkil edir, ali təhsili yoxdur və natamam orta təhsillidir. Ona görə də iş tapmaq onun üçün çətindir. Onun əmək haqqı heç vaxt 300 manat olmamışdır. Bu səbəbdən iddiaçının tələb etdiyi məbləği ödəməyə onun imkanı çatmır. Lakin aylıq qazancının 1/3 hissəsində aliment ödəməyə razıdır və imtina etmir, sadəcə bundan artıq ödəniş etməyə imkanı çatmır. Bundan başqa iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir, belə ki, o, uşaqları ilə ana kimi daima maraqlanır, lakin iddiaçı ona övladları ilə görüşməsinə maneçilik yaradır. Belə olduğu təqdirdə övladlarının onun himayəsinə verilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətindədir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, hazırki işin mahiyyəti ilə bağlı olaraq Sumqayıt şəhər Məhkəməsinin 09 avqust 2019-cu il tarixli 2(060)-5810/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi vardır ki, həmin qətnaməyə əsasən iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 atanın yanında saxlanılması qət edilmişdir. Qətnamədən həmçinin görünür ki, Cavabdeh məhkəməyə notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizə təqdim edərək nikah pozulduqdan sonra uşaqlarının atasının himayəsində qalmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı isə xx.xx.2019-cu il tarixli ərizə təqdim edərək Cavabdeh qarşı heç bir aliment tələbinin olmadığını bildirmişdir. Odur ki, məhkəmə iddiaçının aliment tələbinin olmamasını, iddiaçının uşaqlarını təmin etmək iqtidarında olduğunu nəzərə alaraq uşaqların saxlanması üçün aliment müəyyən etməmişdir. Belə ki, Sumqayıt şəhər Məhkəməsi tərəfindən 2019-cu ilin avqust ayında tərəflər arasında nikah pozularkən iddiaçı bərbər işləmiş, hal-hazırda da həmin fəaliyyətlə məşğul olmaqla onun maddi vəziyyətində heç bir dəyişiklik olmamış və maddi vəziyyəti pisləşməmişdir. Halbuki tərəflər birgə nikahda olduğu müddətdə Cavabdeh evdar qadın olmaqla heç bir yerdə işləməmiş və ailənin bütün maddi xərclərini iddiaçı ödəmişdir. Yasamal Rayon Məhkəməsi tərəfindən iddiaçının aliment tələbinə baxılarkən məhkəmə tərəfindən bu hal nəzərə alınmayaraq tələbin təmin edilməsinə dair qətnamə qəbul edilmişdir. Bundan başqa cavabdehlə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsi və həmin MMC-nin verdiyi 06 sentyabr 2022-ci il tarixli 04 saylı arayışdan aydın olur ki, cavabdeh 01 oktyabr 2021-ci il tarixdən hazıradək müəssisədə yarım ştat olaraq tikişçi vəzifəsində işləyir və əmək haqqı 150 (bir yüz əlli) manat təşkil edir. Qeyd olunandan başqa onun digər gəliri və qazancı yoxdur. Odur ki, cavabdehin maddi vəziyyəti nəzərə alınaraq uşaqların saxlanması üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment ödəməyə onun faktiki imkanı yoxdur. Buna baxmayaraq cavabdeh öz uşaqlarının saxlanılması üçün həmin əmək haqqından belə qanuna müvafiq olaraq aliment tutulub iddiaçıya ödənilməsinə etiraz etmir. O, həmçinin qeyd etmişdir ki, tərəflər boşandıqdan sonra cavabdeh valideynlərinə sığınmış və onlarla birgə yaşayır, valideynlərinin də maddi durumu çox aşağıdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4337/2022 saylı qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, övladları yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay cavabdehin gəlirinin 1/3 hissəsində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Buna baxmayaraq həmin vəsaiti ödəməyə çətinlik çəkdiyindən icra sənədi üzrə borcu qalmaqdadır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Sumqayıt şəhər Məhkəməsinin 09 avqust 2019-cu il tarixli 2(060)-5810/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən tərəflərin nikahı pozulduqdan sonra iki övladı - xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək İddiaçı himayəsinə verilmişdir. Həmçinin qətnamədən müəyyən edilir ki, İddiaçı yetkinlik yaşına çatmayan övladlarının maddi ehtiyaclarını təmin etmək iqtidarında olmasını əsas gətirərək aliment tələbinin olmadığını bəyan etmişdir. İşin faktiki hallarından müəyyən edilmişdir ki, o, həmin vaxt bərbər işləmişdir. Daha sonra İddiaçı Cavabdeh qarşı hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulması tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və iddia tələbi qismən təmin edilərək, hər ay hər uşağa görə 150 manat olmaqla, 300 (üç yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması və tutmanın xx.xx.2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4337/2022 saylı qətnaməsinə əsasən qismən təmin edilmiş və cavabdehdən hər ay gəlirinin 1/3 hissəsində alimentin iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 4337/2022 saylı qətnaməsinin qəbul edilməsindən 1 ay 14 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı yenidən eyni məzmunlu tələblə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4337/2022 saylı qətnaməsindən və cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 06 sentyabr 2022-ci il tarixli 04 nömrəli arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də yarım ştat tikişçi işləyir və əmək haqqı 150 (bir yüz əlli) manat təşkil edir. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı özü hazırda da bərbər kimi fəaliyyət göstərir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etmişdir. Hazırda iddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment hazırda yetərli deyil və uşaqların gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, tərəflər birgə nikahda olduqları müddətdə cavabdehin maddi ehtiyacları məhz iddiaçı tərəfindən təmin edilmişdir. Belə ki, cavabdeh evdar qadın olmaqla əmək fəaliyyəti ilə məşğul olmamış və qazanc əldə etməmişdir. İddiaçı isə hazırda olduğu kimi birgə nikah dövründə də bərbər fəaliyyəti ilə məşğul olmaqla ailəsinin, o cümlədən övladlarının maddi ehtiyaclarını təmin etmişdir. Göründüyü kimi, iddiaçı və onun himayəsində qalan yetkinlik yaşına çatmayan övladlarının maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Bunun əksinə olaraq cavabdehin nikah pozulduqdan sonra maddi təminatı aradan qalxmış, hazırda isə onun aylıq qazancı 150 manat təşkil edir ki, həmin məbləğin də 1/3 hissəsi övladlarının saxlanılması üçün aliment qismində tutularaq iddiaçıya ödənilir. Cavabdehin əlavə gəlir və qazanc yeri yoxdur. Tərəflər boşandıqdan sonra cavabdeh valideynləri ilə birlikdə yaşayır və valideynlərinin də maddi durumu aşağıdır. Dolayısı ilə gələcəkdə artıq məbləğdə alimentin tutulması faktiki olaraq cavabdehin vəziyyətini daha da ağırlaşdırmaqla, onun yaşaması üçün maddi cəhətdən təminatsız qalması, yəni yaşayış minimumundan tam məhrum olması ilə nəticələnə bilər. Məhkəmə həmçinin nəzərə alır ki, yetkinlik yaşına çatmayan övladlarının təminatı birgə nikah dövründə olduğu kimi hazırda da onların himayəsində olduqları iddiaçı tərəfindən qarşılandığı üçün, cavabdehdən tutulan alimentin məbləğinin hər bir uşaq üçün yaşayış minimumundan az olması onların mənafeyinə zərər yetirmir. Bundan başqa məhkəmə istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləməlidir. Belə ki, gələcəkdə yerinə yetirilməsi real olaraq mümkün olmayan aliment miqdarının müəyyən edilməsi həm də qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Bu baxımdan məhkəmə, cavabdehin üzərinə yerinə yetirilməsi qeyri-mümkün olan öhdəliyin müəyyən edilməsini qanunazidd hal hesab edir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsinin əsası tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bu dəyişikliklər özünü tərəflərin birinin səhhəti, ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Məhkəmələr isə yalnız təqdim edilmiş sübutlar əsasında araşdırma aparır. Bu sübutları təqdim etmək mülki iş üzrə tərəflərin vəzifəsidir. Buna uyğun olaraq mülki iş materiallarından müəyyən edilir ki, cavabdehin maddi vəziyyətinin dəyişməsi ilə əlaqədar mülki iş materialarında heç bir sübut mövcud deyildir. Eləcə də, eyni məzmunlu mübahisəyə artıq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4337/2022 saylı qətnaməsi ilə işə mahiyyəti üzrə baxılmış, həmin qətnamənin qəbul edilməsindən keçən bir ay müddət ərzində isə tərəflərin hər hansı birinin maddi və ya ailə vəziyyətində dəyişiklik olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması"na dair iddia tələbi rədd olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar