Məhkəmə qərarları › İş №2(004)-4690/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4690/2021

11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4690/2021 11.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 5424 manat vurulmuş zərər və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış 07.11.2017-ci il tarixli AL-1720 saylı “X2” əsasında lizinqə verilmiş “Ravon Nexia” R3 minik markalı, 90 - PL - 824 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh1 istifadəsinə verilmişdir. Digər Cavabdeh2 həmin sürücünü iddiaçı ilə tanış etmişdir və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh1 avtomaşını idarə edərkən 16.11.2020-ci il tarixdə saat 17:10-da Saray-Novxanı yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmişdir və 17.11.2020-ci il tarixli inzibati tənbeh vermə qərarına əsasən tənbeh verilmişdir. Cavabdeh1 hərəkətləri nəticəsində avtomaşına 3939 manat zərər dəymişdir, həmin zərərin aradan qaldırılması üçün xərclər isə 1485 manatdır. Həmin məbləği sonuncu ödəməkdən imtina etmişdir. Digər Cavabdeh2 şifahi öhdəliklərindən imtina edərək bu məbləği ödəməkdən imtina edir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, icarə müqaviləsi bağlanarkən Cavabdeh1 900 manat depozitə pul ödəmiş və nəqliyyat vasitəsinə zərər dəyməsi halında həmin məbləğin zərər məbləğindən çıxılması müqavilədə nəzərdə tutulmuşdur. Odur ki, məhkəmədən bu halın və real zərər məbləğinin nəzərə alınmasını və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir, lakin iddiaçı və Cavabdeh2 məhkəməyə gəlməmişlər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının iştirakı olmadan baxılmasını və təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materaillarında olan 07.11.2017-ci il tarixli AD110475 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Ravon Nexia” R3 minik markalı, 90 - PL - 824 dövlət qeydiyyat nişanlı avttomobil "xxxx" MMC-nin mülkiyyətindədir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 07.11.2017-ci il tarixli AL-1720 saylı X2nə əsasən “Ravon Nexia” R3 minik markalı, 90 - PL - 824 dövlət qeydiyyat nişanllı avttomobil İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. X2nin 18.1-ci maddəsinə əsasən, müqavilə müddəti bitdikdən, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçə bilər. İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 5 noyabr 2020-ci il tarixli 18 nömrəli icarə müqaviləsinə əsasən, “Ravon Nexia” R3 minik markalı, 90 - PL - 824 dövlət qeydiyyat nişanllı avttomobil sonuncuya icarəyə verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 900 manat depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verən şəxsə təhvil verərəkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalğını ödəməlidir və ya depozit məbləğindən verməlidir. "xxxx" MMC tərəfindən POA********** nömrəli etibarnamə əsasında Cavabdeh1 “Ravon Nexia” R3 minik markalı, 90 - PL - 824 dövlət qeydiyyat nişanlı avtomobili 05.11.2020-ci il tarixdən 07.12.2020-ci il tarixədək idarə etmə səahiyyəti verilmişdir. Abşeron RPİ DYPŞ-nin 17.11.2020-ci il tarixli TP4047169 saylı inzibati tənbeh vermə qərarından müəyyən edilir ki, Cavabdeh1 16.11.2020-ci il tarixdə, saat 17:10-da Saray- Novxanı yolunda “Ravon Nexia” R3 minik markalı, 90 - PL - 824 dövlət qeydiyyat nişanlı avttomobili idarə edərkən yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmiş, nəticədə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətmişdir. Cavabdeh1 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Abşeron RPİ DYPŞ-nin İXP3633137 saylı arayışından müəyyən edilir ki, Cavabdeh1 16.11.2020-ci il tarixdə, saat 17:10-da Saray-Novxanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ravon Nexia” R3 minik markalı, 90 - PL - 824 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəi əzilmiş və nəticədə avtomobilə maddi zərər dəymişdir. RS Avtoservis tərəfindən təqdim edilmiş dəymiş zərərin hesablanmasına dair akta əsasən “Ravon Nexia” R3 minik markalı, 90 - PL - 824 dövlət qeydiyyat nişanlı avttomobilin hadisə nəticəsində zədələnmiş ehtiyat hissələrinin dəyişdirilməsinə 3939 manat, işçilik haqqı üçün 1485 manat olmaqla, cəmi 5424 manat tələb olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 27 sentyabr 2021-ci il tarixli, 9/5715 saylı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş ekspert rəyinə əsasən “Ravon Nexia” R3 minik markalı, 90 - PL - 824 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə nəticəsində zədələnmiş ehtiyat hissələrinin dəyişdirilməsinə dəyişilməli hissələrinin qiymətinə aşınma tətbiq edilməklə 4858 manat, o cümlədən dəyişilməli hissələrinin qiyməti 3383 manat, təmir bərpa işlərinin qiyməti 1475 manat tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə barədə qərarla sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh1 mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini zərərvurandan tələb etməkdə haqlıdır. Həmçinin, göründüyü kimi, iddia ərizəsi üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddiaçı şəxsə vurduğu zərərin məbləği ilə qismən razılaşmış, həmin məbləği etiraf edir və onun iddiaçı şəxsin xeyrinə tutulmasına etiraz etmir. Buna görə də məhkəmə araşdırması zamanı müəyyən olunmuş 3958 (4858-900=3958) manat məbləğində pul vəsaitini iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin məbləği məhkəmə tərəfindən iş üzrə təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razılaşır və onu mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, ekspert rəyinə əsasən, “Ravon Nexia” R3 minik markalı, 90 - PL - 824 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 4858 manat maddi zərərdən 900 manat depozit məbləği çıxılmaqla, qalan 3958 manat pul Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 5 noyabr 2020-ci il tarixli 18 nömrəli icarə müqaviləsinin 3-cü bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 900 manat depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəyir. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verən şəxsə təhvil verərəkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalğını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Məhkəmə iddia tələbinin dəymiş zərərin cavabdehlərdən müştərək qayada tutulması hissəsində razılaşmır. Belə ki, şəxsin öhdəliklərinin yerinə yetirilməsi üçün digər şəxsin şifahi öhdəlik götürməsi mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, mülki qanunveriyin tələbinə əsasən, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Odur ki, Cavabdeh2 baş vermiş yol nəqliyyat vasitəsində təqsiri olmadığından dəymiş zərərə görə də məsuliyyət daşımır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Ravon Nexia” R3 minik markalı, 90 - PL - 824 dövlət qeydiyyat nişanlı avtomobililə vurulmuş 4858 manat maddi zərərdən 900 manat depozit məbləği çıxılmaqla, qalan 3958 manat maddi zərər tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin eilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh1 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, Cavabdeh1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi cəmi 50 (əlli) manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 3958 (4858-900=3958) manat vurulmuş maddi zərər və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar