Məhkəmə qərarları › İş №2(004)-4722/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4722/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4722/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı öhdəliyin ötürülməsi ilə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinə açıq mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 35583,09 manat əsas borc, 14510 manat faiz borcu olmaqla, cəmi 50093,09 manat borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 16.03.2015-ci il tarixli, 4-16-03-2015-YS- AAAF-RO saylı kredit müqaviləsinə əsasən borcalana 180 ay müddətinə, illik 10% dərəcəsi ilə hesablanmaqla, 38250 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizlər ödənilməmişdir. Kredit müqaviləsi üzrə 14.06.2021-ci il tarixinə 35583,09 manat əsas borc, 14510 manat faiz borcu olmaqla, cəmi 50093,09 manat borc mövcuddur. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı öhdəliyin ötürülməsi ilə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, 16.03.2015-ci il tarixli, 4-16-03- 2015-YS-AAAF-RO saylı təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə ödənilməmiş 35583,09 manat məbləğində əsas borcun təminat predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 2 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi, həmin mənzilə dair bütün hüquqlar "xxxx" ASC-yə ötürüldükdən sonra "xxxx" ASC ilə aralarında bağlanmış 16.03.2015-ci il tarixli, 4-16-03-2015-YS-AAAF-RO saylı zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddaçının iddia tələbinin əsasını "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2015-ci il tarixli ABB YM-0150 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 2, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 2 nömrəli mənzilin alınması üçün Cavabdeh1 16.03.2015-ci il tarixli, 4-16-03-2015-YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsi (daxili ipoteka krediti üçün) üzrə illik 10% faiz dərəcəsi ilə 180 ay müddətinə verilmiş 38250 manat kredit vəsaiti təşkil edir. Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 4.3-cü bəndinə görə, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 15.03.2015-ci il tarixli ABB YM-0150 nömrəli müqavilənin predmeti kimi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 2 nömrəli mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka olaraq rəsmiləşdirməlidir. Müqavilənin 4.1-ci bəndinə görə, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka və 15.03.2015-ci il tarixli, 4-16-03-2015-YS- AAAF-RO nömrəli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 12.7-ci bəndinə görə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda, borc alan kredit müqaviləsi üzrə təminat predmeti kimi çıxış edən 15.03.2015-ci il tarixli ABB YM-0150 nömrəli mənzilin alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 2 nömrəli mənzili boşaltmalıdır. Həmin müqavilənin 13.8-cu bəndinə əsasən, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda, borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən mənzilin boşaldılmasını tələb edir, borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Şərh olunan müddəalardan göründüyü kimi, kredit öhdəliyi vaxtında və lazımi qaydada icra olunmadıqda kredit vəsaitinin təminatı olan daşınmaz əmlak əldə olunur. Cavabdeh1 kredit öhdəliklərini icra etməməsi nəticəsində tələbin daşınmaz əmlaka yönəldilməsi üçün əsas yaranır. Həmin Müqavilənin 15.8-ci bəndinə görə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 2 nömrəli mənzil üzrə bütün hüquqlar borc verənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, cəmi 35583.09 manat məbləğindən ibarət iddia tələbinin Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 2 nömrəli mənzilə dair bütün hüquqları Azərbaycan Beynəlxalq Bank ASC-nə ötürülməsi ilə əvəzləşdirilməsi daha ədalətli olardı. Çünki 4-16-03-2015-YS-AAAF-RO nömrəli 16.03.2015-ci il tarixli təminatlı kredit (daxiii ipoteka krediti üçün) müqaviləsinin təyinatı, adından göründüyü kimi, daxili ipoteka krediti olaraq mənzilin alınmasına yönəlmiş vəsaitdir. Ayrılmış kredit vəsaitinin geri qaytarılması mümkün olmadıqda, həmin kredit vəsaitinə alınmış daşınmaz əmlak hesabına realizə olunması daha məqsədə müvafiqdir. Bu səbəbdən də, sözügedən 2 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürülməsi daha düzgündür. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X6 ilkin iddia tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verdi, qarşılıqlı iddia tələbinə isə etiraz edərək bildirdi ki, ümiyyətlə həmin mənzilin varlığına dair AAAF İnşaat ümumiyyətlə heç bir sübut təqdim eləməmişdir. Sözü gedən mənzilin ilkin qeydiyyatı yoxdur. Əgər ilkin qeydiyyatı olsaydı belə, AAAF İnşaat MMC-nin belə bir qarşılıqlı iddia qaldırmaqda subyektiv hüququ olmamışdır. Tərəflər arasında olan qüvvədə olan mənzilə dair alqı-satqı müqavilə vardır və sözü gedən mənzil Cavabdeh1 məxsusdur və həmin mənzili AAAF İnşaat MMC-nin iddiaçıya borcu əvəzləşdirmək üçün təklif etməyə hüququ yoxdur. Həmin hissədə tələb qanunsuz olduğundan zaminlik müqaviləsinə xitam verilməsinə heç bir hüququ əsas yoxdur. Odur ki, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi X5 ilkin iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının oğludur. 2015-ci ildə sözügedən mənzili almış, 2017-ci ilə kımı pulunu ödəmişdirlər. 2017-ci ildə bina tikilmədiyini görmüş, "xxxx" MMC-yə ərizə ünvanlayaraq mənzili istəmədiklərini, eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ərizə ünvanlayaraq evi satmaq istədiklərini bildirmişdirlər. Lakin, bank buna razılıq verməmişdir. Mənzil alınarkən 2 ilə hazır olacağına söz verilmiş, belə düşünmüşdürlər ki, 2 ilə hazır olandan sonra həmin mənzilə köçər, hazırda kirəyə verdikləri pulu isə banka ödəyərlər. Lakin ev hazır olmadığına görə bu mümkün olmamışdır. Belə olan halda, kirədə qalmaqla yanaşı, banka olan borcu da ödəməyə maddi imkanları olmamışdır. "xxxx" MMC ilə bağlı Korrupsiya İdarəsinə müraciət etmiş, nəticəsi barədə məlumatı yoxdur. Belə ki hazırki vaxta qədər cavab gəlməmişdir. Göstərilənlərə əsasən, ilkin iddia tələbinin rədd edilməsini xahiş etdi, qarşılıqlı iddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə ilkin iddia üzrə cavabdeh, qarşılılqı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan başqa bir işlə əlaqədar olaraq hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X6 məhkəməyə ərizə təqdim edərək, mülki işə ilkin iddia üzrə cavabdeh, qarşılılqı iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə qeyd edilənləri və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə qarşılılqı iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 16.03.2015-ci il tarixli, 4-16-03-2015-YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 180 ay müddətinə, illik 10% dərəcəsi ilə hesablanmaqla, 38250 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka və zaminlikdir. 4.2-ci bəndinə görə təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aidiyyatı olan subyektlər tərəfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə ilə tənzimlənir. 4.3-cü bəndinə görə isə, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən "AAAF-inşaat” MMC ilə Cavabdeh1 arasında imzalanmış 15.03.2015-ci il tarixli ABB YM-0150 saylı müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında "AAAF-Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 2, ümumi sahəsi 65.4 kv.m. ibarət, 2 otaqlı 2 nömrəli mənzil üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. 12.6cı bəndinə görə, kedit müqaviləsi üzrə təminat kimi çıxış edən mənzil üzrə çıxarış alındıqda borcalan bu barədə 10 iş günü ərzində borc verənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. 13.8-ci bəndinə görə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda, borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 167 ünvanında "AAAF-Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 2, ümumi sahəsi 65.4 kv.m. ibarət, 2 otaqlı 2 nömrəli mənzilin boşaldılmasını tələb edir, Borc alan isə qeydşərtsiz olaraq həmin sahəni boşaldır. 15.8-ci bəndinə görə isə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmıdıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün mənzil üzrə bütün hüquqlar borc verənə keçir. İş materiallarında olan borcverən "xxxx" ASC ilə zamin "xxxx" MMC və borcalan Cavabdeh1 arasında bağlanmış 16.03.2015-ci il tarixli, 4-16-03-2015-YS-AAAF-RO saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti kreditorla borclu arasında bağlanmış 16.03.2015-ci il tarixli 4-16-03-2015-YS-AAAF-R0 nömrəli kredit müqaviləsinə əsasən verilən kreditin, kredit üzrə hesablanmış faizlərin və kredit üzrə hesablanmış cərimə faizlərinin (dəbbə pulunun) qaytarılmasından barətdir. 3.2 və 3.3-cü bəndlərinə görə, zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 38250 manat, hesablanacaq faiz, cərimə faizləri (dəbbə pulu), həmçinin məhkəmə xərclərindən ibarətdir. Zaminliklə təmin edilmiş öhdəlik borclu tərəfindən vaxtında icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kreditorun tələbi ilə həmin öhdəlik zamin tərəfindən 3 gün müddətində icra edilməlidir. 7.4-cü bəndinə görə isə, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2015ci il tarixli ABB YM-0150 nömrəli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 167 ünvanında "AAAF- Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 2, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65,4 kv.m. ibarət 2 otaqlı 2 №-!i mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.7-ci bəndinə görə alıcı tərəfindən X4 ASC ilə imzaladığı kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə öhdəliklər 60 gün müddətində yerinə yetirilmədikdə, cəmiyyət, həmin kredit müqaviləsinin təminatı olan və Azərbaycan Beynəlxalq Bankı ASC ilə aralarında imzalanmış zaminlik müqaviləsinə əsasən ödənişləri təmin edir və zaminlik müqaviləsini birtərəfli qaydada ləğv edir. 2.2.8 və 2.2.9-cu bəndlərinin şərtlərinə görə isə alıcı tərəfindən kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda, cəmiyyət mənzilin alqı-satqı müqaviləsinin predmeti olan mənzili X4 ASC-nın müvafiq müraciəti əsasında boşaldılmasını təmin edir. Alıcı tərəfindən kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmıdıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün mənzil üzrə bütün hüquqları Azərbaycan Beynəlxalq Bankı ASC-nin və ya bank tərəfindən muvəkkil olunmuş şəxsin adına rəsmiləşdirilməsini təmin edir. İş materiallarında olan 22.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka 14.06.2021-ci il tarixinə 35583,09 manat əsas borc, 14510 manat faiz borcu olmaqla, cəmi 50093,09 manat borcu qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 16.03.2015-ci il tarixli, 4-16-03-2015-YS-AAAF-RO saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarınna əlavə olunmuş 18.10.2021-ci il tarixli, 9/6185 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, 16.03.2015-ci il tarixli, 4-16- 03-2015-YS-AAAF-RO saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 kredit müqaviləsi üzrə 07.07.2021-ci il və 06.08.2021-ci il tarixlərə "xxxx" ASC-nə olan borcu ümumilikdə aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 07.07.2021-ci il tarixə:- əsas kredit borcu- 35.613,13 manat; faiz borcu- 14.724,88 manat. 06.08.2021-ci il tarixə:- əsas kredit borcu- 35.613,13 manat; faiz borcu- 15.011,76 manat. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 472.1 və 472.2.-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 540.1-ci maddəsinə görə əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 545.0.2-ci maddəsinin tələbinə görə isə öhdəliyin predmetinə tutmanı yönəltmək olmazsa və ya öhdəliyin predmeti yaşayış vasitəsidirsə, öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Azərbaycan Respublikası MM-nin 402.1-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə görə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikası MM-nin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, işin məhkəmə baxışı zamanı tərəflərin izahatları, həmçinin təqdim edilmiş sübutların və ekspert rəyinin araşdırılması nəticəsində müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2015-ci il tarixli ABB YM-0150 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 2, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 2 nömrəli mənzilin alınması üçün Cavabdeh1 "xxxx" ASC ilə bağladığı 16.03.2015-ci il tarixli, 4-16-03-2015- YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinə əsasən illik 10% faiz dərəcəsi ilə 180 ay müddətinə 38250 manat məbləğində kredit verilmiş, eyni tarixli və saylı zaminlik müqaviləsinə əsasən, faizlərin, zamin "xxxx" MMC borcun tutulması üzrə məhkəmə xərclərinin, borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor "xxxx" ASC qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıma öhdəliyini üzərinə götürmüşdür. 16.03.2015-ci il tarixli, 4-16-03-2015-YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin şərtlərində mübahisəli mənzilə çıxarışalındıqdan sonra ipoteka müqaviləsinin bağlanması nəzərdə tutulsa da, bu baş tutmamış və qeyd olunan mənzil kredit müqaviləsinin təminat üsuluna çevrilməmişdir. Həmçinin, "xxxx" MMC Cavabdeh1 ilə aralarında bağlanmış 15.03.2015-ci il tarixli ABB YM-0150 nömrəli mənzilin alqı-satqı müqaviləsinin 2.2.7-ci bəndinin şərtini, yəni kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə öhdəliklər 60 gün müddətində yerinə yetirilmədikdə, həmin kredit müqaviləsinin təminatı olan və Azərbaycan Beynəlxalq Bankı ASC ilə aralarında imzalanmış zaminlik müqaviləsinə əsasən ödənişləri təmin etməmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcalan və zamindən kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iş materialları ilə ilkin iddia tələbinin əsaslı və qanuni olması sübuta yetirildiyinə görə, ilkin iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 16.03.2015-ci il tarixli, 4-16-03-2015-YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsi üzrə yaranmış 35583,09 manat əsas borc, 14510 manat faiz borcu olmaqla, cəmi 50093,09 manat məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda, məhkəmə işin faktiki halarına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 167 ünvanında "AAAF-Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 2, ümumi sahəsi 65.4 kv.m. ibarət, 2 otaqlı 2 nömrəli mənzilinə dair ipoteka müqaviləsinin bağlanmamasını və həmin mənzilin kredit müqaviləsi üzrə təminat üsulu qismində çıxış etməməsini nəzərə alıb, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanaraq hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız və qanunsuz olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 18.10.2021-ci il tarixli, 9/6185 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil etməklə Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyinə görə ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı rüsumu ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə məhkəmə məsrəfi olan 150 manat ekspertiza xərci ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada əsas borc üzrə 35583 (otuz beş min beş yüz səksən üç) manat 09 (doqquz) qəpik, faiz borcu üzrə 14510 (on dörd min beş yüz on) manat, cəmi 50093 (əlli min doxsan üç) manat 09 (doqquz) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı öhdəliyin ötürülməsi ilə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar