Məhkəmə qərarları › İş №2(004)-4722/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4722/2022

12.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4722/2022 12.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-528/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilməsi, iddia ərizəsi məhkəməyə təqdim edildiyi tarixdən hesablanmaqla cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, cavabdehdən 50 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cu il tarixdə nigaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-528/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması və X5 və X1 üçün cavabdehdən hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda qızının 11 yaşı var, 6-cı sinifdə təhsil alır, oğlunun isə 9 yaşı var və 4-cü sinifdə təhsil alır. Əlavə olaraq hər ikisi hazırlığa da gedir, repetitora hər uşağa görə 100 manat ödəyir. Uşaqların məktəbə aparılması üçün də servis xidmətindən istifadə edir və hər ay 240 manat pul ödəyir. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş bir uşaq üçün 117 manat aliment məbləği uşaqların tələbatının yarısının belə ödənilməsinə çatmır. Uşağın saxlanması üçün daha çox məbləğə ehtiyac duyulur. Ərzaq, paltar və digər yaşayış tələbatlarının qiymətləri günü-gündən bahalaşır. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da hər il olduğu kimi dəyişdirilmiş və 2022-cü ildə Azərbaycan Respublikasında hər uşaq üçün yaşayış minimumu üçün 193 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin etiraf etməsinə dair ərizə təqdim edərək, tələb olunan məbləğdə aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)- 528/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasəntərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 analarının yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 117 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırd iddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği hazırda yetərli deyil və uşaqların gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan əlavə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə Cavabdeh 200 manat sabit pul məbləğində alıment tutularaq, İddiaçı ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. “Mediasıya prosesinə xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/2-01274 saylı protokoldan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment dəyişdirilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar