Məhkəmə qərarları › İş №2(004)-4739/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4739/2020

20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4739/2020 20.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması, uşağın xəstəliyi ilə əlaqədar valideyinin əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay 170 manat sabit pul məbləğində alimentin, uşağın xəstəliyi ilə əlaqədar iddiaçı tərəfindən çəkilmiş 10000 manat məbləğində xərcin 5000 manatını və hər ay 250 manat məbləğində müalicə xərclərinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx xxxxxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx xxxxxx 2012-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Ailə qurduqdan 9 ay sonra cavabdeh onları tərk etmiş və ailəsi ilə maraqlanmamışdır. İddiaçı övladını 8 yaşına qədər tək böyütmüşdür. Hal-hazırda isə oğlu ağır xəstədir. Bu günə qədər uşağın sağalması üçün onun tərəfindən 10000 manat məbləğində xərc çəkilmişdir. Cavabdeh isə övladı ilə heç maraqlanmamışdır. Bu günə qədər cavabdeh onlara ümumilikdə 200 manat yardım etmişdir. İddiaçı hal-hazırda uşağın müalicəsi üçün hər ay 500 manat civarında pul xərcləyir və buna görə uşağı tək müalicə etmək üçün maddi imkanı çatmır. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdehməhkəməyə gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarını müəyyən edərkən, məhkəmə uşağın və iddiaçının mənafelərini, onların əvvəlki təminat səviyyəsini, eyni zamanda cavabdehin daimi iş yeri və müntəzəm gəliri barədə məhkəməyə rəsmi sənəd verməməsini, onun maddi vəziyyətini, iddiaçının alimenti sabit pul məbləğində tutulması barədə tələbini, Respublikada 2020-ci ildə müəyyən olunmuş yaşayış minimumunu nəzərə alır və hesab edir ki, iddia tələbi alimentin artırılması hissəsində təmin edilərək cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat aliment tutulmaqla iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə, X1 mütəmadi müalicə olunması zərurətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna hal kimi qiymətləndirir və hesab edir ki, bununla əlaqədar yaranan xərclərin ödənilməsində uşağın atası Cavabdeh da cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Sahiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin ambulator, stasionar xəstənin tibbi kartasından 2319 nömrəli çıxarışına əsasən, X2 3-cü dərəcəli dəmir defisitli amneziya və hemangioma diaqnozu qoyulmuşdur. Hal-hazırda uşaq RUKHX-nın dispanser qeydiyyatındadır və müalicə alır. Odur ki, məhkəmə uşağın müalicə almasına dair iddiaçı tərəfindən təqdim edilən sübutları nəzərə alaraq hesab edir ki, cavabdehdən xx xxxxxx 2012-ci il təvəllüdlü X1 müalicəsinə çəkilən əlavə xərcə görə hər ay 150 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iddiaçının 10000 manat məbləğində müalicə xərcinin yarısının cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı həmin xərcləri təsdiq edən ödəniş sənədlərini (qəbzlər, maliyyə arayışı) məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, aliment artırılmış məbləğdə yalnız alimentin artırılması barədə qətnamə qanuni qüvvəsini aldıqdan sonra tutula bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı aliment tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İmişli rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(036)-194/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx xxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat məbləğində aliment və hər ay 150 (yüz əlli) manat məbləğində müalicə xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar