Məhkəmə qərarları › İş №2(004)-474/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-474/2022

24.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-474/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3326,90 manat məbləğində əmlakəna dəyən maddi ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Subaru Forester” markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobili ona məxsusdur. 10 oktyabr 2021-ci il tarixdə təxminən saat 14.40 radələrində A.M.Şərifzadə küçəsi ilə İnşaatçılar metrostansiyasından Yasamal rayon ATS-İ istiqamətində yolun orta zolağı ilə hərəkət edərək göstərilən küçənin K.Rəhimov küçəsi ilə kəsişməsində işıqforun yaşıl işığında yol ayırıcına daxil olaraq hərəkətini davam etdirirdi. Bu zaman qarşıdan gələn VAZ markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil sola manevr edərək önündən keçmiş və ona yol verməmişdir. Bu zaman o, əyləcə bassa da həmin avtomobilin sürücüsü avtomobilini saxlamadan hadisə yerini tərk etmişdir. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə maddi ziyan dəymişdir. Hadisə zamanı avtomobilində iddiaçının həyat yoldaşı da vardı. Göstərilən yolnəqliyyat hadisəsi VAZ 21063 markalı ** GK *** dövlət nömrə nişanlı avtomaşının sahibivCavabdeh AR İXM-nin 327.2, 469.1,327.6, 332.3-cü maddələrində nəzərdə tutulmuş qaydalar əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Cavabdeh AR İXM-nin 327.2, 469.1,327.6, 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 200 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən inzibati xəta ilə yol nəqliyyat hadisəsi arasında əlaqəni Yasamal DYP əməkdaşları texniki vasitədən istifadə etməklə müəyyən edilmişdir. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair 11 noyabr 2021-ci il tarixli qərarı qüvvəyə minmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə ön sağ hissə, ön sağ fara, ön sağ qanad, ön kapot, ön buffer, ön sağ qapı və s hissələr müxtəlif dərəcədə zədələnmiş və sıradan çıxmışdır. Subaru Azərbaycan MMC-nin aktına əsasən, dəymiş ziyanın məbləği üçün 3326,90 manat ziyan dəymişdir. Bura daxildir: təmir işlərinin aparılmasının dəyəri 1207,85 manat, dəyişməli olan ehtiyat hissələrinin dəyəri 2119.06 manat. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 2819,41 manat məbləğində əmlakına dəyən maddi ziyanın və ödənilmiş 54 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh 10.10.2022-ci il tarixdə saat 14.40-da Bakı şəhəri A.M.Şərifzadə küçəsində « VAZ 21063 markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, iddiaçıya məxsus olan “Subaru Forester” markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobili sağ yan hissədən vuararaq, sonuncu avtomobilə maddi zərər vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, iddiaçı həyat yoldaşıdır. Yol nəqliyyat hadisəsi 10.10.2022-ci il tarixdə təxminən saat 14.40-da baş vermişdi. İddiaçı Bakı şəhəri A.M.Şərifzadə küçəsində « VAZ 21063 markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən o, ön hissədə sürücünün yanında əyləşmişdir. İşıqforun yaşıl işığında hərəkətə başlayan zaman qarşı tərəfdən qırmızı işıqda VAZ 21063 markalı avtomobil onun əyləşdiyi, sağ yan hissədən avtomobili vuraraq hadisə yerindən uzaqlaşmışdır. Sonradan DYP kameraları vasitəsilə sürücünün kimliyini müəyyənləşdirilmişdir. Hadisə zamanı çox böyük stress keçirmişdir. Avtomobilin qapısı onun əyləşdiyi tərəfdən kilidlənmişdi. Avtomobilə 2000 manatdan çox xərcləri çıxmışdır. Cavabdeh İXM-in 327.2, 469.1,327.6, 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, onun barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında 11 noyabr 2021-ci il tarixli qərar qəbul edilərək, 200 manat məbləğində cərimə edilmişdir. AC 558930 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2009-cu il buraxılışlı, “Subaru Forester” markalı ** OB *** dövlət qeydiyyat nişanlı qara trəngli avtomobilin mülkiyyətçisi İddiaçıdur. "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına əsasən “Subaru Forester” markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılması üçün 2819,41 manat məbləğində vəsait tələb olunur. İş materiallarına əlavə edilmiş 02.11.2021ci il tarixli qəbz əsasında "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirməyə görə iddiaçının xidmət haqqı olaraq 100 manat məbləğində pul ödəməsi müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçıya 2819,41 manat məbləğində maddi ziyan vurmuş və onun tərəfindən qeyd olunan avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, maddi zərərin ödənilməsinə dair iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda iddiaçı məhkəməyə müraciət etmək üçün 54 (əlli dörd) manat məbləğində dövlət rüsumunu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş maddi zərərə görə 2819,41 manat və məhkəməyə müraciət edilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 54 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 2819,41 (iki min səkkiz yüz on doqquz manat qırx bir qəpik) manat məbləğində pul və 54 (əlli dörd) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar