Məhkəmə qərarları › İş №2(004)-4752/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4752/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4752/2024 06.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.000 (iyirmi beş min) manat pul borcunun, vurduğu 1250 ( bir min iki yüz əlli ) manat maddi ziyanın və 5000 (beş min) manat mənəvi ziyanın ödənilmiş 248 (iki yüz qırx səkkiz) manat dövlət rüsumunun və vəkil xidməti üçün ödədiyi 320 (üç yüz iyirmi) manatın, ümumilikdə 31.818 (otuz bir min səkkiz yüz on səkkiz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 26 iyul 2023-cü ildə Sumqayıt 4 saylı Natariat ofisində Xüsusi natarius X1 iştirakı ilə Kredit müqaviləsi imzalamışlar. Həmin müqaviləyə görə o, Cavabdeh 25.000 (iyirmi beş min) manat borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə görə cavabdeh həmin borcu xx.xx.2024-cü ilədək tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmamışdır. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsində göstərilir: Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya ( borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və ya miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir: Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göründüyü kimi o, cavabdehlə kredit müqaviləsi bağlamışdır. Təxminən 5 aya yaxındır ki, cavabdeh öz öhdəliyini yerinə yetirmir, ondan borc aldığı pulu qaytarmır. Cavabdeh bu hərəkətləri ilə ona maddi ziyan da vurmuşdur. AR MM-nin 449.1-ci maddəsində göstərilir: Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faiz ödənilməlidir. Faizin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Cavabdeh ona bank uçot dərəcəsi ilə müəyyən edilmiş faizin miqdarında miqdarda maddi ziyan vurmuşdur (maddi ziyanın miqdarı 1250 manat təşkil edir). Cavabdeh pulu müqavilədə göstərilən müddətdə qaytarmamaqla onun mənəvi iztirab və sarsıntı keçirməyə səbəb olmuşdur. Ona görə də ona vurduğu mənəvi ziyanı da ödəməlidir. Cavabdeh bu hərəkətləri ilə ona 5000 (beş min) manat mənəvi ziyan vurmuşdur. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sizin icraatınızda İddiaçı tərəfindən Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(004)-4752/2024 saylı iş vardır. Hesab edir ki, iddiaçının tələbini əsaslandırdığı hallar mülki qanunvericiliyinə zidd olduğundan iddia tələbi qanunsuz və əsassızdır. İlk növbədə qeyd etmək lazımdır ki, o, borcun böyük məbləğini yəni 18.000 (on səkkiz min) manatını Nurlan Ağazadə vasitəsilə cavabdehə vermişdir. Bundan başqa, iddiaçı əsassız borcdan əlavə tələb etdiyi məbləğlərin heç bir real əsası yoxdur. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. İddiaçı mənəvi iztirab və sarsıntının nədən ibarət olduğu və 5.000 manat məbləğin necə yarandığı əsaslandıra bilməmişdir. Tələb edilən haqqın özünün, onun miqdarının və hesablandığı məbləğinin əsasları müəyyən deyil. Onun cəmi 7.000 (yeddi min) manat borcu qaldığı halda iddiaçı 31.818 manat vəsait tələb edir. Lakin, bu məbləğin necə formalaşdığı, necə hesablandığı, tərkibinin nədən ibarət olduğu, hüquqi əsası barədə heç bir məlumat göstərilmir. Hesab edir ki, iddiaçının tələbinin hüquqi əsası yoxdur, həmçinin iddiaçı ərizəsində göstərilən halları təsdiq edən sübutları təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan notariat qaydasında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 25000 manat məbləğində pulu tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı şöbəsi vasitəsi ilə borc vermiş, borc alan isə krediti xx.xx.2024-cü il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 8i-4456 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli Bakı şəhəri 19 saylı Notariat Ofisinin icra qeydinə əsasən İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 25000 manat tutulması və tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 25025 manat 00 qəpik (iyirmi beş min iyirmi beş manat sıfır qəpik) pul tutulması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri 19 saylı Notariat Ofisinin Notariat Kontorunun 8i-4456 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Borclu Cavabdeh icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş həmçinin sənədin kötüyünə imza etdirilməklə təqdim edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli qərarının 2-ci bəndinə əsasən “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, notariat qaydasında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 25000 manat məbləğində borc vermişdir. Bakı şəhəri 19 saylı Notariat Ofisində xx.xx.2024-cü il tarixdə İddiaçı xeyrinə Cavabdeh 25025 manat tutulması ilə bağlı icra qeydi aparılmışdır və notariusun apardığı icra qeydi əsasında Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Hazırda iddiaçı cavabdehdən 25.000 manat pul borcunun, vurduğu 1250 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın, ödənilmiş 248 manat dövlət rüsumunun və vəkil xidməti üçün ödədiyi 320 manatın, ümumilikdə 31.818 manat pulun tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh 25.000 manat pul borcunun tutularaq İddiaçı ödənilməsi tələbi ilə bağlı notariusun icra qeydi olduğundan, həmin icra qeydi əsasında Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanıldığından və hazırda icra sənədi icraatda olduğundan iddiaya məhkəmə qaydasında baxıla bilməz, bu səbəbdən hazırkı iş üzrə icraata Cavabdeh 25.000 manat pul borcunun tutularaq İddiaçı ödənilməsi hissəsində məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4752/2024-cü il nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata “Cavabdeh 25.000 manat pul borcunun tutularaq İddiaçı ödənilməsi” hissəsində xitam verilmişdir. Məhkəmə iddiaçının maddi zərərə görə 1250 manat məbləğində pulun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübut edə bilməmiş, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi maddi zərər hissəsində təmin edilməməlidir. Məhkəmə iddiaçının mənəvi zərərə görə 5000 manat məbləğində pulun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə, mənəvi zərərin nədə ifadə olunduğuna dair sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə iddiaçının ödənilmiş 248 manat dövlət rüsumunun və vəkil xidməti üçün ödədiyi 320 manat pulun ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata “Cavabdeh 25.000 manat pul borcunun tutularaq İddiaçı ödənilməsi” hissəsində xitam verilməli, maddi zərərə görə 1250 manat, mənəvi zərərə görə 5000 manat, dövlət rüsumu olaraq ödənilmiş 248 manat və vəkil xidməti üçün ödədiyi 320 manat pulun tutularaq ona ödənilməsi tələbləri isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar