Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4758/2023 25.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, Azərbaycan Karlar Cəmiyyəti İB-nin jest dili üzrə tərcüməçisi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdehin birgə nikahından olan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 manat sabit pul məbləğinin və uşağın saxlanılması üçün olan 50 manat sabit pul məbləğinin uşaq yetkinlik yaşına çatana qədər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahı xx.xx.2022-ci il tarixdə pozulmuş və bu barədə Yasamal rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə də vermişdir. Cavabdehlə birgə nikah münasibətlərindən bir uşağı X4 (21 oktyabr 2020-ci il təvəllüdlü) vardır. İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, iş № 2(004)-3840/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 175 (yüz yetmiş beş) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Eyni zamanda 21 oktyabr 2020-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək, yəni 21 oktyabr 2023-cü il tarixədək Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Hal-hazırda X3 2 yaşı var. Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Belə ki, uşaq əlil olduğundan, qulaq aparatının ayarlanması üçün ildə üç dəfə 255 (iki yüz əlli beş) manat, aparatın filtrinin dəyişdirilməsi üçün ildə dörd dəfə 50 (əlli) manat, qurutma dərmanı üçün ildə altı dəfə 10 (on) manat və aparatın batareyasının dəyişdirilməsi üçün ildə bir dəfə 850 (səkkiz yüz əlli manat) manat məbləğində xərc çəkilir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, iddiaçı nikahın pozulması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə uyğun olaraq ilkin mediasiyaya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Buna görə də iddiaçı “aliment məbləğinin artırılması və uşağa görə anaya verilən müavinətin saxlanılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hazırda övladı olmasa da, ikinci dəfə ailə həyatı qurmuş, özü günü 14 manata köşkdə satıcı işləyir, başqa yerdən gəliri yoxdur. Bildirmişdir ki, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər hər ay 175 manat aliment ödəməyə imkanı çatır. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1632/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 03 saylı Bakı “Asan xidmət” mərkəzində bağlanmış və 1995 nömrəli akt qeydi ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3840/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 21 oktyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, 21 oktyabr 2020-ci il təvəllüdlü X4 3 yaşına çatanadək, yəni 21 oktyabr 2023-cü il tarixədək Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentlərin tutulma vaxtının 24 may 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2020-ci il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3840/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbini bu hissədə təmin edərkən onu da nəzərə alır ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Uşağını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə iddia tələbinin uşağın saxlanılması üçün iddiaçıya 50 manat sabit pul məbləğinin uşaq yetkinlik yaşına çatana qədər verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanunvericilik arvadın ərindən ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində aliment almaq hüququnu müəyyən edir. Lakin hal-hazırda, xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşı tamam olmuşdur, həmçinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3840/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 21 oktyabr 2020-ci il təvəllüdlü X4 3 yaşına çatanadək, yəni 21 oktyabr 2023-cü il tarixədək Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbini bu hissədə təmin etməyərkən onu da nəzərə alır ki, uşaqlarını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən İddiaçı "xxxx" MMC-də idarə qulluqçusu, insan resursları vəzifəsində işləyir və aylıq əmək haqqısı 332 manat təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3840/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3840/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4758/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4758/2023
25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver