Məhkəmə qərarları › İş №2(004)-477/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-477/2021

03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-477/2021 03.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia ərizəsi üzrə İddiaçı ilkin iddia ərizəsi üzrə Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin qarşılıqlı idda ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı “uşaq tələbi”nə dair qarşılıqlı iddia ərizəsi mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlkin iddia ərizəsi üzrə İddiaçı ilkin iddia ərizəsi üzrə Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 noyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutulması, 19 noyabr 2012-ci il təvəllüdlü X6 müalicə olunması üçün alınmış aparatlara görə ötən 20 ay müddətində çəkdiyi xərcin yarısı 4800 manat, insulin iynələri üçün ötən müdət ərzində 2000 manat xərcin yarı məbləğinin alınıb ona verilməsi, 19 noyabr 2012-ci il təvəllüdlü X6 hər ay müalicəsi üçün 340 manat aparata və dərmanlarının alınması üçün pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 21.10.2011-ci ildə nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikahdan 19 noyabr 2012-ci ildə X10 anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli 2(004)-2176/2019 saylı qətnaməsi ilə aralarında 21.10.2011-ci il tarixdə Nizami Rayon Qeydiyyat şöbəsində 1647 sayla qeydə alınmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan 19 noyabr 2012-ci il tarixdə anadan olmuş qızları X10 yanında saxlanmış, 19 noyabr 2012-ci il tarixdə anadan olmuş qızı X2 üçün hər ay 160 manat sabit pul məbləğində alimentin iddiaçı Məmmədzadə Eldar oğlundan tutularaq ona ödənilməsi, alimentin tutulma müddətinin 12 fevral 2019-cu il tarixdən hesablanması barədə qətnamə qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli 2(004)-2176/2019 saylı qətnaməsi qızı X2 üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, Cavabdeh qazancının qeyri müntəzəm dəyişən olması, tərəfin maddi vəziyyəti və ailə vəziyyətinin diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını ilə əsaslandırılmışdır. Faktiki olaraq Cavabdeh qazancının miqdarı ödənilən aliment məbləğinə münasibətdə daha çox məbləğdədir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli 2(004)-2176/2019 saylı qətnaməsində Cavabdeh qızı Məmmədzadə Leylanın xəstəliyindən müalicəsi aylıq 100-150 manat pul xərcləndiyini bildirməsi qeyd edilmişdir. Faktiki olaraq həmin məbləğ 150 manat deyil daha çox məbləğdir. Hər ay üçün övladının müalicəsinə yüksək məbləğdə pul xərclənir. X4 ağır dərəcəli diabet xəstəsi olduğu üçün daimi şəkər ölçən aparatdan istifadə etməlidir. Həmin aparat hər 14 gündən bir dəyişdirilmələdir. 1 ay müddətində 3 aparat alınmalıdır. 1 aparatın dəyəri isə hazırda 160 manatdır, bu məbləğ mütəmadi olaraq dəyişə bilir, çünki aparat xaricdən sifariş verilir. Eyni zamanda, hər gün insulin iynələri vurulur ki, onlarda iki növdür NORAPİD Flekspen-qutusu 159 manat, LEVEMİR Flekspen qutusu-236 manatdır. 2019-cu ilin noyabr ayından Cavabdeh qızı Leylanın saxlanması və müalicə olunması üçün çəkdiyi xərclərlə bağlı heç bir vəsait ödəmədiyindən ötən müddət ərzində hər ay üçün çəkdiyi xərclərin 50 faizi miqdarında aparatlar üçün 4800 manat, insulin iynələri üçün ötən müddət ərzində 2000 manat pul cavabdehdən tutulmalı və ona ödənilməlidir. Cavabdeh internetdəki səhifəsində X19 korporativ və hüquq məsələləri üzrə ekspert olduğunu, 2016-2018-ci illərdə “CASPİAN PİPE COATİNGS” LLS şirkətində hüquq eksperti, “SOCAR” X12” LLC şirkətində hüquq meneceri işlədiyini bildirmişdir. Həmin səhifəsində 142715-S22411 nömrəli kontrakt əsasında işlədiyi və müqavilə şərtləri öz əksini tapmışdır. Müqavilə ilə ilə müəyyən edilir ki, Cavabdeh hər iş saatı üçün 245 ABŞ dolları əmək haqqı ödənilir. Cavabdeh ilə evli olduqları zaman ailə xərcləri onun tərəfdən ödədiyindən onun əmək haqqı və digər gəlirləri Azərbaycan Beynəlxalq Bankı ASC-nin Xətai filialında onların ortaq hesabı sayılan (Account No:********************) köçürülmüşdür. X14 1-ci tip şəkərli diabet xəstəsi olmaqla yanaşı Autizmdən də əziyyət çəkir. Səhhətində olan problem aradan qalxmamışdır və uzun müddət müalicə tələb edir. O, anası kimi onun bütün xərclərini ötən müddətdə ödəyib. Gələcəkdə də çalışacaq ki,öz valideyinlik borcunu yerinə yetirsin. Qızı Leylanın müalicə xərcləri, təhsil və digər xərclərində atası kimi Cavabdeh ötən müddət ərzində iştirak etməmişdir. 10.09.2020-ci ildə Xətai Rayon İcra və Probasiya şöbəsindən ona edilmiş telefon zəngi vasitəsi ilə bildirmişdir ki, qızı Leylanın saxlanması üçün məhkəmə qərarı ilə müəyyən edilmiş hər ay 160 manat sabit pul məbləğində aliment İcra və Probasiya şöbəsinə ödəmişdir. Leylanın müalicəsi və sağlam yaşaması məqsədi ilə əvvəl təyin edilmiş alimentin miqdarı artırılmalı, onun sağlamlığı və saxlanmasına çəkilən xərclər hər iki valideyin arasında bölünməlidir. Qarşılıqlı idda ərizəsi üzrə iddiaçı Cavabdehn qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı “uşaq tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 noyabr 2012-ci il tarixdə anadan olmuş X6 cavabdeh X8 alınaraq, onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı idda ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.06.2019-cu il 2(004)-2176/2019 saylı qətnaməsi ilə onunla cavabdeh arasında olan nikahın pozulması, birgə nikahdan anadan olmuş qızı Leylanın cavabdehin yanında qalması, onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bu qətnamə qəbul olunduğu zaman məhkəmə tərəfindən qızının xəstəliyi, onun işsizliyi, iddiaçının uşağa qayğı göstərməsi üçün yanında saxlanılması xahişi, onun yaşayış və maddi imkanları, onun uşağın anası ilə qalmasına razılıq verməyi və sair məsələyə aid olan bütün hallar nəzərə alınmışdır. Bundan sonra bu hallar demək olar ki, dəyişilməmişdir. Odur ki, hal-hazırda iddiaçı hansısa bəhanələrdən istifadə edərək bu razılığı pozursa, o, qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət etməyi zəruri hesab edir və onu əsaslandırmaq, həm də ilkin iddia ərizəsini əsassızlığını açıq-aşkar göstərmək üçün ümumiləşdirərək ən mühüm aşağıdakı halları qeyd etməyi vacib hesab edir. Bu gün uşağın "ağır xəstəliyi" ilə bağlı bəhanə edən keçmiş arvadı və onun anası son vaxtlara qədər bu halı həmişə rədd edirdilər. Əslinda qızı Leyla erkən, az çəkili (1900 q) va anadangəlmə patologiyası (hipoksiya va dölün inkişaf etməməsi) ilə doğulmuşdur. Nəticədə uşaq 40 gün küvəzdə həkimlərin daimi nəzarəti altında qalmış, uzun müddət ərzində kifayət qədər inkişaf etməmiş, 5 yaşına qədər danışa bilməmiş va yaşıdlarından geri qalmışdır. Bu iki qadın uşağın hələ bir yaşı tamam olmamış onu smartfona, planşetə baxmağa öyrətmişlər. Nəticədə Leyla həmişə ela bir virtual dünyaya qapanmışdır, getdikcə fikir vermişdir ki, uşaq danışmır va ətrafına diqqət yetirmir. Bununla bu iki qadının diqqətini uşağın təcili müalicəyə başlamasına ehtiyac olduğunu diİə gətirsə də onlar onu arxayın edirdilər ki, qorxulu bir şey yoxdur. Çox hay-küydən sonra axır ki, qızının tam tibbi müəyinələrdən keçirilməsini şəxsən özü israr edərək, onu Bakıda an yaxşı həkimlərin yanına özü aparmışdır. Həkimlərin tövsiyəsinə yalnız özü və ya atası həftədə 4 dəfə Leylanı 2 il yarım "loqos” va “Mədinə” uşaq mərkəzlərinə aparırdılar. Orada onun üzərində nevropatoloqlar, psixoloqlar, loqopedlar, masaj müəllimləri va digər mütəxəssislər çalışırdılar. Bununla yanaşı, o, qızını iki dəfə Sankt-Peterburqa aparıb. Orada məhşur bir rus nevropatoloq onu xüsusi müayinələrdən keçirir va müalicəni təyin edirdi, onlar isə Bakıda onun təyinatını icra edirdilər. Bu gün özlərini uşağın himayədarları kimi göstərmək istəyən nə keçmiş arvadı, nə də onun anası uşağı heç vaxt uşaq inkişaf mərkəzlərinə bir dəfə də olsun aparmamış, onun orada və ya Sankt-Peterburqda müalicəsinə görə heç vaxt bir qəpik pul ödəməmişlər. Gec olsa da Leyla ümumi səylərin nəticəsində yavaş-yavaş dəyişməyə başlamışdır, heç bir reaksiya verməyən va digər insanlara laqeyd olan bir qızdan, o yaxşılığa doğru dəyişməyə, hər şeyə maraq göstərməyə, gülümsəməyə, gülməyə, dinləməyə, əvvəlcə ayrı-ayrı deməyə, sonradan isa adi cümlələri quraraq danışmağa, suallara cavab verməyə, yaxınların yad insanlardan, uşaqları böyüklərdən, qadınları va kişilərdən ayırmağa başlamışdır. Lakin uşağın ona va valideynlərinə münasibəti nədənsə keçmiş arvadının xoşuna gəlməmişdir. Onlar onsuz da har zaman valideynlərinin ailasindəki isti münasibətləri qısqanırdılar. Onlar Leylaya zərər verdiklərinin fərqinə varmayaraq, uşağın onlarla gəzməməsi va ünsiyyət qurmaması üçün həmişə bəhanə tapıb buna yol verməmə mövqeyi tutdular və bu gün də həmin yolla gedirlər. Nevropatoloqun qadağasına baxmayaraq, onlar uşağa yenə də smartfon, planşet və televizorla başını qatırlar ki, evdə oturub bir şeylə məşğul olsun, şıltaq olmasın, onları narahat etməsin. Hazırkı iş üzrə də qızının xəstəliyinə dair bütün halları artıq açdığına görə bu məsələyə dair onu qeyd edir ki, 2020-ci il noyabrın 19-da qızının 8 yaşı tamam olacaq, 2018-ci il noyabrın əvvəlində o, öz evindən gedəndən sonra keçmiş arvadı və onun anası bir yerdə yaşasalar da heç biri onun inkişafı ilə məşğul olmur. Onlar bu günə qədər uşağı nə məktəbə qoyublar, nə də ki yanına bir müəllim gətirirlər. Yenə də onun səhhəti ilə bağlı spekulyasiya etsələr, onlara bir-iki sual vermək lazımdır. Məsələn, əgər uşaq “ağır" xəstədirsə, onun “qayğıkeş” anası niyə onunla məşğul olmur və maddi cəhətdən heç bir sıxıntı keçirmədiyi bir halda işə getməli olduğunu bəhanə edərək həftənin 6 günü səhər saat 8-dən axşam qədər niyə evdə olmur? Əgər uşaq həqiqətən belə “ağır” xəstədirsə niyə bu vaxta qədər yanında qayğıkeş" anası deyil, “dayə” adlandırdığı heç bir xüsusi təhsili olmayan yaşlı bir qadın olur. Qadın onun evində hər gün (bazar günündən başqa) 24 saat qalır və uşağın “dayəsi" olduğu bütün ev işləri ilə məşğul olur (evi təmizləyir, ailə üzvlərinin paltarlarını yuyur və ütüləyir, yemək hazırlayır, qab-qaşığı yuyur və s.) Anası "ağır" xəstə uşağını hər gün bu cür atıb gedirsə, ona həftədə bir dəfə 2 saat ərzində uşağın doğma atası ilə görüşməmək və digər mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin qətnaməsinin icra etməmək üçün bəhanə axtaran həmin anaya necə bəraət qazandırmaq olar? Bu hal həmçinin ona görə qəribə gəlir ki, məhkəmə baxışı zamanı uşağın xəstəliyinin “ağırlığını" müəyyən etmək üçün heç bir məhkəmə-tibbi ekspertizası aparılmamışdır. Odur ki, hesab edir ki, məsələni tez-tez ortaya atan keçmiş arvadı qətnaməni qanunsuz icra etməməsini örtbasdır etməyə çalışır. Əgar iddiaçı uşağa baxa bilmirsə, ona baxmaq üçün onun maddi imkanı yetərli deyiİdirsə, bela olan halda uşağın ilkin iddia üzrə iddiaçıdan alınaraq onun himayəsinə verilmasi daha yaxşı olardı. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh 21.10.2011-ci il tarixdə nikaha daxil olublar. Birgə nikah dövründə tərəflərin övladı – 19.11.2012-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Tərəflər arasında nikaha Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə 28.06.2019-cu il tarixdə xitam verilmiş, uşaq anada saxlanılmış və onun saxlanılması üçün aliment müəyyən olunmuşdur. Məhkəmə qətnaməsi icraya yönəldikdən sonra icra məmuru onunla əlaqə saxlayaraq alimentin ödənilib-ödənilməməsi ilə maraqlanıb. O da Sitarə xanımla əlaqə saxlamış, o bildirib ki, aliment ödənilməyib. İcra məmuru məsləhət bildi ki, bank hesabı açılsın və aliment həmin hesaba ödənilsin. Sitarə xanım da bu məsələdən sonra bank hesabı açıb. Hesab açıldıqdan sonra pul vəsaiti həmin hesaba köçürülüb, icra məmuru bu barədə məlumat verdikdən sonra xanım vəsaiti götürüb. Bununla bağlı onlar hər hansı bir icra orqanına və ya məhkəməyə şikayət etməmişlər. Lakin aliment təyin edildiyi vaxtdan sonra minimum yaşayış səviyyəsinin məbləğinin qalxması, eyni zamanda həmin məhkəmə prosesi zamanı bəzi məsələlərin araşdırılmaması səbəbindən alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edilib. Məhkəməyə təqdim edilmiş vəsatət əsasında verilmiş sorğuya alınan cavabdan da görünür ki, qarşı tərəf həmin məhkəmə prosesində harda işləməsinə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Onlar məhkəməyə qarşı tərəfin kontrakt əsasında aldığı əmək haqqı ilə əlaqədar olaraq sübut təqdim etmişlər. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri X20 üzrə Baş İdarənin 19.03.2021-ci il tarixli cavabı ilə qarşı tərəfin sahibkarlıqla məşğul olması və vergi ödəyicisi olması barədə sübut məhkəməyə təqdim edilmişdir. Həmçinin onun saxlanca verdiyi vəsaitlər barədə vəsatət məhkəmə tərəfindən təmin edilib. İkincisi, onlar ötən 20 ay müddət ərzində uşağın müayinə və müalicəsinə çəkilən xərclərin yarısının cavabdeh tərəfindən ödənilməsini tələb etmişlər. Belə ki, ilkin iddiaçı cavabdehdən ötən 20 ay müddətində uşağın mülaciəsi üçün çəkdiyi xərcin yarısını – 4800 manat pulu və insulin iynələrinin alınmasına ödənilmiş 2000 manat pulun yarisini, yəni 1000 manatını tələb edir. Üçüncü tələb isə onunla bağlıdır ki, uşağın müalicəsi üçün hər ay 340 manat vəsait qarşı tərəfdən alınıb ilkin iddiaçıya ödənilsin. Həmçinin o, qarşılıqlı iddia ərizəsinə etiraz edərək, bildirdi ki, qarşılıqlı iddia ərizəsi demək olar ki, ilkin iddiaçıya qarşı hər hansı bir iddia tələbinin təmin edilməsinə yox, ilkin iddiaçı və onun ətrafında olan şəxslərə qarşı tənqidi və təhqiri ifadələr işlədilməsinə yönəldilmiş bir ərizədir. Birincisi, uşağın qüsurlu olması anaya bağlı olan bir şey deyildir. Qarşı tərəfin evi tərk etməsi ilə əlaqədar qeyd edilməlidir ki, uşaqda şəkərli diabet xəstəliyi ortaya çıxdıqdan sonra qarşı tərəf işə getmək adı ilə evdən çıxıb gedib və bir daha evə qayıtmayıb. Yəni həmin dövrədək tərəflər arasında heç bir mübahisə olmamışdır. Qarşı tərəf qarşılıqlı iddia ərizəsində qeyd edir ki guya iddiaçı tərəfindən qəyyumluq Komissiyasına və Yasamal Rayon Məhkəməsinə hər hansı bir təzyiqlər olmuşdur. Bu qeyd edilənlər də əsassızdır. Digər bir tərəfdən hesab edir ki, 2018-ci ilin noyabr ayından evdən çıxan və uşağının xəstə olduğunu bilə-bilə ona hər hansı bir köməklik göstərməyən və müalicə etdirməyən atanın uşağın anadan alınaraq ona verilməsini tələb etməyə hər hansı bir mənəvi və hüquqi əsası yoxdur. Digər tərəfdən qarşılıqlı iddia ərizəsində Sitarə xanımın işləməsi məsələsinə toxunulur və guya qohumlarının vasitəçiliyi ilə həmin işdə işləməsi vurğulanır. Hər bir şəxsin sərbəst surətdə işləmək və əmək fəaliyyəti ilə məşğul olmaq hüququ vardır. Bu məsələyə qarşılıqlı iddia ərizəsində toxunulması hesab edir ki, yolverilməz bir haldır. Uşağın dayə yanında saxlanılması məsələsində də hər hansı bir qanun pozuntusu yoxdur. Digər tərəfdən qarşı tərəf öz ərizəsində valideynlərinin işləmədiyini və onların uşağa baxa biləcəklərini bildirir. Lakin əgər valideynlər sağdırsa, qanunun uşağın babaya və ya nənəyə verilməsini üstün tuta bilməz. Bütün bunları nəzərə alaraq o, məhkəmədən ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı izahatında bildirdi ki, Cavabdeh həqiqətən də sağlamlıq problemləri olub və həmin problemlərdən dolayı o hərbi xidmətdən saxlatdırılıb. 2018-ci ildə ona təkrarən hərbi komissarlıqdan çağırış gəlib, həkim müayinəsindən keçmək üçün. Müayinədən keçdikdən sonra ona təkrarən yeni bir sənəd verilib ki, onun neyroterkuliyar distoniya adlı bir diaqnozu vardır ki, hansı ki, qıcolma, ürəkgetmə, təziqin qalxması və s əlamətlərlə müşayiət olunur. 2008-ci ildə o travmanı almış və heç bir müalicə almamış biri olaraq onun səhhəti getdikcə pisləşməyə doğru gedir, hətta onun bir tərəfi artıq işlək vəziyyətdə deyil. Onlar birlikdə yaşadıqları müddətdə də onda bu hallar müşayiət olunubdur. Dəfələrlə onda yüksək təziq, qusma, baş ağrıları və s olub və hələ də davam edir. Qarşı tərəf uşağın ondan alınaraq qarşılıqlı iddiaçıya verilməsini tələb edir. Əgər bu xəstəliyin qeyd olunan əlamətləri baş verərsə, onda həmin an o uşağa kim gəlib sahib çıxacaq. İkincisi, qarşı tərəf qeyd edir ki, sübut gətirilsin ki, bu müddət ərzində uşağa insulin, müəyyən aparatlar və s alınıbmı. Qarşı tərəf özü qeyd edir ki, uşağa diaqnoz birgə yaşadıqları vaxtda qoyulub. 2018-ci ilin oktyabr ayında uşaq qeydiyyata götürülüb və ona birinci tip şəkər diabeti diaqnozu qoyulub. Noyabr ayında isə qarşı tərəf evi tərk edib. Deməli, o boynuna alır ki, bu uşaq şəkər xəstəsidir və daima deyilən aparata və insulin iynələrinə ehtiyacı var. Onun evində həmin aparatın qutuları var. O, təsdiq edir ki, həmin şəkər ölçən aparatı Vahid bəy sifariş verib və uşağa qoydurub. Amma o çıxıb gedəndən sonra hər 14 gündən bir həmin aparatın dəyişən hissəsi-sensoru dəyişdirilib. Hansı ki onun qiyməti aparatın öz qiymətindən bahadır. 2018-ci ildən bəri 14 gündən bir həmin hissəni Türkiyədən sifariş etdirir. Sübutunu da məhkəməyə gətirə bilər. Qarşı tərəf bunları bildiyi halda ondan sübut tələb etməyə də bilərdi, müəyyən bir xərcləri özü üzərinə götürə bilərdi. Bunu etməyib, o da görüb ki, qarşı tərəfdə nə ünsiyyət istəyi var, nə kömək etmək istəyir, nə də qarşı tərəfin üzərinə getməmişdir. Nikah pozulanda da qarşı tərəf işlədiyi halda özünü işsiz kimi təqdim edib məhkəməyə və uşaq üçün işsiz alimenti kəsdirib. Əvvəl o əcnəbilərlə işləyirdi və əmək müqaviləsi yox idi. İndi sadəcə əmək müqaviləsi var deyə işlədiyini boynuna alır. Amma əvvəllər o işləyirdi və maaş alırdı, o, bununla bağlı sənədləri də məhkəməyə təqdim etmişdir. Amma o müddət ərzində qarşı tərəf ona uşaqla bağlı dəstək olmayıb. Bundan əlavə İddiaçı məhkəmə iclasında bildirmişdir ki, uşaqda şəkərli diabet xəstəliyinin olmasını qarşı tərəf ondan də yaxşı bilir. Bunu istənilən həkimlə də aydınlaşdırmaq olar ki, 2018-ci ildə şəkərli diabet diaqnozu qoyulmuş bir uşağa həmin insulin iynələri vurulmasa və qanda şəkərin miqdarı daim ölçülməsə, o uşaq indiyədək tələf ola bilərdi. Uşağa həmin diaqnozun qoyulması ilə bağlı sənədin çıxarışını və insulin iynələrinin yazılması ilə bağlı sənədləri, həmçinin şəkər aparatının alınması ilə bağlı bir sıra onda olan qəbzləri gətirmişdir. Həmçinin onda həmin aparatın bir çoxunun qutuları da vardır ki, onları da məhkəmə iclasına gətirib və məhkəməyə təqdim edə bilər. Bu sensor aparatı (aparatı göstərərək) uşağın qoluna qoşulur və 14 gündən bir dəyişdirilir. Bəzən olur ki, uşaq qolunda həmin aparatı zədələyir. Belə olan halda həmin aparatı 14 gündən də tez dəyişdirməli olur. Bu sensorları Turkiyədən əldə edir, hazırda məhkəmə iclasına gətirdikləri qəbzləri olmayan aparatlardır, hansıların ki qəbzləri qalıb, onların qəbzlərini məhkəməyə təqdim etmişdir. Məhkəməyə gətirdiyi bağlamada 30-dək aparatın qutusu vardır. Bundan başqa uşağa istifadə olunan insulin iynəsini də gətirmişdir. Bu iynələrin 5 ədədi 80,74 manatdır. Lakin bu qiymət daim dəyişir. Həmçinin sensor aparatlarını da əvvəllər 400-500 tl qiymətə alırdısa, indi onların qiyməti 550 tl və daha artıqdır. Bu qiymətlər daim artır. İddia ərizəsində çəkilən xərclərin cüzi bir hissəsi yazılmışdır. Bundan əlavə bir iynə də var. Adı “Levmir”dir. 5 ədədi 118 manatdır. Bu qiymət də dəyişir daim. Həmçinin iynə başlıqları da vardır ki, uşaq olduğu üçün iynələr onu incitməsin deyə hər gün iynə vurularkən bu bağlıqlardan istifadə edilir, bunun da bir qutusu 17 manatdır. Digər tərəfdən qarşı tərəf uşağın ona verilməsini tələb edir və onun vəziyyətinə bələd olduğunu bildir. Əgər belədirsə, o zaman qarşı tərəf bu iynələrin də o uşağa daim gərəkli olduğunu da bilməli idi. Bu məsələ onun uşağa olan münasibətini də birbaşa göstərir. Digər tərəfdən bildirir ki, Cavabdeh valideynləri həmin uşağın xəstəxanalarda olduğu, müalicə aldığı bu uzun müddət ərzində bir dəfə də olsun uşağın taleyi ilə maraqlanmayıblar. Ona görə də uşağın anadan alınaraq qarşı tərəfə verilməsini də heç cür doğru qəbul etmir. Qarşı tərəf o, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra uşaq tələbi ilə iddia irəli sürmüşdür. Buna qədər bir dəfə də olsun uşaq tələb etməyib. Ona görə də o, məhkəmədən ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında bildirmişdir ki, aliment təyin edildikdən sonra dərhal ödənişləri etməyə başlamış və bu mütəmadi olaraq davam etmişdir. Sadəcə olaraq iddiaçı tərəf icraçının tələblərinə zidd olaraq öz bank hesablarını təqdim etmir. O da məcburi olaraq alimenti dövlətin hesabına vaxtı-vaxtında ödəyirdi. Sonradan iddiaçı tərəf bu məqamdan istifadə edərək belə bir məsələ irəli sürdü ki, guya o alimenti ödəmir. Lakin sonradan ona məlum oldu ki, aliment vaxtında və tam həcmdə ödənilib və qarşı tərəf bunu bildiyi vaxtdan 4 gün ərzində həmin hesabdan ödənilmiş vəsaiti çıxardı. O, nikahın pozulması barədə iddia ərizəsi təqdim etdikdə qarşı tərəfə öz bank kartını təklif etmişdir ki, burda kifayət qədər vəsait var. Yəni ki, nikahın pozulması prosesi başa çatanadək qarşı tərəf kartda olan vəsaitdən istifadə edə bilər. Bununla bağlı o, öz övladına qarşı münasibətini ifadə etdi ki, aliment təyin olunana qədər lazım olarsa, burdakı vəsaitdən uşaq üçün istifadə edilə bilər. Qarşı tərəf isə onun bu təklifini rədd etdi. Bu məsələ həm iddiaçının, həm də cavabdehin münasibətini ifadə edir. O, alimentin ödənilməsindən heç vaxt qaçmayıb və hər zaman vaxtında və tam həcmdə ödəyib. Qarşı tərəfdən fərqli olaraq o, dediklərini sübutlarla təsdiq edir. Bildiyimiz kimi əmək fəaliyyəti ilə məşğul olan zaman bütün ödənişlər maaş kartına köçürülür. Məbləğin karta daxil edilməsi də, kartdan çıxarılması da qeyd edilir. Lazım olarsa, o, əvvəlki maaş kartından da çıxarışlar etməyə hazırdır və orada göstəriləcək ki, o, nə qədər maaş almış və o maaş nəyə xərclənib. O maaş konkret olaraq ərzağa, uşağın məktəb xərclərinə, aptek xərclərinə, Sitarə xanım və onun anasının xaricə getməyinə və istirahətinə xərclənirdi. Həmçinin o, bildirdi ki, uşaq onun himayəsinə veriləcəyi təqdirdə o, qarşı tərəfə uşaqla görüşmək üçün şərait yaradacaq, bunun üçün hər hansı bir məhkəmə qərarına ehtiyac olmayacaq. Uşaq xüsusi qayğıya ehtiyacı olan uşaqdır. Onun məqsədi uşağın inkişaf etməkdir. Onda hansısa problemlərin olması ilə bağı qarşı tərəf sübut təqdim etməli idi. Qəyyumluğun rəyinə gəlincə isə qeyd edir ki, o əslində həmin rəylə razı deyil. Çünki, rəy verilərkən bu hər hansı bir sənədlərə və digər sübutlara əsaslanmalıdır. Lakin mövcud rəydə belə bir hal görülmür. Hesab edir ki, rəy verənlər yəqin ki, hansısa bir əlaqələrinin olmasından dolayı əsassız bir rəy yazıblar. O da həmin rəyə qarşıdır. Çünki bu rəy nə düzgün formada tərtib olunub, nə də ki hansısa bir sənədlərə əsaslanıb. Birinci dəfə qəyyumluq rəy verəndə, ona iki saatlıq görüş veriləndə o razılaşmışdır ki, tezliklə uşağı görə bilsin. Lakin o, bilmirdi ki, bu məsələ bu qədər uzanacaq. O, artıq iki ildir ki, uşağını görmür. O, hər ay qazancının ¼ hissəsi qədər alimentin tutulmasına razıdır. Ona uşağın müalicə xərcləri ilə bağlı müraciət olunmayıb. Məhkəmə qərarı çıxarılandan sonra da alimenti ödəyib. Uşaqda xəstəliyinin olması faktını isə təsdiq edir. Qanda şəkərin miqdarının nə qədər olmasını ölçən aparat vardır ki, həmin aparatdan Azərbaycanda demək olar ki, yoxdur. Onu ilk dəfə o, Türkiyədən sifariş vermiş və pulunu da o ödəmişdir. Onu sayt vasitəsi ilə almış, satıçı ilə olan yazışmalarını da saxlamışdır və həmin yazışmalar dediklərini təsdiq edir. Əlavə olaraq Cavabdeh İddiaçı ilə 2018-ci ilin noyabr ayından yaşamadığını bildirmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən ilkin iddia ərizəsinin qismən, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, ilkin iddia ərizəsini qazancın ¼ hssəsində alimentin təyin edilməsinə münasibətdə qəbul edirlər. Mülki iş Qəyyumluq komissiyasına göndərildiyi müddətdə qarşılıqlı iddiaçı yeni işə qəbul olunmuşdur. Onlar bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmişlər və bildirir ki, ilkin iddia ərizəsinə bu hissədə hər hansı bir etirazları yoxdur. Digər tələblər barədə isə iş materiallarına qarşı tərəfdən hər hansı bir sübutlar təqdim edilmədiyi üçün o hissələrdə iddianı qəbul etmirlər. Qarşılıqlı iddia ərizəsini müdafiə edirlər. Nikah pozulan zaman qarşılıqlı iddia üzrə iddiaçı (iddiaçı) ərizə yazaraq uşağın yaşını və s amilləri nəzərə alaraq anasının yanında qalmasına razılığını bildirmişdir. Bu məsələ ilə bağlı mübahisə olnmamışdır. Lakin ilkin iddiaçı həftənin 5-6 gününü işdə olur və uşaq dayənin himayəsində qalır. Həmin dayəni isə iddiaçı tanıyır, çünki hələ birgə nikah dövründən uşağa baxan dayədir. Uşaq xəstəlikləri ilə əlaqədar xüsusi baxım tələb edir, həmin dayənin isə bununla bağlı hər hansı bir təhsili və ya digər bilikləri yoxdur. Nikah pozulan zaman qarşı tərəf bildirmişdi ki, uşağın ananın himayəsinə ehtiyacı vardır, lakin ana hal hazırda işlədiyinə görə uşaq demək olar ki, həmin himayədən məhrumdur. Qarşılıqlı iddia üzrə iddiaçının valideynləri hal-hazırda işləmir, təqaüdçüdürlər, uşağa baxa biləcək imkana malikdirlər. Ona görə də o, hesab edir ki, dayədənsə uşağın atasının himayəsində olması daha məsləhətlidir. Ona görə də xahiş edir ki, uşağın qarşılıqlı iddiaçının himayəsinə verilməsinə dair qətnamə qəbul edilsin. Qəyyumluq Komissiyasının rəyi ilə əlaqədar olaraq bildirir ki, adətən komissiya məhkəməyə ancaq rəy təqdim edir, çox nadir hallarda rəyə qoşma digər sənədlər də əlavə olunur. Anoloji işlərdə Komissiya adətən iclas haqqında vəkillərə bir-iki gün öncədən məlumat verir. Bu iclasla bağlı komissiya onlara təxminən iclasdan öncəki gün, saat 17:00-dan sonra bizə məlumat verdi. O, başqa rayonda iclasda olduğu üçün, qarşılıqlı iddia üzrə iddiaçı isə gedə bilmədiyi üçün xahiş etdi ki, iclası başqa vaxta təxirə salsınlar və bununla bağlı rəsmi teleqram - ərizə də göndərmişlər və İcra Hakimiyyətindən onlara bildirdilər ki, komissiyanın iclasını ərizə əsasında təxirə salırlar. Bir-iki gün sonra iclas oldu. O, şəxsən həmin iclasa getmişdir. Orda ona məlum oldu ki, iclas təxirə salınmayıb, əvvəlki tarixdə iclas keçirilib, qarşı tərəf vəkili ilə həmin iclasda iştirak edib. Orda bildirdilər ki, qarşı tərəf komissiyanın iclasında müəyyən sənədlər təqdim ediblər. Qəyyumluqda qısa mübahisələri oldu həmin sənədləri ona təqdim etmədilər və bildirdilər ki, rəyi məhkəməyə göndərəcəklər, sənədlərlə də məhkəmədə tanış olunar. Rəyin sonuncu abzasında isə ilkin iddiaçının təqdim etdiyi sənədlərə istinad olunur. Lakin həmin sənədlər rəyə əlavə olunmayıb. Burada da məsələ ondan ibarətdir ki, qarşılıqlı iddiaçı vaxtilə avtonəqliyyat qəzası keçirdib və müəyyən problemləri olub. Qarşı tərəf də həmin məsələni xüsusi ilə vurğulayır. Lakin hazırda onun səhhətində heç bir problem yoxdur. Bütün bunları nəzərə alaraq o, məhkəmədən ilkin iddia ərizəsinin qismən, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli, 2(004)- 2176/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X15 arasında bağlnamış nikah pozulmuş, 19.11.2012-ci i təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anası X11 yanında saxlanması, hər ay Cavabdeh 19.11.2012-ci il təvəllüdlü X1 üçün 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 19.02.2021-ci il tarixli, 2485/d saylı rəyindən görünür ki, azyaşlının mənafeyi naminə, həmçinin onun səhhətində olan problemlərlə bağlı daimi olaraq spesifik müalicəyə ehtiyacı olduğunu və qanunvericiliyin tələblərini nəzərə alaraq 19.11.2012-ci il təvəllüdlü X6 ilkin iddia tələbi üzrə İddiaçı himayəsində qalması məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Psixoloji rəydən görünür ki, 19.11.2012-ci il təvəllüdlü X6 azyaşlı və xüsusi qayğıya ehtiyacı olan uşaq olmasını nəzərə alaraq anası ilə birlikdə yaşaması məqsədə müvafiqdir. İş materiallarında olan X24 tərəfindən Cavabdeh verilmiş Arayışdan görünür ki, o, 28.12.2016-cı il tarixdə qızı 19.11.2012-ci il təvəllüdlü X9 “Mədinə” Tibb Mərkəzinə gətirərək onu nevropatoloq müayinəsindən keçirməsi üçün müraciət etmişdir. Bundan sonra uşağa təyin olunmuş autizm spektr pozuntusu diaqnozuna uyğun olaraq 10.01.2017-ci ildən, 17.07.2018-ci ilə qədər xüsusi müalicəvi proqram üzrə loqoped, psixoloq, psixopedaqoq və s. mütəxəssislərin vasitəsilə bərpa məşğələlərindən keçirilmişdir. Mərkəzdə görülmüş tədbirlər nəticəsində Leylanın əvvəlki vəziyyəti ilə müqayisədə xeyli irəliləmişdir. Mərkəz tərəfindən 10.01.2017-ci ildən 17.07.2018-ci ilə qədər Leylaya göstərilmiş xidmətlər babası X13 tərəfindən ödənilmişdir. Özənişin ümumi məbləği 9360 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, 19.11.2012-ci il təvəllüdlü X7 şəkərli diabed 1 tip aşkar olunmuşdur. Xəstəliyi mənşəyinə görə ağırdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, 19.11.2012-ci il təvəllüdlü X10 uşaq autizmi F84 xəstəliyindən əziyyət çəkir, onun ana tərəfindən daimi nəzarət və qulluğa ehtiyacı var. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 027 saylı arayışdan görünür ki, 19.11.2012-ci il təvəllüdlü X10 şəkərli diabet 1 tip xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan İnvestisiya Holdinqi tərəfindən 08.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh aylıq əmək haqqı 2700 manat təşkil edir. İş materiallarında olan 11.12.2018-ci il tarixli qəbzə əsasən 1030 tl yəni 328,67 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.3191 tl), 29.01.2019-cu il tarixli qəbzə əsasən 2360 yəni 753,07 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.3191), 11.06.2019-cu il tarixli qəbzə əsasən 1611 tl yəni 472,98 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2936 tl), 28.06.2019-cu il tarixli qəbzə əsasən 1611 tl yəni 473,95 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2942 tl), 19.09.2019-cu il tarixli qəbzə əsasən 1611 tl yəni 481,68 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2990 tl), 09.12.2019-cu il tarixli qəbzə əsasən 1611 tl yəni 473,47 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2939 tl), 15.02.2020-ci il tarixli qəbzə əsasən 1715 tl yəni 481,57 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2808 tl), 09.04.2020-ci il tarixli qəbzə əsasən 2480 tl yəni 621,98 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2508 tl), 09.10.2020-ci il tarixli qəbzə əsasən 2480 tl yəni 531,21 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2142 tl), 22.12.2020-ci il tarixli qəbzə əsasən 2480 tl yəni 551,05 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2222 tl), 03.07.2020-ci il tarixli qəbzə əsasən 2480 tl, yəni 615,04 manat (həmin tarixə lirənin manata qarşı məzənnəsi 0.2480) cəmi 5784,72 manat məbləğində pul çoxsaylı şəkər aparatının sensorlarına xərclənmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Yasamal Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli, 2(004)-2176/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X15 arasında bağlnamış nikah pozulmuş, 19.11.2012-ci i təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anası X11 yanında saxlanması, hər ay Cavabdeh 19.11.2012-ci i təvəllüdlü X1 üçün 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda ilkin iddia ərizəsi üzrə İddiaçı ilkin iddia ərizəsi üzrə Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 noyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutulması, 19 noyabr 2012-ci il təvəllüdlü X6 müalicə olunması üçün alınmış aparatlara görə ötən 20 ay müddətində çəkdiyi xərcin yarısı 4800 manat, insulin iynələri üçün ötən müdət ərzində 2000 manat xərcin yarı məbləğinin alınıb ona verilməsi, 19 noyabr 2012-ci il təvəllüdlü X6 hər ay müalicəsi üçün 340 manat aparata və dərmanlarının alınması üçün pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş aliment məbləği uşağın saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh ilkin iddia ərizəsini qismən etiraf etmiş və ondan hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment tutulmasına razı olduğunu bildirmişdir. Buna görə də iddia tələbi alimentin artırılması hissəsi üzrə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda valideynlərindən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda hər ay aliment tutulur. Bundan əlavə, Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan əlavə məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi 19 noyabr 2012-ci il təvəllüdlü X6 müalicəsi üçün atası Cavabdeh hər ay 340 manat məbləğində vəsaitin tutulması hissəsi üzrə tələb qismən təmin edilməli, 19 noyabr 2012-ci il təvəllüdlü X6 müalicəsi üçün hər ay 200 (iki yüz) manat məbləğində vəsait ilkin iddia ərizəsi üzrə Cavabdeh ilkin iddia ərizəsi üzrə İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə iclasında iştirak edən tərəflərin izahatları təsdiq edilir ki, tərəflərin birgə nikahından anadan olmuş 19 noyabr 2012-ci il təvəllüdlü X3 diabed və autizm spektr xəstəliklərindən əziyyət çəkir. İş materiallarında olan iddiaçı tərəfindən verilmiş qəbzlərdən də göründüyü kimi hər ay uşağın müalicəsi üçün müəyyən miqdarda pul xərclənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də ilkin iddia üzrə cavabdehin uşağın müalicəsi üçün əlavə pul vəsaiti verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq müalicə pulunun məbləği hər ay 200 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi 19 noyabr 2012-ci il təvəllüdlü X6 müalicə olunması üçün çəkilmiş xərclərin yarısının ilkin iddia ərizəsi üzrə Cavabdeh tutulması hissəsi üzrə tələb qismən təmin edilməli, tərəflər arasında faktiki ailə münasibətləri pozulduqdan sonra 19 noyabr 2012-ci il təvəllüdlü X6 müalicə olunması üçün çəkilmiş xərclərin, yəni 5784,72 manatın yarısı, 2892,36 manat məbləğində vəsait Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan müxtəlif qaimələrdən görünür ki, tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra 19 noyabr 2012-ci il təvəllüdlü X6 müalicə olunması üçün iddiaçı Türkiyyə Respublikasından çoxlu sayda şəkər ölçən aparat almış və həmin tibbi ləvazimatların əldə olunan tarixə mübadilə kursları müəyyənləşdirilməklə ümumilikdə 5784,72 AZN xərclənmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməli, 19 noyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ilkin iddia ərizəsi üzrə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment ilkin iddia ərizəsi üzrə İddiaçı xeyrinə tutulmalı, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı, ilkin iddia ərizəsi üzrə Cavabdeh 19 noyabr 2012-ci il təvəllüdlü X6 müalicəsi üçün hər ay 200 (iki yüz) manat məbləğində vəsait ilkin iddia ərizəsi üzrə İddiaçı xeyrinə tutulmalı, ilkin iddia ərizəsi üzrə Cavabdeh 19 noyabr 2012-ci il təvəllüdlü X6 müalicəsi üçün çəkilmiş xərclərin, yəni 5784,72 manatın yarısı, 2892,36 manat məbləğində vəsait ilkin iddia ərizəsi üzrə İddiaçı xeyrinə tutulmalı, lkin iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, qarşılıqlı idda ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı “uşaq tələbi”nə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməldir. Belə ki, iş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 19.02.2021-ci il tarixli, 2485/d saylı rəyindən görünür ki, azyaşlının mənafeyi naminə, həmçinin onun səhhətində olan problemlərlə bağlı daimi olaraq spesifik müalicəyə ehtiyacı olduğunu və qanunvericiliyin tələblərini nəzərə alaraq 19.11.2012-ci il təvəllüdlü X6 ilkin iddia tələbi üzrə İddiaçı himayəsində qalması məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Psixoloji rəydən görünür ki, 19.11.2012-ci il təvəllüdlü X6 azyaşlı və xüsusi qayğıya ehtiyacı olan uşaq olmasını nəzərə alaraq anası ilə birlikdə yaşaması məqsədə müvafiq hesab edilmişdir. Bundan da əlavə məhkəmə uşağın şəkərli diabed və autizm spektr xəstəliklərindən əziyyət çəkdiyini və azyaşlı olmasını nəzərə alaraq hesab edir ki, uşağın ana qayğısına ehtiyacı vardır. Ona görə də qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia ərizəsi qismən təmin edilsin. 19 noyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ilkin iddia ərizəsi üzrə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment ilkin iddia ərizəsi üzrə İddiaçı xeyrinə tutulsun və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İlkin iddia ərizəsi üzrə Cavabdeh 19 noyabr 2012-ci il təvəllüdlü X6 müalicəsi üçün hər ay 200 (iki yüz) manat məbləğində vəsait ilkin iddia ərizəsi üzrə İddiaçı xeyrinə tutulsun. İlkin iddia ərizəsi üzrə Cavabdeh 19 noyabr 2012-ci il təvəllüdlü X6 müalicəsi üçün çəkilmiş xərclərin, yəni 5784,72 (beş min yeddi yüz səksən dörd manat yetmiş iki qəpik) manatın yarısı, 2892,36 (iki min səkkiz yüz doxsan iki manat otuz altı qəpik) manat məbləğində vəsait ilkin iddia ərizəsi üzrə İddiaçı xeyrinə tutulsun. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar