Məhkəmə qərarları › İş №2(004)-4775/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4775/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4775/2024 24.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit borcunun silinməsi və bu barədə məlumatın mərkəzləşdirilmiş kredit reyestri sisteminə və Azərbaycan kredit bürosuna verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit borcunun silinməsi və bu barədə məlumatın mərkəzləşdirilmiş kredit reyestri sisteminə və Azərbaycan kredit bürosuna verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-də onun adına olan əsas borc üzrə 185528 ABŞ dolları, faiz borcu üzrə 211733,84 ABŞ dolları, cəmi 397261,84 ABŞ dolları məbləği təşkil edən kredit borcunun Cavabdeh QSC tərəfindən silinməsi və həmin kredit borcu silindikdən sonra bu barədə məlumatı mərkəzləşdirilmiş kredit reyestri sisteminə və Azərbaycan kredit bürosuna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən məhkum edilmiş Cahangir Hacıyevin "xxxx" ASCnin həyata keçirdiyi layihələr üçün əlavə vəsaitlərin tələb olunduğu üçün yenə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən məhkum edilmiş "xxxx" MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov onun tabeçiliyində çalışan fiziki şəxslərin adlarına kreditlərin rəsmiləşdirilməsini xahiş etmişdir. Belə olduğu təqdirdə X1 tələbi və Cahangir Hacıyevin "xxxx" ASC-yə verdiyi göstərişə əsasən onunla "xxxx" ASC arasında xx.xx.2009-cu il tarixdə, 3421 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən güya ona illik 15% olmaqla 12 ay müddətinə 186000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd olunan kredit qalığı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-dən Cavabdeh QSC-yə keçmişdir. Bildirmişdir ki, onunla "xxxx" ASC arasında xx.xx.2009-cu il tarixdə, 3421 saylı kredit müqaviləsi formal xarakter daşıdığı üçün həmin kredit borcu onun adından silinməlidir. Belə ki, "General Construction” MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilovun tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müxtəlif şəxslərin adlarına kredit müqaviləsi bağlamaqla ağır nəticələrə səbəb olan zərər vurulmuşdur. Beləliklə, onunla "xxxx" ASC-nin Mərkəzi filialı ilə arasında xx.xx.2009-cu il tarixli kredit müqaviləsi bağlansa da, həmin müqavilədə razılaşdırılmış kreditin faktiki ona verilməsinə dair kredit qovluğunda olan sənədlərdə öz təsdiqini tapmadığından həmin kredit onun adından silinməlidir. Bundan əlavə qeyd etmişdir ki, kredit götürülən zaman o, "xxxx" MMC-də turizm üzrə mütəxəssis işləyirdi və həmin kredit Xəlilov Dünyaminin xahişi ilə onun adına götürülmüşdür. Kredit götürülən zaman həmin kreditin ödənişi barədə narahat olmamağını, həmin kreditin qısa müddət ərzində bağlanacağını Dünyamin Xəlilov tərəfindən bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmündən də müəyyən olunur ki, "xxxx" MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilovun əməli Cinayət Məcəlləsinin maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, mülki iddia tələbidə təyin edilmişdir. Həmin cinayət işi ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərəfindən izahat verilmişdir. Məlum olmuşdur ki, "xxxx" MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müxtəlif şəxslərin adlarına kredit müqaviləsi bağlamaqla ağır nəticələrə səbəb olan zərər vurulmuşdur. Həmin hökmdən də, görünür ki, "xxxx" MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov tərəfindən bir çox şəxslərin adına formal müqavilə rəsmiləşdirilmiş və həmin şəxslərin adına kredit müqaviləsi bağlanmaqla pul götürülmüşdür. Həmçinin onun adına formal olaraq xx.xx.2009-cu il tarixdə, 3421 saylı kredit müqaviləsi bağlanmışdır. Halbuki ona heç bir kredit verilməmişdir. Bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Dünyamin Xəlilovun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinmiş və Cavabdeh QSC-nin mülki iddiası qismən təmin edilərək, onun və hökmdə adları keçən digər fiziki şəxslərin adlarına rəsmiləşdirilmiş formal kredit müqavilələrinə əsasən verilmiş kredit vəsaitlərinin Dünyamin Xəlilov və qeyrisindən müştərək qaydada tutulması hökm edilmişdir. Belə olduğu təqdirdə onunla "xxxx" ASC arasında xx.xx.2009-cu il tarixdə, 3421 saylı kredit müqaviləsi formal xarakter daşıdığı üçün həmin kredit borcu onun adından silinməlidir. Beləliklə, həm qüvvədə olan mövcud qanunvericiliyin tələblərinə əsasən, həmdə qanuni qüvvəsini almış hər iki hökmə əsasən onunla "xxxx" ASC arasında xx.xx.2009-cu il tarixdə, 3421 saylı kredit müqaviləsi formal xarakter daşıyaraq uydurma əqd olması təsdiqləndiyi üçün onun adında olan kredit borcu cavabdeh tərəfindən silinməli və bu barədə müvafiq məlumatlar mərkəzləşdirilmiş kredit reyestri bürosuna verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. İş materiallarında olan "xxxx" ASC-nin Mərkəzi filialı ilə İddiaçı arasında bağlanmış 3421 saylı, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən borc verən "xxxx" ASC borc alan İddiaçı 12 ay müddətinə illik 15 faiz hesablanmaqla 186000 ABŞ dolları məbləğində kredit xətti açmağı, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmuşdür. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən “X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən X2 təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən X5 təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Mülki iddia qismən təmin edilərək 6.642.548,58 (altı milyon altı yüz qırx iki min beş yüz qırx səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti X3 və X4 mülki iddiaçı Cavabdeh QSC-nin xeyrinə tutulmuş, mülki iddia qalan hissədə baxılmamış saxlanılmış və bu hissədə Cavabdeh QSC-nin nümayəndəsinə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündə şahid qismində İddiaçı məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2007-ci ildə Bakı Dövlət Universitetini turizm ixtisası üzrə bitirdikdən sonra təxminən 1 (bir) il direktoru İlham Ələsgərov olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində turizm üzrə mütəxəssis vəzifəsində işləmişdir. X6 Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin Turizm Departamentinin direktoru vəzifəsinə təyin olunduğundan onu da həmin departamentə turizm üzrə mütəxəssis təyin etmişdir. Holdinqə ümumi rəhbirliyi Dünyamin Xəlilov etmişdir. Onun əsas vəzifəsi vətəndaşlara turizm xidmətini holdinqə məxsus olan Şəki, Zaqatala və Qusar rayonlarında yerləşən otelləri reklam etməkdən ibarət olmuşdur. Ona verilən əmək haqqı 500+100 manat məbləğində olmuşdur. O, həmin məbləği müəssisənin mühasibindən nağd şəkildə almışdır. Təxminən 2009-cu ilin mart ayında Dünyamin Xəlilov onu yenidən yanına çağıraraq adına kredit rəsmiləşdirilməsi zərurəti yarandığını, həmin kreditin sonradan bank tərəfindən ödəniləcəyini bildirmişdir. O, Dünyamin Xəlilova inandığı üçün 04 mart 2009-cu il tarixdə sonuncunun sözü ilə "xxxx" ASCnin “Mərkəzi” filialına gedərək ona təqdim olunan kredit sənədlərinə imza etmiş, lakin bankdan hər hansı vəsait götürməmişdir. O, 04 mart 2009-cu il tarixli kredit müqaviləsi ilə tanış olaraq göstərmişdir ki, həmin müqavilədə “borc alan” qrafası qarşısındakı imzalar ona məxsusdur. O, Dünyamin Xəlilovun tapşırığı ilə bankın “Mərkəzi” filialına gedərək ona təqdim olunan sənədlərə imza etmiş, lakin heç bir məbləğdə kredit götürməmişdir. Həmin hökmün 22-ci səhifəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 251) görünür ki, İddiaçı adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 2.833.816,66 ABŞ dolları, faiz borcuna görə 661.945,04 ABŞ dolları, cəmi borc manat ekvivalentinə görə 4.171.106,83 manat təşkil edir. xx.xx.2023-cü il tarixli rəydən (cild 4, iş vərəqə 19-22) görünür ki, İddiaçı adına rəsmiləşdirilmiş 04 mart 2009-cu il tarixli, 3421 №-li kredit müqaviləsinə əsasən 04 mart 2009-cu il tarixdə 186.000 (bir yüz səksən altı min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 149.785,8 (bir yüz qırx doqquz min yeddi yüz səksən beş manat səksən qəpik) manat kredit vəsaiti götürülmüşdür. "xxxx" MMC-də turizm üzrə mütəxəssis işləyən İddiaçı adına rəsmiləşdirilmiş 04 mart 2009-cu il tarixli, 3421 №-li kredit müqaviləsinə əsasən 04 mart 2009-cu il tarixdə 186.000 (bir yüz səksən altı min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 149.785,8 (bir yüz qırx doqquz min yeddi yüz səksən beş manat səksən qəpik) manat məbləğində pul vəsaitini filialların aidiyyəti əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürüb Cahangir Hacıyev, Azad Cavadov və qeyriləri ilə mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək Cahangir Hacıyevə etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə ələ keçirib, mütəşəkkil dəstə tərkibində aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. İş materiallarında olan 23 oktyabr 2024-cü il tarixli, 13-7/3-1840/2024 nömrəli Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının arayışına əsasən xx.xx.2009-cü il tarixli, 3421 nömrəli kredit müqaviləsi ilə illik 15% olmaqla 12 ay müddətinə İddiaçı 186 000 ABŞ dolları kredit verilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh QSC-yə 185528,00 ABŞ dolları əsas borc və 211733,84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 397261,84 ABŞ dolları məbləğində pul ötürülmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixə Cavabdeh QSC-yə 185528,00 ABŞ dolları əsas borc və 211733,84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 397261,84 ABŞ dolları borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən İddiaçı illik 15% olmaqla 12 ay müddətinə 186000 ABŞ dolları məbləğində kredit verilmiş, "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair müqaviləyə əsasən tələb hüququ "xxxx" ASC-dən Cavabdeh QSC-yə keçmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlansa da, kredit müqaviləsi formal xarakter daşımış, bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə öz təsdiqini tapmış, həmin iş üzrə verilmiş mülki iddia qismən təmin edilərək 6.642.548,58 (altı milyon altı yüz qırx iki min beş yüz qırx səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti X3 və X4 mülki iddiaçı Cavabdeh QSC-nin xeyrinə tutulmuşdur. Göründüyü kimi, tərəflər arasında icra olunmamış öhdəlik münasibətləri faktiki və hüquqi baxımdan mövcud deyildir. Həmçinin cavabdeh tərəfindən də iddia tam etiraf edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə cavabdeh tərəfindən iddia tələbinin etiraf edildiyini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı adına olan əsas borc üzrə 185528 ABŞ dolları, faiz borcu üzrə 211733,84 ABŞ dolları, cəmi 397261,84 ABŞ dolları məbləği təşkil edən kredit borcunun silinməsi, bu barədə Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və Azərbaycan Kredit Bürosuna məlumat verilməsi öhdəliyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı adına olan əsas borc üzrə 185528 ABŞ dolları, faiz borcu üzrə 211733,84 ABŞ dolları, cəmi 397261,84 ABŞ dolları məbləği təşkil edən kredit borcunun silinməsi, kredit borcu silindikdən sonra bu barədə Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və Azərbaycan Kredit Bürosuna məlumat verilməsi öhdəliyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar