Məhkəmə qərarları › İş №2(004)-478/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-478/2022

14.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-478/2022 14.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4308/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə 02 avqust 2010-cu il təvəllüdlü X1 üçün sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 02 avqust 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy edərək 06.06.2009-cu ildə ailə qurmuş, birgə nikahdan 02.08.2010-cu ildə Mehin adında bir qız övladları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulmuş və ər-arvad münasibətləri kəsilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(004)- 4308/2020 saylı qətnaməsinə əsasən tərəflər arasında 06.06.2009-cu il tarixdə Bakı şəhəri Nizami Rayonu Qeydiyyat şöbəsində 421 nömrəli akt qeydi ilə rəsmiləşdirilən nikahın pozulması, birgə nikahdan doğulan 02.08.2010-cu il təvəllüdlü X2 onun himayəsinə verilməsi, 02 avqust 2010-cu il təvəllüdlü övladım Axundlu Mehin Anar qızının yetkinlik yaşma çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 200 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda cavabdeh X4 baş xəzinədar vəzifəsində çalışır və 1500 manat məbləğində əmək haqqı alır. Həmçinin uşağın inkişafı ilə əlaqədar məsrəflər də yetərincə artmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı ilə nikahları pozulduqdan sonra da onlar bir evdə yaşayırlar. O, evə görə banka olan ipoteka borcunu da ödəyir. Həmçinin, uşağın bütün zəruri məsrəflərini də o qarşılayır. Hesab edir ki, alimentin miqdarının artırılmasına zərurət yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərələrin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 24 avqust 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 522538 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Axundlu Mehin Anar qızı 02 avqust 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 24 avqust 2010-cu il tarixdə 2812 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(004)-4308/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 06.06.2009-cu il tarixdə Bakı şəhəri Nizami Rayonu Qeydiyyat şöbəsində 421 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan 02.08.2010-cu il təvəllüdlü X2 İddiaçı yanında qalması və 02 avqust 2010-cu il təvəllüdlü Axundlu Mehin Anar qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosialiqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (200 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı alimentin məbləği ilə bağlı belə qənaətə gəlir ki, uşağın mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi baxımından alimentin məbləği də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə uyğun olaraq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4308/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə 02 avqust 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı və 02 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4308/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə 02 avqust 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 02 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar