Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-478/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı qabyuyan maşının yenisi ilə əvəz edilməsi, yaxud pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı qabyuyan maşının yenisi ilə əvəz edilməsi, yaxud pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixdə Cavabdeh MMC-nin Xalqlar Dostluğu mağazasından 857 manat ödəniş etməklə aldığı “BOSCH SMİ46KS00T” markalı qabyuyan maşının yenisi ilə əvəz olunması, yaxud həmin mal üçün ödədiyi 857 manat pulun və dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin Xalqlar Dostluğu mağazasından 857 manat ödəniş etməklə “BOSCH SMİ46KS00T” markalı qabyuyan maşın almışdır. xx.xx.2023-cü il tarixdə həmin məhsul ünvan 1 ünvanında yerləşən mənzilinə çatdırılmışdır. Məhsulun qoşulması və “Zəmanət talonunun” imzalanması üçün Cavabdeh MMC tərəfindən göndərilmiş mütəxəssis məhsulun qoşulması anında onun qüsurlu olduğunu bildirmiş və təmir təklif etmişdir. O, təmirdən imtina edərək həmin mütəxəssisə məhsulun dəyişdirilməsini yaxud ödənilmiş pulun qaytarılmasını təklif etsə də, o, mağaza ilə əlaqə saxlamalı olduğunu ona bildirmişdir. Qeyd etmişdir ki, məhsul quraşdırılmadığı üçün “Zəmanət talonu” cavabdehin nümayəndəsi tərəfindən imzalanmamış və quraşdırılma tarixi qeyd olunmamışdır. Bundan sonra Cavabdeh MMC-yə məxsus qaynar xəttə dəfələrlə zəng etməyinə baxmayaraq zənglərinə cavab verilməmişdir. MMC-nin Baş ofisinə müraciət zamanı özünü rəhbər şəxs kimi təqdim edən Leyla adlı şəxs (+99455 2024788) şirkətin maliyyə çətinliyi olduğuna görə malın dəyişdirilməsi yaxud pulun geri qaytarılması üçün ondan 1 həftə möhlət istəsə də, sonradan onunla əlaqə yaratmaq mümkün olmamışdır. Baş vermiş hadisə ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciət etmişdir. Bu səbəbdən sözügedən məhsul üçün ödənilmiş pulun qaytarılması və ya məhsulun yenisi ilə əvəz olunması barədə pretenziya məktubu ilə xx.xx.2023-cü il tarixdə cavabdeh MMC-yə müraciət etmişdir. Bir neçə gün sonra ona zəng edərək özünü MMC-nin əməkdaşı olaraq təqdim edən Türkan adlı şəxs (+99455 2002604) mövcud problemin yaxın günlərdə aradan qaldırılacağını, sözügedən məhsulun yenisi ilə əvəz olunacağını bildirmişdir. Lakin sonradan həmin şəxs məhsulun yenisi ilə əvəz oluna bilməyəcəyini, yalnız təmir edilməsinin mümkün olduğunu ona bildirmişdir. Cavabdeh MMC məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsinə Cavabdeh MMC-ə qarşı Yasamal rayon Məhkəməsində iddia qaldıraraq qabyuyan maşının yenisi ilə əvəz olunması və ya 857 manat pulun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Məhsul tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya təhfil verilmişdir. İddiaçının özü də məhsulu təhfil almasına dair imza etmişdir. Malda hər hansı qüsur olsa idi iddiaçı onu qəbul etməzdi. Malda olan qüsurla bağlı hər hansı bir pretenziya olsa idi dərhal onlara məlumat verərdi. Cavabdeh MMC-nin iddiaçının pretenziyasından yalnız xx.xx.2023-cü il tarixli məktubdan yəni məhsul təhfil verildikdən 10 ay sonra olmuşdur. Məhz iddiaçı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət xidmətinə də 5 ay sonra müraciət etmişdir. Əgər məhsul qüsurlu olsa idi iddiaçı nə onu təhfil götürməz idi və hər hansı bir yazılı müraciət edərdi. Cavabdeh MMC hazırkı vəziyyətdən məlumatlı olan kimi dərhal və hətta yeni vəkili vasitəsi ilə iddiaçıya müraciət edərək xahiş edir ki, “iddia edirsən ki, qabyuyan qüsurludur, quraşdırmayıb bizim işçilər, quraşdırılmayıbsa gətir qaytaraq ya pulunuzu ya da yeni məhsul verək”. İddiaçı isə bunların heç birini etmir. Bir daha məhkəmə vasitəsi ilə qeyd edir ki, onların məhsulu əgər quraşdırılmayıbsa qaytarsın ya yenisi ilə əvəz edək ya da pulunu qaytaraq. İddiaçı onların vəkili ilə telefon danışığı zamanı bildirib ki, qabyuyan quraşdırılıb və istifadə edilibdir. Əgər qüsurlu olubsa necə quraşdırıblar? Deməli bu iddiaçının yalan uydurmasından başqa bir şey deyildir. İddiaçı iddia edir ki, güya onların barəsində protokol tərtib edilib məhkəməyə göndərilib. Bu da tamamilə əsassızdır. Onların barəsində tərtib edilən protokol üzrə məhkəmə qərar çıxartmaqdan imtina edib geri qaytarıbdır ki, Cavabdeh MMC inzibati icraata cəlb edilməmişdir. İddiaçı iddia edir ki, Cavabdeh MMC-nin nümayəndələri qabyuyanı quraşdırmamışdır. O zaman sual olunur ki, həmin qabyuyan kim tərəfindən quraşdırılıb? İddiaçıya təqdim edilən zəmanət talonundan görsənir ki, 3-cü şəxslərin məhsula müdaxiləsi zəmanəti qüvvədən düşürür. Bundan başqa məhsulun təhfil alınması aktında böyük hərflərlə xüsusi qeyd var: “XAHİŞ EDİRİK MALLARİN SAYİNİ, XARİCİ GÖRÜNÜŞÜNÜ YOXLAYİN, MALİ SAĞLAM VƏZİYYƏTDƏ TƏHFİL ALMAMİŞ İMZANİZLA TƏSTİQLƏMƏYİN ƏKS HALDA ŞİKAYƏT QƏBUL EDİLMƏYƏCƏKDİR.” Hesab edir ki, iddiaçı məhsulu 5 ay ərzində istifadə edib xarab etdikdən sonra bu addımı atıbdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh MMC-nin 80052273 saylı, xx.xx.2022-ci il tarixli çatdırılma qaiməsinə əsasən “BOSCH SMİ46KS00T” markalı qabyuyan maşın ünvan 1 ünvanında yaşayan İddiaçı çatdırılmışdır. - Bakı şəhəri Səbail rayonu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib olunmuş MN № ******* saylı, 07 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Belə ki, 16 mart 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində Cavabdeh MMC tərəfindən qüsurlu malın dəyişdirilməsindən imtina edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4697/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş MN № ******* saylı, 07 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə geri qaytarılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İddiaçı ünvanladığı 31 avqust 2023-cü il tarixli məktubuna əsasən müraciətləri ilə əlaqədar aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması faktı müəyyən edilmiş, Cavabdeh MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün xx.xx.2023-cü il tarixli 3-21-1/2-15494/2023 nömrəli məktubla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. - İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən o, sözügedən məhsul üçün ödənilmiş pulun qaytarılması və ya məhsulun yenisi ilə əvəz olunmasını təklif etmişdir. 10 iş günü ərzində təklifinə münasibət bildirilmədiyi təqdirdə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edəcəyini bildirmişdir. - Azərbaycan Respublikası “X1” 28 saylı, xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən aparılmış tədqiqatlar nəticəsində, ünvan 1 ünvanında yerləşən mənzildə olan “BOSCH SMİ46KS00T” markalı qabyuyan maşının qüsurlu olduğu, həmin qüsurun maşının daxili klapanında olduğu və bu qüsurun istehsal qüsuru olduğu müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində alğısatqı müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə həmin məhsul ünvan 1 ünvanında yerləşən mənzilinə çatdırılmışdır. Məhsulun qoşulması və “Zəmanət talonunun” imzalanması üçün Cavabdeh MMC tərəfindən göndərilmiş mütəxəssis məhsulun qoşulması anında onun qüsurlu olduğunu bildirmiş və təmir təklif etmişdir. O, təmirdən imtina edərək həmin mütəxəssisə məhsulun dəyişdirilməsini yaxud ödənilmiş pulun qaytarılmasını təklif etsə də, o, mağaza ilə əlaqə saxlamalı olduğunu ona bildirmişdir. Qeyd etmişdir ki, məhsul quraşdırılmadığı üçün “Zəmanət talonu” cavabdehin nümayəndəsi tərəfindən imzalanmamış və quraşdırılma tarixi qeyd olunmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 1-ci yarımbəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinin: 1-ci yarımbəndinə əsasən lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 2-ci yarımbəndinə əsasən malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi mövcud olmuş, cavabdeh tərəfindən iddiaçıya qüsurlu mal satılmış, həmin qüsurun istehsal qüsuru olduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-dən 857 manat ödəniş etməklə alınmış “BOSCH SMİ46KS00T” markalı qabyuyan maşının yenisi ilə əvəz olunması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, bu mümkün olmadıqda İddiaçı tərəfindən həmin mal üçün ödədiyi 857 (səkkiz yüz əlli yeddi) manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. İş materiallarında olan 28 saylı, xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat olmaqla, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manatı Cavabdeh MMC-dən tutularaq X2, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ 37NABZ********************, X3 MMC VÖEN **********, AZ64AİİB400900C**********208 nömrəli hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-dən 857 manat ödəniş etməklə alınmış “BOSCH SMİ46KS00T” markalı qabyuyan maşının yenisi ilə əvəz olunması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Bu mümkün olmadıqda İddiaçı tərəfindən həmin mal üçün ödədiyi 857 (səkkiz yüz əlli yeddi) manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq X2, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ 37NABZ********************, X3 MMC VÖEN **********, AZ64AİİB400900C**********208 nömrəli hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-478/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-478/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver