Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4805/2025 03.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı izahat verərək bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə onun idarə etdiyi Toyota markalı avtomobilə zərər vurulmuşdur. Həmin avtomobili o, kredit müqaviləsi əsasında əldə etmişdir və avtomobil onun istifadəsindədir. Fərdi sahibkar kimi taksi fəaliyyəti ilə məşğuldur. Baş vermiş hadisə zamanı azyaşlı övladı da avtomobildə olmuş və hadisə nəticəsində xəsarət almışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas dispozitiv şərt lazımdır:
1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.
2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı “Şəxsi maşınların sürücü ilə icarəsi” fəaliyyət istiqaməti üzrə fərdi sahibkardır, vergi ödəyicisidir. Cavabdehlərdən biri Cavabdeh2 MMC kommersiya hüququ şəxsidir. Həmçinin, digər Cavabdeh1 fərdi sahibkardır, vergi ödəyicisidir. Müəyyən edilir ki, mübahisənin qanuni əsasında zərər vurma, yəni deliktlə bağlı normalar çıxış edir. Lakin, mübahisə tərəflərin qarşılıqlı, yəni birgə fəaliyyətdən deyil, ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətindən doğmuşdur. Yəni, mübahisə həm iddiaçı, həm də cavabdehlər nöqteyi-nəzərdən kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Burada müzakirə olunası məsələ mübahisənin iddiaçının məhz sahibkarlıq fəaliyyəti ilə bağlı yaranıb-yaranmamasına dairdir. Yəni, iddiaçı bildirir ki, hadisə baş verən zaman o, bilavasitə taksi fəaliyyəti ilə bağlı deyil, məhz ailə üzvləri ilə birlikdə şəxsi məsələlərlə bağlı avtomobildə hərəkət etmişdir. Burada mübahisənin predmetinin iddiaçı nöqteyi-nəzərdən kommersiya münasibətlərindən doğubdoğmaması mübahisəlidir. Lakin, məhkəmə hesab edir ki, mübahisə hər bir halda baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi əsas götürülməklə hazırki mübahisə üzrə tərəflər kommersiya subyektləri olmaqla onlar arasında yaranmış münasibətlər kommersiya hüquq münasibətləridir. Tərəflər arasında yaranan münasibətlər məhz mübahisə üzrə tərəflərin (subyekt) özözlüyündə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarlıq münasibətlərindən doğmuşdur. Nəticə etibarilə, yuxarıda qeyd olunan hər 3 (üç) dispozitiv şərt ödənilir. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iddia ərizəsi ümumi məhkəməyə deyil, müvafiq kommersiya məhkəməsinə verilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh kommersiya hüquqi şəxsləridir və tərəflər arasında yaranmış münasibətlər üzrə mübahisə sözügedən subyektlərin sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi əsasında yaranmaqla mübahisənin predmetinin əsasını kommersiya hüquq münasibətləri təşkil edir. Nəticə etibarilə, mövcud məhkəmə təcrübəsi və qanunvericiliyinin tələbləri əsas götürülməklə iddia tələbinin kommersiya aidiyyatı baxımından yuxarıda qeyd olunan hər 3 (üç) dispozitiv şərt yerinə yetirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci və 45-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Sədrlik edən: Fariz Əlizadə