Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4810/2025 16.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (İpoteka və Kredit Zəmanət Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “güzəştli ipoteka krediti verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (İpoteka və Kredit Zəmanət Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “güzəştli ipoteka krediti verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 100.000 manat məbləğində ipoteka krediti verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun şərtlərinə uyğun olaraq Xalq Bank ASC-yə ipoteka krediti üçün müraciət etmişdir. Lakin bank ona kreditin verilməsindən əsassız və qanunsuz şəkildə imtina etmişdir. Elektron sistemdə imtinanın əsası kimi borcalanın gəlirlərinin stabil olmadığı qeyd edilmişdir. Lakin kredit mütəxəssisi tərəfindən şifahi qaydada imtinanın səbəbi kimi onun idman mərc oyunlarında iştirak etməsi göstərilmişdir. Bundan sonra, iddiaçı yazılı ərizə ilə həmin banka müraciət edərək imtinanın səbəbi barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. “Xalq Bank" ASC-dən ona göndərilən məktubda qeyd edilmişdir ki. O, kredit mütəxəssisinə Fondun X1 yaxın tanışı tərəfindən ipoteka müraciətinin edildiyini bildirmişdir. Bankın Elektron sistemdə, şifahi qaydada və yazılı şəkildə imtinanın əsası kimi qeyd edilən dəlillərin hər biri qanunsuz və əsassızdır. Onun uzun müddətdir ki, daimi iş yeri var, yüksək əmək haqqı alır. Hal-hazırda əmək haqqı 3.800 manat təşkil edir. Belə olan halda isə, Xalq Bank ASC-nin elektron sistemdə “borcalanın gəlirlərinin stabil olmadığı müəyyən edilmişdir” qeyd etdiyi imtina səbəbi tamamilə əsassızdır və qərəzlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbinə uyğun ifadə verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil ifadəsində bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, bank tərəfindən verilmiş imtina qanuni və əsaslıdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İpoteka və Kredit Zəmanət Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan BO-XO-7.4.2025-009 saylı, xx.xx.2025-ci il tarixli İddiaçı ünvanlanmış imtina məktubundan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Bankın “Zaqatala” filialına Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka krediti əldə etməklə bağlı müraciət etmişdir. Banka yaxınlaşan zaman Fondun X1 yaxın tanışı vasitəsilə ipoteka müraciətinin edildiyini bildirmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasının 4.3-cü yarımbəndini (İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir) rəhbər tutaraq Fond vəsaiti hesabına güzəştli ipoteka kreditinin ayrılması məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan İddiaçı Elektron kabinetinə ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, bank tərəfindən borcalanın gəlirlərinin qeyri-stabil olduğu müəyyən edilmiş, Bu səbəbdən müraciətdən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondu tərəfindən İddiaçı Elektron kabinetinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ilkin razılıq barədə məktubdan görünür ki, İddiaçı ipoteka krediti üzrə müraciətinizə müvəkkil bank tərəfindən 100.000 (yüz min) manat məbləğində kreditin verilməsinə ilkin razılıq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin 3-33-1400/01/013 saylı, 11 mart 2025-ci il tarixli Arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində xidmətdədir, hal-hazırda Balakən Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzinin böyük inspektoru vəzifəsində çalışır, orta aylıq gəliri 3875,00 manat olmaqla, “Dövlət qulluğu haqqında” qanunun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə xidmət keçir. 9 ildir ki, xidmətdədir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun X1 qeydiyyatdan keçməklə güzəştli şərtlərlə ipoteka kreditinin ona ayrılması barədə müraciət etmişdir. İddiaçının müraciətinə ikin razılıq verilmiş, müvafiq sənədlər təqdim edilməklə "xxxx" ASC-yə yaxınlaşmağı bildirilmişdir. İddiaçı zəruri sənədlərlə "xxxx" ASC-yə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə bank tərəfindən borcalanın gəlirlərinin qeyri-stabil olduğu müəyyən edilməklə ona güzəştli şərtlərlə ipoteka kreditinin verilməsindən imtina edilmişdir. İddiaçı tərəfindən imtinanın səbəblərini öyrənmək üçün təkrar müraciət edilmiş, bank Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasının 4.3-cü yarımbəndini (İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir) rəhbər tutaraq Fond vəsaiti hesabına güzəştli ipoteka kreditinin ayrılması məqsədəmüvafiq hesab edilməmişdir. Məhkəmə qeyd edir ki, bank tərəfindən Fond vəsaiti hesabına güzəştli ipoteka kreditinin ayrılmasından imtina edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin məcəllənin 6.3-cü maddəsinə əsasən Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən Aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər: 3.2.1. gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
1. şəhidin övladları; 1-1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları.
2. Azərbaycanın Milli Qəhrəmanının övladları;
3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
4. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
5. ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (İ yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (İ, İİ və ya İİİ yer);
8. ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs; 3.2.2. elmlər doktoru elmi dərəcəsi olan şəxs; 3.2.3. ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; 3.2.4. ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla); 3.2.5. ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs; 3.2.6. ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər; 3.2.7. ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs; 3.2.8. ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs; 3.2.9. şəhid ailəsinin üzvü (əri/arvadı); 3.2.10. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı); 3.2.11. Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı). Həmin qaydaların 3.4-cü bəndinə əsasən Güzəştli ipoteka krediti dövlət büdcəsindən ayrılan vəsait hesabına, habelə dövlət zəmanətli istiqrazların emissiyasından əldə olunan vəsaitin güzəştli ipoteka kreditinə yönəldilən hissəsi hesabına verilir. Dövlət büdcəsindən ayrılan vəsait yalnız güzəştli ipoteka kreditinin maliyyələşdirilməsinə yönəldilir. Həmin qaydaların 4.1-ci bəndinə əsasən fondun vəsaiti hesabına ipoteka kreditini, bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir. Həmin qaydaların 4.3-cü bəndinə əsasən İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən müvəkkil bank elektron sistem vasitəsilə əldə olunan sənədlər və həmin sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı üçün şəxsin təqdim etdiyi sənədlər əsasında 3 iş günü müddətində ipoteka krediti almaq istəyən şəxsə ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir. Həmin qaydaların 4.11-ci bəndinə əsasən bu Qaydada nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən imtina edilə bilməz. Göründüyü kimi, ipoteka kreditinin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydaları ilə tənzimlənir. Həmin qaydalarda fondun vəsaiti hesabına ipoteka kreditinin verilməsindən imtina üçün konkret əsaslar göstərilmiş, həmçinin həmin əsaslardan başqa digər əsaslar imtinaın yolverilməzliyi imperativ qaydada göstərilmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı 2015-ci ildən, yəni 9 ildir ki, dövlət qulluğunun xüsusi növündə xidmət keçməklə aylıq vəzifə maaşı 3875 manat təşkil edir. Yəni status etibarilə güzəştli şərtlərlə ipoteka hüququ verən şəxslər kateqoriyasına aiddir. Buna müvafiq olaraq, iddiaçının ilkin müraciətinə razılıq verilmiş, ona 100.000 manat məbləğində kredit vəsaiti Fondun hesabına ayrılmışdır. Bank iddiaçının müraciətindən imtina edərkən 2 əsas göstərmişdir. Birincisi, bank xx.xx.2025-ci il tarixdə müraiətdən imtina edərkən qeyd edir ki, borcalanan gəlirləri qeyri-stabildir. Lakin nə məhkəmə iclasında, nə də iddiaçıya ünvanlanmış digər sənədlərdə gəlirin qeyri-stabil olmasının əsasını izah edə bilmir. Halbuki iddiaçı dövlət qulluğunun xüsusi növündə xidmət keçməklə 3875 manat əmək haqqı alır. Bu məbləğ mövcud vəziyyətdə iddiaçıya güzəştli şərtlərlə ipoteka krediti verilməsi üçün uyğun hesab edilməklə ona ilkin razılıq verilmişdir. İkincisi, bank xx.xx.2025-ci il tarixdə iddiaçıya imtinanın səbəblərini izah edərkən müraciəti başqa şəxsin onun adına icra etdiyini göstərir və qaydaları 4.3-cü bəndini rəhbər tutur. Həmin bənddə qeyd edilir ki, İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Lakin bununla bağlı cavabdeh bank təşkilatı hər hansı sübut təqdim etməmiş, əksinə təqdim edilən bütün sənədlərdə müraciətlərin iddiaçının özü tərəfindən həyata keçirildiyi aydın görünür. Eyni zamanda, məhkəmə hesab edir ki, yuxarıda qeyd edildiyi kimi, qaydaların 4.11-ci bəndinə əsasən bu Qaydada nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən imtina edilə bilməz. Lakin nə məhkəmə araşdırması ilə, nə də cavabdeh bank təşkilatının təqdim etdiyi sənədlərlə belə bir imtina üçün konkret əsas müəyyən edilmir. Əksinə, qaydaların 4.6-cı bəndinə əsasən müvəkkil bank elektron sistem vasitəsilə əldə olunan sənədlər və həmin sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı üçün şəxsin təqdim etdiyi sənədlər əsasında 3 iş günü müddətində ipoteka krediti almaq istəyən şəxsə ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Buna müvafiq olaraq, iddiaçının təqdim etdiyi məlumatlar əsasında (şəxsi məlumatları, əmək haqqı məlumatları, ailə vəziyyəti və s.) iddiaçının vəziyyəti müvəkkil banka məlum olmaqla ipoteka krediti üzrə müraciətinə müvəkkil bank tərəfindən 100.000 (yüz min) manat məbləğində kreditin verilməsinə ilkin razılıq verilmişdir. Belə razılığın verildiyi halda, sonradan razılıq geri götürülməklə, imtina edilməsinin səbəbləri isə ümumiyyətlə göstərilməmişdir. Ona görə də cavabdeh bank təşkilatı tərəfindən iddiaçıya dövlət büdcəsinə hesabına ayrılmış ipoteka kreditinin verilməsindən imtina əsassız hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, bank tərəfindən Fond vəsaiti hesabına güzəştli ipoteka kreditinin ayrılmasından imtina edilməsi amanı qanun pozuntusuna yol verildiyindən, həmin imtina qanunsuz hesab edilməli, iddia təmin edilməli, İddiaçı 100000 (bir yüz min) manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi və bununla bağlı müqavilə bağlamaq öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı 100000 (bir yüz min) manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi və bununla bağlı müqavilə bağlamaq öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim Kərim Xudayev