Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4813/2020 28.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-14650/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki,tərəflərin birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 iki övladı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-14650/2016 nömrəli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü Fərhad və xx.xx.2008ci il təvəllüdlü Fərəhin yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda uşaqlar böyüdüklərinə və təlabatları artdığına görə cavabdehin ödədiyi aliment məbləği uşaqların ehtiyaclarını ödəmir. Bundan başqa, ölkədə uşaqlar üçün yaşayış minimumu da 2016-cı ilə münasibətdə dəyişməklə. 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. İddiaçı övladlarının maddi ehtiyaclarının əksər hissəsini öz vəsaiti hesabına ödəyir, cavabdeh də ata kimi uşaqların minimum ehtiyaclarının ödənilməsindlə iştirak etməyə borcludur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və yazılı etiraz təqdim edərək izahatında bildirdi ki, onun İddiaçı ilə rəsmi nikahdan xx.xx.2006-cı il təvəllüdlü Fərhad və xx.xx.2008-ci il təvəllüdlü Fərəh adlı iki uşağı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü Fərhad və xx.xx.2008-ci il təvəllüdlü Fərəhin yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. O, hazırda müharibə veteranı kimi 80 manat müavinət alır, öhdəsində 85 yaşlı atası var. Atası 300 manat pensiya alır. Bir uşağın aylıq ehtiyacını 117 manat alimentin ödəmədiyini dərk edir. Lakin iddiaçının maddi vəziyyəti çox yaxşıdır, onun alimentə ehtiyacı yoxdur. İddiaçı hazırkı iddianı qaldırmaqla, onların birgə nikahda əldə etdikləri və payları müəyyən edilmiş Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Bünyadzadə küçəsindəki 34B nömrəli evin ümumi sahəsi 109,3 kv.m olan 3 otaqlı 16 nömrəli mənzilində olan onun 1/3 payını iddiaçının adına keçirilməsinə nail olmaq istəyir. Bundan başqa onun təsisçisi olduğu şirkət isə 2009-cu ilin sentyabrından fəaliyyətini dayandırmış, 5 nəfər işçilərini işdən azad etmək məcburiyyətində qalmışdır. Hazırda işsiz olaraq qalır. Bütün bunlara baxmayaraq uşaqlarına mənəvi dəstək göstərməkdə davam edir. Həmçinin atasına uzun sürən ağır onkoloji xəstəliyi ilə mübarizə aparmasında mənəvi və fiziki yardım edir. Onun özünün də müalicəyə ehtiyacı var. Belə bir şəraitdə ondan alimentin məbləğinin artırılmasının tələb edilməsi mümkünsüzdür. Belə ki, gəlirində heç bir artım yoxdur. Bundan başqa iddiaçı 2011-ci ildən Qazaxıstanda yaşayır və orada dərman şirkətlərindən birində çalışır, kifayət qədər yüksək maaşla təmin olunur, onun ödəyəcəyi cüzi alimentə faktiki olaraq ehtiyacı yoxdur. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-14650/2016 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək həy ay 170 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Məhkəmə, uşağın mənafeyini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 14650/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 117 manat olmaqla, tutulan cəmi 234 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cavabdeh iddiaçının yüksək gəlirə malik olmasını, uşaqların saxlanması üçün onun ödədiyi alimentə ehtiyacı olmadığını qeyd etsə də, iddiaçının yüksək gəlirə malik olmasını təsdiq edən hər hansı bir yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, cavabdeh ödədiyi aliment məbləğini cavabdehin şəxsən özü üçün deyil, öz övladlarının saxlanılması məqsədilə cavabdehə ödəyir. Bu səbəblərdən hazırda iddianın rədd edilməsi üçün əsaslar mövcud deyildir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-14650/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 117 manat olmaqla, tutulan cəmi 234 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4813/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4813/2020
28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver