Məhkəmə qərarları › İş №2(004)-4883/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4883/2023

20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4883/2023 20.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6037/2013 saylı, xx.xx.2013-cı il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2014-cü il tarixli, 2(103)2137/2014 saylı qətnaməsi ilə iddiaçının himayəsində saxlanılmış xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi və uşaqların saxlanılması üçün Cavabdeh hər uşaq üçün hər ay 220 manat olmaqla , cəmi 440 manat sabit pul məbləğində aliment məbləğinin iddiaçının ilkin mediasiya təklifi ilə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023-cü ildən hesablanmaqla tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6037/2013 saylı, 12 dekabr 2013-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçüm 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2137/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların ananın himayəsində saxlanılması və uşaqların saxlanılması üçün cavabdehdən xx.xx.2013-cü il tarixdən etibarən hər bir uşağa görə 103 manat olmaqla, cəmi 206 manat alimentin tutulması qət edilmişdir. Lakin hazırda inflyasiya, uşaqların təlabatlarının artması səbəbindən az məbləğdə ödənilən aliment kifayət etmir, cavabdeh tərəfindən ödənilən məbləğ uşaqların nəinki maddi təlabatlarını təmin etmək, heç məktəb xərclərini də ödəmir. İddiaçının övladlarının həm maddi, həm də mənəvi təlabatlarını təkbaşına ödəmək imkanı yoxdur, bu vaxta kimi uşaqlar yaxınlarının köməyi ilə saxlanmışdır. Hazırda cavabdeh sahibkarlıqla məşğul olur və böyük məbləğdə pul qazanır, lakin övladlarının tələbatlarının qismən də ödənilməsinə heç bir əlavə vəsait sərf etmir. Halbuki, övladları 11 və 14 yaşlarındadır və onların cəmiyyətdə normal böyüdülməsi üçün xeyli miqdarda pul vəsaiti lazımdır. İddiaçı aliment məbləğinin artırılması barədə məhkəməyə müraciət etməmişdən əvvəl mediatora müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən alınmış məlumatlara əsasən: İddiaçı hazırda heç bir yerdə işləmir və müntəzəm gəliri yoxdur. Mülkiyyətində hərhansı bir əmlakı yoxdur və sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Cavabdeh hazırda heç bir yerdə işləmir və müntəzəm gəliri yoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, mülkiyyətində əmlak yoxdur. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarını müəyyən edərkən, məhkəmə uşaqların və iddiaçının mənafelərini, onların əvvəlki təminat səviyyəsini, iddiaçının alimenti sabit pul məbləğində tutulması barədə tələbini, cavabdehin əmlak vəziyyətini, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olmasını nəzərə alır və hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2137/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin xx.xx.2023-cü il tarixdən etibarən tutulması tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi, istinad olunan maddəyə əsasən aliment tələbi ilə bağlı ilk dəfə məhkəməyə müraciət edildikdə məhkəmə qərarı ilə əvvəlki dövr üçün aliment 3 illik müddət həddində tutula bilər. Lakin hazırki halda iddiaçı aliment alır. Alimentin miqdarı artırıldıqda alimentin tutulması məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən başlanır. Odur ki, iddia tələbi bu hissədə təmin oluna bilməz və rədd edilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1.2. İddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan məhkəmə hesab edir ki, 68 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2137/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar