Məhkəmə qərarları › İş №2(004)-4918/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4918/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4918/2021 13.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 13.05.2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 800 AZN məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.02.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 3905.65 manat təşkil edir. Bundan 721.95 manat əsas, 3082.50 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 101.20 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********276 saylı 26.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən cəmi 3905.65 manat – bundan 721.95 manat əsas, 3082.50 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 101.20 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, bank ilə cavabdeh arasında 13.05.2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə 800 AZN məbləğində kredit xətti açılmışdır. İş materillarına əlavə edilmiş çıxarışdan görünür ki, cavabdeh krediti aldından sonra müqavilə üzrə heç bir ödəniş etməmişdir. Kredit xətti müqaviləsində kassa məxaric orderi olmur, yalnız kredit kartının zərfi təqdim edilir. Məhkəmənin sorğusuna əsasən istənilmiş sənədlər əslləri məhkəməyə təqdim edilməsi imkanları xaricindədir. Lakin buna baxmayaraq cavabdehin baka olan borcunu tələb edirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə sonuncu qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Mənzil- Kommunal Təsərrüfatı Birliklərinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3905.65 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış 13.05.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsini göstərmiş və həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə 800 manat məbləğində kredit xəttinin açıldığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək iddia ərizəsinə tərəflər arasında bağlanmış kredit müqaviləsini deyil, iddiaçının özü tərəfindən təsdiqlənmiş hesab üzrə əməliyatlara dair çıxarışın surətlərini əlavə etmişdir. Məhkəmə tərəfindən iddiaçıya həm şifahi (məhkəmə iclas protokollarına qeyd edilməklə) şəkildə və həm də, yazılı şəkildə müraciət edilərək, iş üçün zəruri olan sənədlərin əsllərinin məhkəməyə təqdim olunması tələb edilmiş, lakin sözü gedən sənədlərin əslləri və ya notarial qaydada təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə ünvanlanmış 15 fevral 2002-ci il tarixli məktubda qeyd edilir ki, məhkəməyə təqdim edilən təsərrüfat, maliyyə kargüzarlıq və şəxsi xarakterli sənədlərin mötəbərliyinə və həqiqiliyinə əmin olmaq üçün ilk növbədə onların əsli və notariat qaydasında təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar