Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4918/2022 17.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödəənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “Attenti” markalı elektron nəzarət qurğusunun dəyərinin əvəzi olan 2277,4 manat məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirir ki, cavabdeh Orucov X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2021-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və xx.xx.2021-ci il tarixdə məhkum qeydiyyata götürülmüşdür. xx.xx.2021-ci il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvanında “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq və 1 ədəd mobil qurğunun enerji adapteri təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrasının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsinin daşınması, işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı izah edilərək yaddaş kitabçası verilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Cavabdeh təyin edilmiş cəzanın bitməsi ilə əlaqədar olaraq bu ilin aprel ayından bəri evinə dəfələrlə baxış keçirilsə də, anası X4 dəfələrlə xəbərdarlıq edilsə də elektron nəzarət vasitəsi şöbəyə geri qaytarılmamışdır. Anasının dediyinə görə Cavabdeh tüfeyli həyat tərzi yaşayır, həmçinin nəzarət vasitələrini itirdiyi üçün çağırışlara gəlməmişdir. Belə olan halda hesab edilir ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından “Attenti” markalı elektron nəzarət qurğusunun mobil qurğusu şöbəyə geri qaytarılmadığı üçün maddi ziyan vurulmuşdur. Mobil nəzarət qurğusunun dəyəri 2277,4 manat təşkil edir. Suala cavab olaraq bildirir ki, həmin cihazın yenisini aldıqda ƏDV-sini ödəyirlər. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-60/2021 saylı hökmünə əsasən Cavabdeh 1 il 11 ay 12 gün azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli göstərişin surətinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-60/2021 saylı hökmü xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün icra edilməsi üçün İddiaçınə göndərilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli protokolun surətinə əsasən bir ədəd “Attenti” markalı mobil qurğu, bir ədəd “Attenti” markalı elektron qolbaq və bir ədəd adapter Cavabdeh təhkim edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, ED-M-№ 96-21 nömrəli nömrəli məktubunun surətinə əsasən “Attenti” markalı bir ədəd sadə elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektrik adapteri və bir ədəd proqram lisenziyasının ƏDV daxil olmaqla cəmi dəyəri 2277,4 manat təşkil edir. İşin mübahisəsiz halı odur ki, cavabdehə məhkəmə hökmünə əsasən 1 il 11 ay 12 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş və ona elektron qolbaq təhkim edilməklə digər qurğularla birlikdə təhvil verilmişdir. Lakin cəzaçəkmə müddətinin bitməsinə baxmayaraq nəzarət qurğuları Probasiya şöbəsinə təhvil verilməmişdir. Hazırda iddiaçı cavabdehə təhvil verilmiş və cəza müddəti bitdikdən sonra geri qaytarılmamış əşyaların dəyəri olan 2277,4 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia etiraz və ya hər hansı sübut verməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, mübahisə predmeti olan əşyaların cavabdehə təhvil verildiyi müəyyən edilmiş, lakin həmin əşyaların geri qaytarıldığı müəyyən edilməmişdir. Belə olan halda dövlət büdcəsinə həmin əmlakın dəyəri həcmində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə (X3, M\H: AZ41NABZ********************, VÖEN **********, kod 210005, SWİFT CTREAZ22) ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, həmçinin iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan 42,77 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulmalıdır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə (X3, M\H: AZ41NABZ********************, VÖEN **********, kod 210005, SWİFT CTREAZ22) ödənilsin. Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4918/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4918/2022
17.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver