Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4930/2023 20.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 6145,3 manat əsas, 864,65 manat faiz, 58,96 manat cərimə borcu olmaqla, cəmi 7068,91 manat borcun və 90,69 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 23% ödəmək şərtilə 6268 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 sentyabr 2023-cü il, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 6145,3 manat əsas, 864,65 manat faiz, 58,96 manat cərimə borcu olmaqla, cəmi 7068,91 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı ilə bağlanmış 1756micXRD/22 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 23% ödəmək şərtilə 6268 manat məbləğində kredit verilmişdir. Təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq krediti, ona hesablanmış faizləri və cəriməni müqavilə ilə nəzərdə tutulmuş müddətdə və qaydada ödəməmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə borcu 3 iş günü müddətində ödəməklə müqavilənin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən, cavabdehlər Cavabdeh3, Cavabdeh2 isə ona zamin durduqlarından iddia əsas və cərimə borcları tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə faiz borcu tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləlilklə Konstitusiya Məhkəməsinin istinad olunan qərarına əsasən müqavilənin tərəflərindən biri müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda digər tərəfin ona müqavilənin ləğvi təklifini bildirməklə müqavilə ləğv edilmiş hesab edilir. Eyni zamanda həmin qərarda Konstitusiya Məhkəməsinin ifadə olunmuş hüquqi mövqeyinə əsasən hazırki halda iddiaçı bank yalnız müqavilənin qüvvədə olduğu müddətdə müqavilə ilə nəzərdə tutulmuş faiz dərəcəsi ilə faizlərin tutulmasını tələb edə bilər. Müqavilənin ləğvindən sonra isə Mülki Məcəllənin 445.7-ci maddəsi ilə nəzərdə tutulmuş 5 faiz məbləğində vəsait tələb edə bilər. Yuxarda qeyd olunduğu kimi, iddiaçı cavabdeh X1 xx.xx.2023-cü il tarixdə müqavilənin 3 iş günü müddətində ləğvi barədə təklif göndərmiş, yəni tərəflər arasında bağlanmış kredit müqavliəsi 15 iyul 2023-cü il tarixdə ləğv edilmişdir. Odur ki, iddiaçı həmin tarixə mövcud olmuş müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə hesablanmış faiz borcunu, yəni 620,44 manat məbləğində faiz borcunu tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faiz borcu tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 620,44 manat məbləğində faiz borcu tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 87,55 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 6145,30 manat əsas, 620,44 manat faiz, 58,96 manat cərimə borcu olmaqla, cəmi 6824,70 (altı min səkkiz yüz iyirmi dörd manat yetmiş qəpik) manat borc və 87,55 səksən yeddi manat əlli beş qəpik) manat dövlət rüsumu "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova