Məhkəmə qərarları › İş №2(004)-4944/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4944/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4944/2021 27.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi və güzəştli kredit müqaviləsinin bağlanılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi və güzəştli kredit müqaviləsinin bağlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının onun Cavabdeh ASC-yə olan 10344,73 manat məbləğində kredit borcuna münasibətdə tətbiq edilməsi və Cavabdeh ASC ilə onun arasında illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli kredit müqaviləsinin bağlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh QSC ilə onun arasında bağlanmış 30 aprel 2015-ci il tarixli 018KK**********01 nömrəli kredit müqaviləsi ilə, bank tərəfindən ona 12 ay müddətinə, illik 2.4167 faiz ödəmək şərti ilə 6950 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra həmin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restruktizasiya olunan məbləğlər siyahısına daxil edilmişdir. Daha sonra o, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmiş və həmin borc restruktizasiya olunmuş, Cavabdeh QSC-yə 1470.27 manat məbləğində kompensasiya ödənilmişdir. İddia ərizəsinə əlavə edilən çıxarışdan da göründüyü kimi, onun Cavabdeh QSC-yə olan qalıq borcunun məbləği cəmi 10344,73 manat təşkil edir. Cavabdeh "xxxx" QSC 6403.66 ABŞ dolları məbləğində kredit borcu və 8191.15 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ücəmi 14591,81 ABŞ dolları məbləğində borcun ondan tutulması barədə məhkəməyə müraciət etsə də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 12.04.2021-ci il tarixli qərarı ilə iddia tələbi cərimə borcunun tutulması hissəsində təmin etməmişdir. O, 18.12.2019-cu il tarixli məktubla Cavabdeh ASC-yə restruktizasiya prosesinin sonacan aparılması və qalıq borcunun 60 aya bölünməsi ilə bağlı müraciət etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmişdir. Göründüyü kimi, o cavabdehə olan kredit borcu bu prosedurun ilk 2 mərhələsindən keçsə də, güzəştli kreditin verilməsi məsələsinə hələ də baxılmır. Belə ki, xarici valyuta ilə alınmış borcun devalvasiya ilə bağlı olaraq artmış hissəsi sözügedən Fərmanla müəyyən edilmiş qaydada hesablanaraq ödənilmişdir. Daha sonra cavabdeh həm əsas borcun, həm də əsas borcun gecikdirilməsinə görə hesablanmış cərimənin ona ödənilməsini məhkəmədən tələb etsə də, qanuni hüquqi qüvvəyə minmiş yekun məhkəmə aktı ilə iddia tələbi cərimə borcunun tutulması hissəsində təmin edilməmişdir. Bununla da kreditin sağlamlaşdırılmasının ikinci mərhələsi də təmin olunmuşdur. Lakin, dəfələrlə tələb etməyimə baxmayaraq, cavabdeh mənimlə yeni güzəştli kredit müqaviləsi bağlamır və əsas borc məbləği 60 aya bölünmür. Bununla da Fərmanın icra edilməsi məhz bu mərhələdə yarımçıq qalır. Halbuki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara məhz restruktizasiyanın həyata keçirilməsi ilə bağlı kredit verilmişdir. O, həmin borcu tam ödəməyə maddi imkanım yol vermir. Aydın məsələdir ki, 2015-ci ildə devalvasiyanın baş verməyəcəyi təqdirdə o banka olan borcunu tam şəkildə ödəyə biləcəkdi. Lakin, indiki şərtlər o həmin borcu birdəfəyə ödəməyə imkan vermir. Göründüyü kimi, o borcun ödənilməsindən boyun qaçırmır. Sadəcə olaraq borcun birdəfəlik ödənilməsi onun imkanları xaricində olduğundan, o onu 60 ay ərzində hissə-hissə qaytarmaq niyyətindədir. Sözügedən Fərmanın cavabdeh tərəfindən tam icra edilməməsi o maddi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. Cavabdeh ASC Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanını qəsdən icra etmir. Həmin Fərmanda birbaşa göstəriş olmasına baxmayaraq, cavabdeh ondan cərimə borcunu tələb etmişdir. Buna baxmayaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin 12.04.2021-ci il tarixli qərarı ilə ədalət öz yerini tapmış və cavabdehin iddia tələbi həmin hissədə təmin edilməmişdir. Bu da onun göstəricisidir ki, cavabdeh mənə münasibətdə qərəzli mövqedədir və bilə-bilə qanunla müəyyən olunan güzəştləri tətbiq etmir. İndi isə cavabdeh əsas kredit borcunun 60 aya bölünməsi məsələsinə baxmır. Bu isə onun qanunla müəyyən olunan güzəştlərdən yararlana bilməməyim ilə nəticələnərək hüquqlarını ciddi şəkildə pozur. Odur ki, Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının onun Cavabdeh ASC-yə olan 10344.73 manat məbləğində kredit borcuna münasibətdə tətbiq edilməsi və Cavabdeh ASC ilə onun arasında illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli kredit müqaviləsinin bağlanılması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, İddiaçı kredit borcu üzrə yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli qərarından və iş materiallarından da görünür ki, iddiaçının Cavabdeh ASC-yə olan borcu Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, kompensasiya olunacaq problemli kreditlərə aid edilsə də, Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən restrukturizasiya olunması təklif edilən kreditlər siyahısına daxil deyildir. Cavabdeh ASC-yə olan 10344.73 manat məbləğində kredit borcunun illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli kredit müqaviləsinin bağlanılması barədə bankın üzərinə öhdəlik qoyula bilməz, çünki müqavilə azadlığı prinsipi vardır. Bu bankın hüququdur. Bank tərəfindən belə bir razılıq yoxdur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(102)-1273/2021 saylı qərarı ilə müəyyən olunur ki, “iddiaçı Cavabdeh QSC iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı və X2 6403,66 ABŞ dolları əsas, 8191,15 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14594,81 ABŞ dolları borcun və dövət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3805/2019 nömrəli, 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 30 aprel 2015-ci il tarixli 018KK**********0 nömrəli kredit müqaviləsi üzrə 6403,66 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 6703,66 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı və X2 müştərək qaydada Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya olan borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kompensasiya olunacaq problemli kreditlərə aid edilsə də, Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən İddiaçı banka olan borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil deyildir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3787/2020 nömrəli, 09 iyun 2020-ci il tarix qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(007)-3805/2019 nömrəli qətnaməsi qismən ləğv edilmiş, cavabdeh İddiaçı Cavabdeh ASC-yə olan qalıq borcu 6085,13 ABŞ dolları, müəyyən edilmiş, iddia tələbinin cərimə borcuna aid hissədə rədd edilməsi qət edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(102)-1273/2021 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı banka olan 6945,05 ABŞ dolları məbləğində borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədar əsas borc məbləğinə 4167,03 manat kompensasiya edilmişdir. İddiaçı Cavabdeh ASC-yə olan 10344.73 manat məbləğində kredit borcunun illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə güzəştli kredit müqaviləsinin bağlanılması ilə banka müraciət etmiş, Bank tərəfində iddiaçının gözlədiyi və almaq istədiyi cavabı almamışdır. Bank bununla bağlı heç bir qanun pozuntusuna yol verməmişdir. İddiaçı istədiyi yeni müqavilənin bağlanması cavabdehin vəzifələrinə aid deyil və həmin müqavilənin bağlanması vəzifəsi Cavabdeh ASC -nin üzərinə qoyula bilməz. Çünki, Mülki Məcəllənin 390-cu maddəsinin tələblərinə uyğun olaraq tərəflər müqavilələri azad surətdə bağlaya bilərlər, həmin şərtlər dispozitivdir və tərəflərdən heç biri həmin hərəkətləri etməyə məcbur edilə bilməz. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi və güzəştli kredit müqaviləsinin bağlanılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar