Məhkəmə qərarları › İş №2(004)-4982/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4982/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4982/2023 01.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 136,21 manat əsas, 0,55 manat faiz, 0,03 cərimə borcu olmaqla, cəmi 136,79 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 1 faiz ödəmək şərti ilə 60 ay müddətinə 400,25 manat məbləğində kredit verilmişdir. Təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq krediti, ona hesablanmış faizləri və cəriməni müqavilə ilə nəzərdə tutulmuş müddətdə və qaydada ödəməmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcu 3 iş günü müddətində ödəməklə müqavilənin 3 iş günü müddətində ləğv edilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyi üçün dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin edilsin. Cavabdeh 136,21 manat əsas, 0,55 manat faiz, 0,03 cərimə borcu olmaqla, cəmi 136,79 (yüz otuz altı manat yetmiş doqquz qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova İş N 2(004)-4982/2023 Yasamal Rayon Məhkəməsi Məhkəmədən kənar ayrıca prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etdi. Prosessual hərəkət saat 15:00-da başladı. Prosessual hərəkət saat 15:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar