Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-499/2023 02.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 06 avqust 2009-cu tarixli 1851/2046/02 nömrəli kredit müqaviləsinə əsasən “NİKOYL” X1 Qəbələ filialından (hazırda Cavabdeh Açıq Səhmdar Cəmiyyəti) 8600 AZN kredit almışdır. Kreditin ödəniş təminatı kimi istifadədə olan 0,0041 ha torpaq sahəsində yerləşən, mülkiyyətində olan 1 mərtəbəli 2 girişli, 63 kv.metr ümumi, 35.91 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış binası ipoteka qoyulmuşdur. O, kreditin bir hissəsini ödədikdən sonra bankla aralarında yaranan anlaşılmamazlığa digər üzürlü səbəblərə görə kreditin qalan hissəsini ödəyə bilməmişdir. Nəticədə bank ona qarşı 6132 manat əsas, 2298 manat faiz, 683 manat dəbbə pulu və 50 manat odənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olmaqla cəmi 9163 manat pul tələbi ilə iddia qaldırmışdır, İsmayıllı Rayon Məhkəməsinin 18 avqust 2010-cu il tarixli 2(037)-255/2011 saylı qətnaməsi ilə iddia demək olar ki, pul tələbinə dair hissəsi tam təmin edilmiş, borcun tutulması 63 kv.metr ümumi, 35.91 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış binasından ibarət ipoteka predmetinə yönəldilmiş, ipoteka predmetinin hərracda ilkin satış qiyməti 20000 manat müəyyən olunmuşdur. İpoteka predmeti olan qeyri yaşayış sahəsi hərrac yolu ilə satılaraq borcun ipotekanın satışından əldə ediləcək məbləğə yönəldilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmiş icraya yönəldilmişdir. İpoteka qoyulmuş, mülkiyyətində olan qeyri-yaşayış sahəsi hərraca çıxarılmış, ipoteka predmeti olan qeyri yaşayış sahəsi hər iki hərracda satılmadığından ümumilikdə 40 faiz dəyəri aşağı salınmaqla 12000 manat dəyərlə son nəticədə ipoteka predmeti borcun əvəzində bankın mülkiyyətinə keçirilmişdir. Bank mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********91-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydə aldıraraq RX seriyalı ******* nömrəli çıxarış almışdir. Lakin bütün bunlara baxmayaraq 9163 manat borca görə 12000 manat dəyərlə əldə etdiyi mülkiyyətinin 2837 manat fərqini ona qaytarmamış, bu azmış kimi ona yenidən 8857 manat məbləğini ödətdirmişlər. Onun banka heç bir borcu qalmamışdır. Beləliklə də bank həm ipoteka predmetinə sahiblənmiş, həm də məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borc məbləğini ona ödətdirmişdir. Beləliklə də qeyri yaşayış sahəsini ipotekaya qoyaraq aldığı kreditə görə borcu qalmamışdır. Lakin bank nə ipoteka predmetini qaytarmış, nə də ondan artıq aldığı pulunu ona ödəməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq ondan əsassız olaraq alınmış 8857 manat və ipoteka predmetinin satışından artıq qalan 2837 manat fərq, cəmi 11694 (on bir min altı yüz doxsan dörd) manat məbləği ona qaytarılmalıdır. Göstərilənlərə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 11694 (on bir min altı yüz doxsan dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat, cəmi 11820 (on bir min səkkiz yüz iyirmi) manat məbləğinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, onun Qəbələ rayonunda evi və mağazası var idi, hər ikisi 2013-cü il tarixdən bankın balansında idi, o vaxt bank “Nikoyl” İKB idi. O, vaxt dedilər ki, mağaza üçün pulu ödəsə, evə görə ona güzəşt edəcəklər. O, pulu ödədikdən sonra 02 il sonra bankın nümayəndələri gəlib bildirdilər ki, evi boşaltmalıdır. O, da çarəsiz qalıb elektron formada bankın prezidentinə müraciət etmişdir. Onu banka dəvət edib, evin yalnız alqı-satqı ilə ona qaytarılmasının mümkün olmasını izah etmişlər. O, qeyd olunan şərtlərlə razılaşmış, bank onun yaşadığı evi ona nisyə alqı-satqı ilə satmışdır. Lakin bank nə ipoteka predmetini qaytarmış, nə də ondan artıq aldığı pulunu ona ödəməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının qeyd etdiyi məsələ mübahisə predmeti deyil, başqa müqavilə olub, borcu ödəmədiyindən ona qarşı İsmayıllı Rayon Məhkəməsində iddia qaldırılmışdır. Qeyd olunan iddia ərizəsində iddiaçı bildirmişdir ki, borc üç dəfəyə, axırıncı dəfə 2016-cı il tarixdə ödənilmişdir. Çıxarışa əsasən qeyri-yaşayış sahəsi bankın mülkiyyətinə 13 iyun 2013-cü il tarixdə keçmişdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi sonuncu ödənişindən bu yana artıq 06 ildən artıq bir müddət keçmişdir. Hazırki iddia tələbinin əsası əsassız varlanma ilə bağlıdır və qeyd edilən kateqoriya iddialar üzrə iddia müddəti 02 il təşkil edir. Ona görə də, hesab edir ki, iddia müddəti ötürülüb və bu barədə məhkəməyə ərizə təqdim edib. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - “Nikoyl” İKB ilə İddiaçı arasında 1851/2046/02 saylı, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi bağlanmış, bank istehlak məqsədi ilə borc alana 24 ay müddətinə 8600 manat kredit vermişdir. - “Nikoyl” İKB ilə İddiaçı arasında 243/02 (G) saylı, xx.xx.2009-cu il tarixli sonraki ipoteka müqaviləsi bağlanmış, ipotekanın predmeti – 01 mərtəbəli, 2 girişli, 63 kv.m. ümumi, 35,91 kv.m. əsas sahədən ibarət olan qeyri-yaşayış binası (mağaza). - İsmayıllı Rayon Məhkəməsinin 2(037)-255/2011 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, “Nikoyl” İKB ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 1851/2046/02 (G) saylı kredit müqaviləsi üzrə ödənilməmiş cəmi 9163 manat məbləğinin tutulması xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə uyğun olaraq ipoteka qoyulmuş, İsmayıllı şəhəri, M.Orucov küçəsində 0,0041 ha torpaq sahəsində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmış, daşınmaz əmlakın dövlət reyestrində 01 nömrəli reyestr kitabının 32-ci vərəqində **********91-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə “Nikoyl” İKBnin Qəbələ filialının xeyrinə ipoteka ilə xx.xx.2009-cu ildə yüklü edilmiş 01 mərtəbəli, 2 girişli, 63 kv.m. ümumi, 35,91 kv.m. əsas sahədən ibarət olan qeyri-yaşayış binasına (0,0041 ha torpaq sahəsi ilə birlikdə) hərrac vasitəsi ilə satılmaqla yönəldilərək əldə edilən məbləğdən 9163 manat məbləği tutularaq “Nikoyl” İKB-yə ödənilməsi, ipoteka qoyulmuş qeyri-yaşayış binasının hərracda ilkin satış qiyməti 20000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışına əsasən İsmayıllı şəhəri, M.Orucov küçəsində 0,0041 ha torpaq sahəsində yerləşən 01 mərtəbəli, 2 girişli, 63 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası “Nikoyl” İKB-nin Qəbələ filialının xeyrinə xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 01 nömrəli reyestr kitabının 32-ci vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2013, xx.xx.2014 və xx.xx.2016-cı il tarixli mədaxil qəbzlərinə əsasən İddiaçı “Nikoyl” İKB-yə 6200 manat, 500 manat və 2157 manat ödənişlər etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, iş üzrə tərəflər arasında bağlanmış 1851/2046/02 saylı, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl” İKB tərəfindən İddiaçı illik 24 ay müddətinə 8600 manat məbləğində kredit xətti açılmış, kredit müqaviənin təminatı kimi ipoteka müqaviləsi bağlanmış və qeyri-yaşayış evi bank qarşısında ipoteka yüklü edilmişdir. Borc ödənilmədiyindən, “Nikoyl” İKB İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 255/2011 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, tərəflər arasında xx.xx.2009cu il tarixdə bağlanmış 1851/2046/02 (G) saylı kredit müqaviləsi üzrə ödənilməmiş cəmi 9163 manat məbləğinin tutulması xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə uyğun olaraq ipoteka qoyulmuş, İsmayıllı şəhəri, M.Orucov küçəsində 0,0041 ha torpaq sahəsində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmış, daşınmaz əmlakın dövlət reyestrində 01 nömrəli reyestr kitabının 32-ci vərəqində **********91-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə “Nikoyl” İKB-nin Qəbələ filialının xeyrinə ipoteka ilə xx.xx.2009-cu ildə yüklü edilmiş 01 mərtəbəli, 2 girişli, 63 kv.m. ümumi, 35,91 kv.m. əsas sahədən ibarət olan qeyri-yaşayış binasına (0,0041 ha torpaq sahəsi ilə birlikdə) hərrac vasitəsi ilə satılmaqla yönəldilərək əldə edilən məbləğdən 9163 manat məbləği tutularaq “Nikoyl” İKB-yə ödənilməsi, ipoteka qoyulmuş qeyri-yaşayış binasının hərracda ilkin satış qiyməti 20000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İddiaçı hazırda Cavabdeh ASC-yə (köhnə “Nikoyl” İKB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmetinin satışından artıq qalan 2837 manat fərq, cəmi 11694 (on bir min altı yüz doxsan dörd) manat məbləğin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı, cavabdehin ondan artıq aldığı pulunu ona ödəməməsini, borcun qaldığını iddia etsə də, məhkəməyə bununla bağlı eləcə də, borcun tam məbləği ilə bağlı heç bir sübutlar təqdim edə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı tərəfindən borc üzrə sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2–ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1095.1-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan və eləcə də, iddiaçı hüququnun müdafiəsi üçün hazırkı tələblə müraciət edənədək, iddia müddətini keçirdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olduğundan, iş üzrə ödənilmiş 126 (yüz iyirmi altı) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-499/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-499/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver