Məhkəmə qərarları › İş №2(004)-5001/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5001/2025

18.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5001/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı cavabdeh Nağıyeva (Səfərova) Türkan Şölət qızına qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nağıyeva (Səfərova) Türkan Şölət qızına qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 550 (beş yüz əlli) manat məbləğində ziyanın tutulması, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində idarə etdiyi **-TA-*** dövlət qeydiyyat nişanlı, X5, 2019cu il buraxılışlı, mühərrik nömrəsi 8872497, ban nömrəsi NHP106821284 olan avtomobili ilə hərəkətdə olarkən Cavabdeh idarə etdiyi **-YU-*** dövlət qeydiyyat nişanlı Hyundai Avante markalı nəqliyyat vasitəsi arxadan onun avtomobilinə çırpılmışdır. Hadisə nəticəsində avtomobilinə maddi ziyan dəymişdir. Cavabdeh hadisə yerindən uzaqlaşmış, daha sonra hadisə yerinə qayıtmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin icbari sığortası mövcud olmadığından, ziyan sığorta şirkəti tərəfindən ödənilməmişdir. Zərərin aradan qaldırılması üçün avtomobili Moto Clinic MMC servisində təmir olunmuşdur. Təmir xərcləri aşağıdakı kimidir: - Arxa bamperin sağ-sol salaskası - 80 AZN, - Arxa panelin təmiri (dəmirçi işi) - 150 AZN, - Arxa bamper, arxa yük qapısı, arxa panel (rəngsaz işi) -200 AZN, - Cilalanma-50 AZN, - Plasmas işi (arxa bamper)-40 AZN, - Məhkəmə xərci - 30 AZN, ümumi məbləğ: 550 (beş yüz əlli) AZN. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097 və 1100-cü maddələrinə əsasən, əmlaka dəymiş ziyanın tam həcmdə ödənilməsi öhdəliyi ziyan vurana məxsusdur. Hesab edir ki, cavabdeh hadisədə günahkar olaraq, ona dəymiş maddi ziyanı və məhkəmə xərclərini ödəməyə borcludur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: BA seriyalı 444904 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X5 minik markalı, ağ rəngli, 2019-cu il buraxılışlı, **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 43 saylı notariat ofisində 7E-7909 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi X3 mülkiyyətində olan X5 minik markalı, 2019-cu il buraxılışlı, **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini İddiaçı etibar etmişdir. Etibarnamə 7 ay 7 gün müddətinə verilmişdir və xx.xx.2025-ci il tarixinədək qüvvədədir. İcarəyə verən X3 ilə icarəçi İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, "İcarəyə verən "İcarəçi"yə bu muqavilənin 1.2-ci bəndində göstərilən X5 minik markalı, ağ rəngli, 2019-cu il buraxılışlı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə (istifadəsinə) verir (bundan sonra avtomobil), "İcarəçi" isə həmin avtomobili qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada avtomobilin icarə haqqını "İcarəyə verən”ə ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə "İcarəçi" "İcarəyə verən"ə müqavilənin imzalandığı tarixdən hər gün üçün 30 (otuz) manat ödəniş edir. Həmin müqavilənin 6.1-ci bəndinə görə, nəqliyyat vasitəsi geri qaytarıldıqda təhvil alınmış vəziyyətlə müqayisədə aşkar olunan pisləşmə halı “İcarəçi” tərəfindən tam hissədə aradan qaldırılmalıdır. Həmin müqavilənin 6.3-cü bəndinə görə, yol nəqliyyat hadisəsi baş verdikdə “İcarəçi” “İcarəyə verə”ni dərhal xəbərdar etməlidir. Hadisə zamanı “İcarəçi” tərəfindən sığorta şirkətinin müəyyən etdiyi tələblərə uyğun hərəkət edilməlidir. Baş vermiş sığorta hadisəsi ilə bağlı dəymiş zərərin ödənilməsi üçün Sığorta şirkətinin tələb etdiyi sənədlərin dövlət orqanlarından əldə edilməsi vəzifəsini “İcarəçi” öz öhdəsinə götürür. Sığorta şirkəti ödəniş etməkdən imtina etdikdə dəymiş zərər “İcarəçi” tərəfindən tam həcmdə ödənilməlidir. Həmin müqavilənin 6.4-cü bəndinə görə, dəymiş zərər sığorta şirkəti tərəfindən ödənildikdə “İcarəçi” franşiza (azadolma) məbləğini tam hissədə ödəməlidir. İcarə müqaviləsi üzrə icarə müddətində nəqliyyat vasitəsinə zərər dəyər və təmir işləri İcarəyə verənin müəyyən etdiyi təmir mərkəzində həyata keçirilməlidir. Bakı şəhər DYPİ-nin ******* nömrəli xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında protokolundan görünür ki, Hyundai Avante minik markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhər DYΡİ-nin “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikasına İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində “50” manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, X5 minik markalı, ağ rəngli, 2019-cu il buraxılışlı, **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin material və ehtiyyat hissələrinin dəyəri 80 manat, dəmirçi işinin dəyəri 150 manat, rəngsaz işinin dəyəri 200 manat və görüləcək digər işlərin dəyəri 90 manat olmaqla, cəmi 520 manat təşkil edir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Hyundai Avante minik markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İddiaçı etibarnamə və icarə müqaviləsi əsasında idarə etdiyi X5 minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə çırpılmışdır. Hadisə nəticəsində nəqliyyat vasitəsinə zərər dəymişdir. Bakı şəhər DYΡİ-nin “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikasına İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində “50” manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin icbari sığortası olmadığından zərər sığorta şirkəti tərəfindən qarşılanmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobilin mülkiyyətçisi olan və onu qanuni əsasla idarə edən Cavabdeh mülki məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, X5 minik markalı, ağ rəngli, 2019-cu il buraxılışlı, **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin material və ehtiyyat hissələrinin dəyəri 80 manat, dəmirçi işinin dəyəri 150 manat, rəngsaz işinin dəyəri 200 manat və görüləcək digər işlərin dəyəri 90 manat olmaqla, cəmi 520 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki məsuliyyətə cəlb olunan şəxs Nağıyeva Nağıyeva (Səfərova) Türkan Şölət qızından maddi ziyanın əvəzi olaraq 520 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Nağıyeva (Səfərova) Türkan Şölət qızından maddi zərərin əvəzi olaraq 520 (beş yüz iyirmi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Nağıyeva (Səfərova) Türkan Şölət qızından maddi zərərin əvəzi olaraq 520 (beş yüz iyirmi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar