Məhkəmə qərarları › İş №2(004)-5029/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-5029/2025

10.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5029/2025 10.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AB seriyalı 680670 nömrəli nəqiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Opel Astra” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir.

2. xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh ona məxsus “Opel Astra” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 30 il müddətinə etibar edilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-8646/2017 nömrəli icra vərəqəsinə əsasən cavabdehlər X4, Cavabdeh və X1 müştərək qaydada 22945 ABŞ dolları əsas, 1966,32 ABŞ dolları faiz borcu olmaqla cəmi 24911,32 ABŞ dolları borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq “Finca Azerbaijan” MMQBKT-nin xeyrinə ödənilməlidir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(004)-507/2018 nömrəli qərardadına əsasən Cavabdeh məxsus “Opel Astra” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12800 manat məbləğdə pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, xx.xx.2011-ci il tarixdə Cavabdeh 12800 manata “Opel Astra” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşını almışdır. Həmin avtomaşına dair Cavabdeh Bakı şəhər 30 saylı dövlət notariat kontorunda xx.xx.2041-ci il tarixədək baş etibarnamə vermişdir. xx.xx.2011-ci il tarixindən avtomaşın onun istifadəsində və sərəncamında olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-8646/2017 nömrəli qətnaməsi ilə “FİNCA Azərbaycan” MM QBKT-nın cavabdehlər X4, Cavabdeh və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddiası təmin edilmişdir. Cavabdehlərdən müştərk qaydada “FİNCA Azərbaycan” MM QBKT-nın xeyrinə 22945 ABŞ dolları əsas, 1966,32 ABŞ dolları faiz borcu, cəmi 24911,32 ABŞ dolları məbləğdə borcun ödəniş gününə manata məzənnədə hesablanmaqla və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(004)-507/2018 nömrəli qərardadına əsasən Cavabdeh məxsus “Opel Astra” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Onun həmin qətnamə və qərardadan 2025-ci il tarixdə xəbəri olmuşdur. Cavabdehə avtomaşının üzərində həbs olması ilə bağlı dəfələrlə danışsa da, o, hər dəfə tez bir zamanda onun istifadəsində olan avtomaşını həbsdən çıxaracağını bildirsə də buna əməl etməmişdir. Belə olan halda cavabdehdən avtomaşına ödədiyi dəyəri geri tələb etdi. O, isə ona vurduğu zərəri ödəməkdən boyun qaçırır.

b) iddiaya etiraz

7. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

8. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında onun yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişlərinin göndərilməsinə baxmayaraq “qapı bağklıdır” qeydi ilə bildirişlər geri qaytarılmış, lakin cavabdehə məxsus mobil telefon nömrələrinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq SMS-bildirişlər göndərilmişdir.

9. İddiaçı məhkəmədə yazılı vəsatət verərək, cavabdeh məhkəmə iclasına gəlmədiyindən iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə cavabdehin iştirak etmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər; Maddə 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır; Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır; Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır; Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Məhkəmə baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

13. İşin faktiki hallarından məlum olur ki, tərəflər arasında olan razılaşmaya əsasən avtomobil iddiaçının mülkiyyətinə verilmiş, lokin avtomobilin alqı-satqısına dair forma şərtinə əməl edilmədiyindən avtomobil cavabdehin adında qalmış, sonralar icra icraatı çərçivəsində sonuncunun borcunun ödənilməsini təmin etmək məqsədi ilə avtomobilin üzərinə həbs qoyulmuş, nəticədə iddiaçının avtomobildən istifadəsi mümkünsüz olmuşdur.

14. İddiaçı tərəfin sadaladığı faktiki hallara uyğun sübutlar iş materiallarına əlavə edilmişdir. Cavabdehin iddiaçıya avtomobilə dair 30 il müddətinə etibarnamə verməsi, onun cavabdeh olduğu iş üzrə borcun tutulmasına dair məhkəmə aktının çıxarılması, icra icraatı çərçivəsində avtomobilin üzərinə həbs qoyulması barədə müvafiq sübutlar təqdim edilmişdir.

15. Avtomobilin alqı-satqısı həyata keçirilərkən bununla bağlı qanunla nəzərdə tutulmuş qaydada notarial əqd bağlamadan uzunmüddətli etibarnamələrin verilməsi təcrübədə yayılmış haldır və iddiaçının dəlilləri də bu baxımdan işin hallarına və sözügedən təcrübəyə uyğundur.

16. Avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya olduğundan, avtomobilə dair şifahi alqı-satqı müqaviləsinin bağlanması qanuni təminat altında deyil. Forma şərtinə əməl edilmədiyindən bu əqd etibarsızdır və etibarsızlığın nəticəsi olaraq hər bir tərəf əqd üzrə aldıqlarını digər tərəfə qaytarmalıdır.

17. Avtomobilə dair qarşı tərəfə ödənilmiş məbləğlə bağlı, ümumiyyətlə iddia tələbinə dair hər hansı etiraz irəli sürülməmişdir.

18. Odur ki, məhkəmə iddianın sadalanan faktiki əsaslarını maddi və hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməli, 12800 manat məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. 12800 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar