Məhkəmə qərarları › İş №2(004)-5047/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5047/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5047/2021 19.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1126,10 manat əsas borc, 0,02 manat faiz borcu olmaqla, cəmi 1126,12 manat, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “ABB Müştəri Xidməti” Departamenti ilə X1 arasında bağlanmış 02.11.2018-ci il tarixli BPM**********61 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 42 ay müddətinə, illik 26 faiz dərəcəsi iləhesablamaqla, 2100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.4.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 21,02.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 19 saylı Notariat Ofisinin 11.06.2021-ci il tarixli 478 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş 12.07.2021-ci il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 1126.10 manat əsas, 0.02 manat faiz borcu olmaqla, cəmi 1126,12 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" ASC ilə X5 arasında bağlanmış 02.11.2018-ci il tarixli BPM**********61 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X4 istehlak məqsədləri üçün 42 ay müddətinə illik 26% ödəmək şərtilə 2100 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş MXK-0613 saylı 12 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, X5 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən borclunun 12 iyul 2021-ci il tarixə 1126,10 manat əsas borc, 0,02 manat faiz borcu, cəmi 1126,12 manat məbləğində borcu vardır. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı 21 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, 24.08.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən o mərhum X3 vərəsəsidir. Qeyd edilənlərə əsasən banka olan bütün borc məbləğini tam olaraq 5 (beş) gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21 fevral 2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür. ünvan 1 ünvanladığı sorğuya cavab məktubundan müəyyən olunur ki, 21.02.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəlik işi Bakı şəhəri 19 saylı notariat ofisində 24.08.2020-ci ildə 2v-130 nömrə ilə açılmış və vərəsəsi xx.xx.1977-ci il təvəllüdlü ünvan 2 ünvanında yaşayan oğlu Cavabdeh vərəsə kimi tanınmışdır. 13.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırmasında müəyyən olundu ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış 02.11.2018-ci il tarixli BPM**********61 saylı kredit müqaviləsi ilə bank tərəfindən X4 istehlak məqsədləri üçün 42 ay müddətinə illik 26% ödəmək şərtilə 2100 manat məbləğində kredit limiti ayrılmışdır. X5 21.02.2021-ci il tarixdə vəfat etmişdir və Bakı şəhəri 19 saylı notariat ofisində barəsində 24.08.2020-ci ildə 2v-130 nömrə ilə vərəsəlik işi açılmışdır. Cavabdeh vərəsə kimi tanınmışdır. Cavabdeh kredit alanın hüquqi varisi kimi iddiaçı "xxxx" ASC-dən götürülən kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda X3 hüquqi varisi Cavabdeh banka 1126,10 manat əsas borc, 0,02 manat faiz borcu, cəmi 1126,12 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020ci il tarixli qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh borcalanın hüquqi varisi olaraq bank qarşısında öhdəlikləri yarandığından, "xxxx" ASC ilə X5 arasında bağlanmış 02.11.2018-ci il tarixli BPM**********61 saylı kredit müqaviləsi üzrə borcalanın 1126,10 manat əsas borc, 0,02 manat faiz borcu, cəmi 1126,12 manat borcunun Cavabdeh tutulmasına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1126.10 (bir min yüz iyirmi altı manat on qəpik) manat məbləğində əsas borc və 0.02 (iki qəpik) manat faiz borcu olmaqla, cəmi 1126.12 (bir min yüz iyirmi altı manat on iki qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 30,40 (otuz manat qırx qəpik) manat pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar