Məhkəmə qərarları › İş №2(004)-5088/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5088/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5088/2023 14.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh notarial qaydada bağlanılmış müqaviləyə əsasən borclu qaldığı 4800 manat məbləğində pul vəsaitinin həmçinin şifahi şəkildə aralarında bağlanılmış borc müqaviləsinə əsasən borclu qaldığı 850 manat məbləğində pul vəsaitinin, ümumilikdə 5650 manat məbləğində pul vəsaitinin və əldən çıxmış faydanın əvəzi olaraq 1000 məbləğində pul vəsaitinin həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə 22 iyun 2020-ci il tarixində notarial qaydada tərtib edilmiş müqaviləyə əsasən 4900 manat məbləğində borc pul vermişdir. Daha sonra isə 01 sentyabr 2020-ci il tarixində 1000 manat məbləğində borc pulu şifahi borc müqaviləsinə əsasən ona vermiş, lakin bu günədək borcunu tam şəkildə geri qaytarmamışdır. Razılaşmalarına əsasən notarial qaydada tərtib edilmiş müqavilə üzrə borcu xx.xx.2020-ci il tarixində tam qaytarmalı olsa da həmin borcdan dekabr ayında ona cəmi 100 manat pul qaytarmışdır. 1000 manat borcu isə aylıq 200 manat hesablanılmaqla 5 ay müddətində yəni fevral ayına kimi qaytarmalı idi. Həmin borcdan da tam olaraq ona ödəniş etməyərək yalnız 2020-ci ilin yanvar ayında 150 manat məbləğində geri qaytarmışdır. Hazırda cavabdehin ona 1000 manat borc üzrə 150 manat ödəniş nəzərə alınmaqla 850 manat, 4900 manat borc üzrə 100 manat ödəniş nəzərə alınmaqla 4800 manat borcu qalmışdır. Cavabdehin ümumilikdə ona olan borcu 5650 manat təşkil etməkdədir. Dəfələrlə cavabdehdən pullarını tələb etsə də o, onun tələblərinə əhəmiyyət verməmişdir. Qoşmaya əlavə edilmiş notarial qaydada tərtib edilmiş müqavilədən də görünür ki, o, cavabdehə 4900 manat məbləğində borc pul vermişdir. Qoşmaya əlavə edilmiş qəbzdən də görünür ki, onun tərəfindən cavabdehə 500 manat köçürülmüşdür. Qeyd edir ki, 1000 manatın 500 manatını nağd şəkildə 500 manatını isə karta köçürmə yolu ilə vermişdir. Borcu qaytarması üçün dəfələrlə ona təkliflər etsə də təkliflərinə əhəmiyyət verməmişdir. Notariat sənədinə əsasən icra qeydi verilsə də icra məmuru tərəfindən iş icra edilə bilinmədiyi üçün geri qaytarılmışdır. Tərəfindən polis idarəsinə müvafiq şikayət edilsədə iş mülki xarakterli olduğundan ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, o, 2020-ci ildən bu günə qədər ağır xəstəliklə mübarizə aparır. Hal-hazırda İV məhrələli onkoloji və şəkərli diabet xəstəsidir. Ən ağır xəstəliklərlə yaşayır. Xərçəngin ciyərlərinə yayılmasından əziyyət çəkir. Bu səbəbdən xx.xx.2023-cü il tarixində və çox güman ki, digər tarixlərdə təyin olunacaq məhkəmə iclaslarında iştirakı qeyri mümkündür. O, X3 4900 manat məbləğində pul vəsaiti borcludur. Məlum səbəblərdən bu borcu qaytara bilməmişdir. Bu günki gündə dövlətin və cəmiyyətin ona göstərdikləri yardım sayəsində sağ qalmışdır. Təqaüdündən hər ay 30-50 manat olmaqla ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və izahatına əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən cavabdehə 22 iyun 2020-ci il tarixində notarial qaydada tərtib edilmiş müqaviləyə əsasən 4900 manat məbləğində borc pul vermişdir. Daha sonra isə 01 sentyabr 2020-ci il tarixində 1000 manat məbləğində borc pulu şifahi borc müqaviləsinə əsasən ona vermiş, həmin pulun 500 manatını nağd şəkildə 500 manatını isə karta köçürmə yolu ilə vermişdir. İddiaçı dəfələrlə cavabdehdən pullarını tələb etsə də o, onun tələblərinə əhəmiyyət verməmişdir. Cavabdeh ümumilikdə 4900 manat borcundan 100 manat bir, daha sonra isə 1000 manat borcundan cəmi 150 manat olmaqla ümumilikdə 250 manat pul qaytarmışdır. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onun iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Məmmədova (Abıyeva) X5 Elmira Nüsrət qızına 4900 manat məbləğində pul borca vermişdir. Kredit müqaviləsi 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 10819 nörməli eManat qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh adına olan kart nömrəsi 4****5004 bank hesabına 500 manat pul köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X7 xx.xx.2023-cü il tarixli qərarına əsasən, xx.xx.2022-ci il tarixdə icraatına daxil olmuş 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin 8İ-2591 reyestrli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Yasamal rayon icra şöbəsində başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilmədiyindən və borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilmədiyindən 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin 8İ-2591 reyestrli, xx.xx.2022-ci il tarixli icra sənədi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin 3-13- 53-4/2-22103/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Nümayəndə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müraciətinə baxılmış və müraciətin mülki xarakterli olduğundan bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan AZ İİ 442332 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar və bu barədə akt qeydləri kitabında 954 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə «Abıyev», arvada «Abıyeva» soyadı verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı X6 Cavabdeh xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 4900 manat məbləğində borc vermişdir. Daha sonra isə 07 sentyabr 2020-ci il tarixində eManat ödəniş terminalı vasitəsi ilə Cavabdeh adına olan kar nömrəsi 4****5004 bank hesabına 500 manat pul köçürülmüşdür. İddiaçı cavabdehə daha sonra da, nağd şəkildə 500 manat verdiyini bildirmiş, lakin bu barədə hər hansı sənəd təqdim etməmişdir. Cavabdeh indiyədək 4900 manat borcundan100 manat, digər borc məbləği üzrə isə 150 manat olmaqla ümumilikdə borcundan cəmi 250 məbləğində ödəniş etmişdir. Sözü gedən bu hal iddiaçının etirafedici izahatı və iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı qarşısında məsuliyyət daşıyaraq, nəticədə onun iddiaçı qarşısında borcu yaranmışdır. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində də, iddiaçıya 4900 manat məbləğində borcun olmasını etiraf etmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında 4900 manat məbləğinə münasibətdə kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia tələbinin Cavabdeh notarial qaydada bağlanılmış müqaviləyə əsasən borclu qaldığı 4800 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh 4880 (dörd min səkkiz yüz) manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin şifahi şəkildə tərəflər arasında bağlanılmış borc müqaviləsinə əsasən borclu qaldığı 850 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehə 4900 manatdan əlavə, aralarında bağlanılmış şifahi borc müqaviləsinə əsasən 1000 manat məbləğində də pulun borca verdiyini iddia etsə də, həmin 1000 manatın 500 manatı ilə bağlı məhkəməyə hər hansı bir sübutlar təqdim etməmiş, yalnız 500 manat məbləğində pul vəsaitinin bank kartı hesabına köçürülməsi ilə cavabdehə verildiyi sübuta yetirilmiş və bu hal iş materiallarında olan xx.xx.2020-ci il tarixli 10819 nörməli eManat qəbzi ilə təsdiq edilmişdir. Həmin 500 manat puldan cavabdeh iddiaçıya 150 manat ödəniş etmiş, bu hal iddiaçının nümayəndəsinin izahatı ilə öz təsdiqini tapmışdır. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qanunvericiliyin mənasına görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan az olduqda borc müqaviləsi tərəflər arasında şifahi şəkildə də, bağlanıla bilər. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5150 (beş min yüz əlli) (4800+350) manat məbləğində pul iddiaçı X2 xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 86 (səksən altı) manat məbləğində dövlət rüsumunun 86 (səksən altı) manat məbləğində dövlət rüsumunun 19,40 (on doqquz manat 40 qəpik) manatı iddiaçıya aid edilsin, qalan 66,60 (altmış altı manat 60 qəpik) manatı sə cavabdeh X1 iddiaçı X2 xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5150 (beş min yüz əlli) (4800+350) manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilsin. İş üzrə ödənilmiş 86 (səksən altı) manat məbləğində dövlət rüsumunun 19,40 (on doqquz manat 40 qəpik) manatı iddiaçıya aid edilsin, qalan 66,60 (altmış altı manat 60 qəpik) manatı isə cavabdeh X1 iddiaçı X2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar