Məhkəmə qərarları › İş №2(004)-5092/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5092/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5092/2021 09.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 26.07.2021ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21.05.2015-ci il tarixli 1236205-AZN nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə yaranmış 52,71 manat əsas borc, 231,53 manat cərimə, müqavilə müddəti bitdiyi 21.05.2018-ci il tarixdən 18.02.2021-ci il tarixədək olan dövr ərzində gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 10,04 manat faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 314,28 manat pulun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 21.05.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh 36 ay müddətinə 300 manat kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq və xəbərdarlıq edilməsinə baxmayaraq, borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Hazırda bank çıxarışına əsasən borclunun 21.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 29.03.2021-ci il tarixə 52,71 manat əsas borc, 231,53 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 10,04 manat faiz borc olmaqla, ümumi 294,28 manat borcu yaranmışdır. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X2 09.09.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə verərək, iddia tələbini tam müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin bildirişi cavabdehə təqdim etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 21.05.2015-ci il tarixli 1236205-AZN nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən kreditor "xxxx" ASC borcalan Cavabdeh 36 ay müddətinə 300 manatlıq kredit xətti açmışdır. Borcalan Cavabdeh qəbzə imza edərək, 4106 **** **** 7656 nömrəli kredit kartını və bankomatlardan istifadə etmək üçün şəxs məxfi kodu bağlı zərfdə bankdan almışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 29.03.2021-ci il tarixli bank çıxarışına əsasən borclunun 21.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 29.03.2021-ci il tarixə 52,71 manat əsas borc, 231,53 manat cərimə borcu, müqavilənin müddətinin bitdiyi 21.05.2018-ci ild tarixdən 18.02.2021-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq 5%-lə hesablanmış 10,04 manat faiz borc olmaqla, cəmi 294,28 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış yüksək 231,53 manat cərimə azaldılaraq 25 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21.05.2015-ci il tarixli 1236205-AZN nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə yaranmış 52,71 manat əsas borc, 25 manat cərimə, müqavilə müddəti bitdiyi 21.05.2018-ci il tarixdən 18.02.2021-ci il tarixədək olan dövr ərzində gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 10,04 manat faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 107,75 manat pul tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbi qalan - 206,53 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21.05.2015-ci il tarixli 1236205-AZN nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə yaranmış 52,71 manat əsas borc, 25 manat cərimə, müqavilə müddəti bitdiyi 21.05.2018-ci il tarixdən 18.02.2021-ci il tarixədək olan dövr ərzində gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 10,04 manat faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 107,75 (yüz yeddi manat yetmiş beş qəpik) manat pul tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar