Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5101/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştiraki ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (Qaçqınların və X2 üzrə Dövlər Komitəsi və Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mənzildən çıxarılma və maneələrin aradan qaldırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma və maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal birinci yaşayış massivi 13 nömrəli binanın 89-cu mənzilindən istifadə hüququ olmayan hesab edilmələri və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan” Qazetinin uzun müddət məsul katibi vəzifəsində çalışmışdır. Fəaliyyətini nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti ona mənzil ayırmışdır. Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1172 saylı sərəncamı ilə Yasamal Rayon yeni Yasamal, Birinci yaşayış massivində 13 nömrəli binanın 89-cu mənzili ona verilmişdir. Həmin mənzil ilə əlaqədar xx.xx.1993-cü il tarixdə 020701 saylı order verilmişdir. Həmin order Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1172 saylı sərəncamı əsasında təsdiq edilmişdir. İddaçı bir müddət həmin mənzildə yaşamışdır. Sonradan Şuşa şəhərindən köçkün düşmüş cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzilə qanunsuz daxil olaraq, daha doğrusu mənzilin qapısını sındıraraq mənzilə daxil olmuş və orada yaşamağa başlamışlar. İddiaçı dəfələrlə cavabdehlərin oradan çıxarılması ilə əlaqədar cəhdlər göstərsə də, həmin şəxslər mənzili boşaltmaqdan imtina etmişlər. Cavabdehlərin həmin mənzilə dair sərəncamı ilə ayrılmışdır və səmərəli fdəaliyyəti nəzərə alınaraq ona verilmişdir. Hal-hazırda onun həmin mənzillə əlaqədar bütün hüquqları pozulmamışdır, ona məxsus mənzildən istifadə edə bilmir. Sahiblik hüququ olmasına baxmayaraq bu hüququnu həyata keçirə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 məhkəməyə verdiyi izahatında göstərdi ki, iddia tələbi əsassızdır və qəbul etmir. Bildirmək istəyir ki, sözügedən mənzil pis şəraitdə idi. Yarımtikili idi. Həmin vaxt orada heç bir yaşayış yox idi. Qapı, pəncərəsini özləri alıb mənzili təmir etmişdilər. Bunu həmin ərazidə yaşayan insanlar da təsdiq edə bilər. Bütün komunallar onun adınadır. Həmin mənzildə yaşadığı müddət ərzində qarşı tərəf heç bir vaxt onlarla əlaqə saxlamamışdır. İddiaçını ümumiyyətlə tanımır. Evdən çıxmaqları ilə bağlı bu günə qədər heç bir tədbir görməmişdir. İddiaçıya bildirmişdir ki, Qaçqınkom tərəfindən onlara ev verilsin, onlar da mənzili qaytarsınlar. Verilən suala cavab olaraq bildirmişdir ki, orada müvəqqəti yaşayır. qaçqındır, ona ev verilməsə köçə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 1172 saylı, xx.xx.1993-cü il tarixli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2 nəfərdən ibarət ailəsinə Yeni Yasamal, Birinci yaşayış massivindəki 13 nömrəli evin yaşayış sahəsi 28,88 kv.m. olan, 5-ci girişin, 6-cı mərtəbəsində yerləşən 89 nömrəli iki otaqlı mənzil verilməsi, Yasamal Rayon İcra Hakimiyyətinə İddiaçı sərəncamın birinci bəndində göstərilən mənzilə order verilməsi qərara alınmışdır. 020701 saylı, xx.xx.1993-cü il tarixli orderdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal birinci yaşayış massivi 13 nömrəli binanın, 2 otaqdan ibarət 89 saylı mənzil İddiaçı verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı Məmmədəli oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 1172 saylı, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən qeyd etdiyi yaşayış sahəsi sadəcə istifadəsinə verildiyindən, eyni zamanda daşınmaz əmlaka mülkiyyət, sahiblik və istifadə hüququna dair münasibətlər mülki-hüquq münasibətlərinin predmeti olduğundan həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanması ilə bağlı xahişinin yerinə yetirilməsi mümkün deyildir. Qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə olunur. Yeni-Yasamal-1, 13-cü bina, 83-cü mənzilin sakini X1 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan görünür ki, ərizəçi və onun ailə üzvləri 1993-cü ildən yuxarıda qeyd olunan ünvanda Şuşadan qaçqın düşmüş halda məskunlaşmışdılar. İddiaçı adlı şəxsi həmin ünvanda bir dəfə də olsun görməmişdilər. Mənzildə Cavabdeh1 və onun ailəsi yaşamışdır. Cavabdeh1 ora köçdükdə həmin mənzilin nə qapısı, nə pəncərəsi, nə də sanuzeli olmamışdır. Onların hamısını Əkbər düzəltmişdir. O vaxtki mənzil-istismarının rəisi Akif müəllim və qaçqınkomdan olan yoldaşlar bu işlərin canlı şahidləridirlər. Əkbər deyir ki, indi Şuşadan ona ev verilsin, onlar köçməyə hazırdırlar. Yeni-Yasamal-1, 13-cü bina, 92-ci mənzilin sakini X3 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan görünür ki, ərizəçi ailə üzvləri ilə birlikdə 1993-cü ildən yuxarıda göstərilən ünvanda qaçqın kimi məskunlaşıblar. Onlar həmin binaya köçəndə bina tam hazır deyildi. Yarımçıq halda olan binaya Şuşa və Laçın qaçqınları yerləşdirildi. İlk gündən onlar Cavabdeh3gillə qonşu yaşamağa başlamışdılar. Bu gün də qonşu kimi yaşayırlar. İddiaçı nə özünü, nə də ailə üzvlərini görməmişdilər. Yarımçıq binanın nə qapısı, nə də pəncərəsi olmamışdır. Oranın hamısını Cavabdeh1 düzəltmişdir. Yəqin ki, yaxın vaxtlarda hamısı, o cümlədən, Cavabdeh1 ailə üzvləri yurduna qayıdacaq. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1172 saylı, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən İddiaçı Yeni Yasamal, Birinci yaşayış massivindəki 13 nömrəli evin yaşayış sahəsi 28,88 kv.m. olan, 5ci girişin, 6-cı mərtəbəsində yerləşən 89 nömrəli iki otaqlı mənzil verilmişdir. Mənzildə uzun müddət (30 ilə yaxın) məcburi köçkünlər yaşamış. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən mənzil zəbt edilmişdir. Bununla da, iddiaçının potensial mülkiyyətçi olaraq, hüquqları pozulmuş, iddiaçının razılığı olmadan cavabdehlərin həmin mənzildə yaşaması iddiaçının öz mənzilindən rahat istifadə etməyinə mane olur, onun mülkiyyət hüquqlarını pozur, mülkiyyətində olan mənzildən öz istədiyi kimi istifadə etmək, sahib olmaq və sərəncam vermək hüququnu məhdudlaşdırır. Halbuki, qanunvericilik mülkiyyət hüququnu və mülkiyyət hüququnun pozulduğu halda, onun müdafiəsini tanıyır. Cavabdehlərin isə mübahisəli mənzildə yaşamaları üçün hər hansı bir qanuni əsas yoxdur. Odur ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal birinci yaşayış massivi, 13 nömrəli evin 89 saylı mənzilindən istifadə hüququ olmayan hesab edilməklə həmin mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal birinci yaşayış massivi 13 nömrəli binanın 89-cu mənzilindən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5101/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5101/2024
05.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver