Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5111/2021 09.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “19.03.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilərək, ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “19.03.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilərək, ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 27.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 1 saylı notariat ofisində bağlanmış 19.03.2019-cu il tarixli 3M-96 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilərək, ləğv edilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, İddiaçı Cavabdeh ilə münasibət qurmuşdur. İddiaçı xəstəliyi ilə bağlı bankdan pul götürəcəyini cavabdehə bildirmişdir. Cavabdeh iddiaçıya 10.000 manat borc verə biləcəyini və əvəzində 20.000 manat qaytarmalı olduğunu bildirmişdir. Bu məqsədlə tərəflər 19.03.2019-cu il tarixdə notariusda borc müqaviləsi bağlamışlar. Lakin cavabdeh müqavilədə yazılmış 20.000 manat borcu iddiaçıya verməmişdir. Bununla bağlı cavabdehin etirafı olan səs yazısı mövcuddur. Cavabdeh iddiaçının xəstə olmasından istifadə edərək, onunla müqavilə bağlamış, lakin ona borc pul verməmişdir. Odur ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilərək, ləğv edilməlidir. Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin bildirişi cavabdehə təqdim etmək mümkün olmamışdır. Bu barədə AZ1065 nömrəli Poçt şöbəsi tərəfindən “bu ünvanda yaşamır” qeydi yazılmaqla bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, 3M-96 nömrəli notariat işindən müəyyən edilir ki, Bakı şəhəri 1 saylı notariat ofisində bağlanmış 19.03.2019-cu il tarixli 3M-96 reyestr nömrəli kredit müqaviləsinə əsasən borcverən Cavabdeh borcalan İddiaçı 19.03.2020-ci il tarixdə 20.000 manat borc pul vermiş, borcalan İddiaçı aldığı 20.000 manat borcu 19.03.2020-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. Tərəflər müqaviləni şəxsən özləri notariusun iştirakı ilə imzalamışlar, onların fotoşəkillər kamera vasitəsilə müqavilədə öz əksini tapmışdır. Tərəflərin şəxsiyyətləri notarius tərəfindən müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Müqavilə bağlanarkən İddiaçı notariat ofisinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh 20.000 manat borc pul alır və bu barədə müqavilənin rəsmiləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X4 məktubu əsasında Cavabdeh tərəfindən ödənilmiş 20.000 manat pul xüsusi notarius X4 “X9 Azərbaycan” ASC-də olan AZ12KABA******************** nömrəli cari hesabına 19.03.2019-cu il tarixdə saat 16:30:19-da köçürülmüşdür. Bakı şəhəri 1 saylı notariat ofisinin 19.03.2019-cu il tarixdə tərtib edilmiş kassa məxaric sənədlərinin 44 nömrəli reystrindən məlum olur ki, Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X6 19.03.2019-cu il tarixli borc müqaviləsi üzrə depozit hesabına ödənilmiş 20.000 manat pulun alınmasına vəkil edilmiş İddiaçı KB seriyalı 320873 qeydiyyat nömrəli pul çeki verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, 19.03.2019-cu il tarixli borc müqavilənin predmetinin məbləğləri üç min manatdan çoxdur, müqavilə tərəfləri kredit müqavilələrini yazılı formada bağlamış, hətta notarial qaydasında təsdiq etdirməklə Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələbinə əməl etmişlər. Müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh ilə İddiaçı arasında bağlanmış 19.03.2019-cu il tarixli kredit müqaviləsinin etibarsızlığı üçün əsas deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən edilir ki, İddiaçı 26 nömrəli şəhər poliklinikasının 29.11.2019-cu il tarixli göndərişə əsasən 30.11.2019-cu il tarixdən 30.01.2020-ci il tarixədək 2 №-li X1 ambulator müayinə və müalicədə olmuşdur. 30.01.2020-ci il tarixdən evə yazılıb və 1 ay müalicə alıb. İddiaçı “şizofreniya paranoid forma diaqnozu, depressiv daxil olmalar və qüsur əlamətləri diaqnozu” qoyulmuşdur. Bakı şəhəri Nizami Rayon məhkəməsinin 28.10.2020-ci il tarixli 2(007)-1192/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və borcun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 20.000 manat pulun alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını iddiaçının gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil etməlidir. İddiaçının nümayəndəsi və vəkili iddiaçının şizofreniya xəstəliyindən əziyyət çəkməsini bildirsə də, iddiaçıya müqaviləni bağladıqdan 8 ay sonra ona şizofreniya paranoid forma diaqnozu qoyulmuşdur. Həmçinin iddiaçının nümayəndəsi və vəkili öz əsaslanmasında İddiaçı müqavilə bağlayarkən fəaliyyət qabiliyyətinin olmaması və cavabdehin onun aldadaraq müqavilə bağlaması və müqavilə göstərilən 20.000 manat pul vəsaitini iddiaçıya verməməsinə dair hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Əksinə, notariat işində olan rəsmi sənədlərlə müqavilədə göstərilən 20.000 manat vəsaitin cavabdeh tərəfindən notariusun depozit hesabına köçürüldüyü və notariusun həmin vəsaiti alması üçün iddiaçya kassa çekini verdiyi mötəbər yazılı sübutlarla öz təsdiqini tapır. İddiaçının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud deyildir. İddiaçı özü ərizə ilə notariat ofisinə müraciət edərək, iradəsi əsasında kredit müqaviləsini bağlamış, müqavilə notarial qaydada təsdiq edilmiş və ona notarius tərəfindən 20.000 manat pulun götürülməsi üçün pul çeki verilmişdir. İddiaçı məhkəmədə hüquqların müdafiəsi üçün nümayəndəsi və vəkili X3 08.07.2021-ci il tarixdə etibarnamə verməsi və vəkillə müqavilə bağlaması halı bir daha təsdiq edir ki, İddiaçı 19.03.2019-cu il tarixli kredit müqaviləsini bağlayarkən və 20.000 manat borcu alarkən cavabdeh tərəfindən aldadılmamışdır. İddiaçı 08.07.2021-ci il tarixli etibarnaməni verərkən də notarius tərəfindən şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Hazırki, iş üzrə mübahisənin predmeti isə kredit müqavilələrinin etibarsız hesab edilərək, ləğv edilməsindən ibarətdir. Müqavilənin tərəfləri müqavilənin bağlanması anında bütün şərtlər barəsində razılığa gəlmişlər və öz iradələri ilə həmin müqaviləni bağlayaraq imzalamışlar, müqavilə notarial qaydada təsdiq etdirmişlər. Müqavilələrin etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Həmçinin iddiaçı 19.03.2020-ci il tarixli kredit müqavilənin bağlanmasından bir ildən artıq vaxt keçdikdən sonra 27.07.2021-ci il tarixdə bu əqdi məhkəmədə mübahisələndirmişdir. Bu halın mövcud olması da, iddianın rədd edilməsi üçün müstəqil əsasdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31.05.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.03.2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən “Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.” Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 1 saylı notariat ofisində bağlanmış 19.03.2019-cu il tarixli 3M-96 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilərək, ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-5111/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5111/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver