Məhkəmə qərarları › İş №2(004)-512/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-512/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-512/2021 01.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 161576-CNS-19495 saylı “Nağd pul kredit müqaviləsi” və həmin müqaviləyə xx xxxx 2016-cı il tarixli 1 saylı razılaşmaya əsasən xx xxxxxxxx 2020-ci il tarixə banka borclu olduğu 7.722,04 manat əsas borcun, 1.294,88 manat faiz borcu, ümumilikdə isə 9.016,92 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 161576-CNS-19495 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29 faiz ödəmək şərti ilə 9000 manat məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 161576-CNS-19495 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx xxxx 2016-cı il tarixli 1 saylı razılaşmaya əsasən Cavabdeh banka xx xxxx 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 8.535 manat məbləğində borcu illik 29 faiz hesablanması şərti ilə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, həmin Razılaşmanın 3-cü bəndinə əsasən kredit alana 12 ay ərzində güzəşt dövrü təyin olunmuşdur. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxxxx 2016-cı il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 7.722,04 manat əsas borc, 1.294,88 manat faiz borcu, ümumilikdə isə 9.016,92 manat məbləğində borcu qalmışdır. Bank tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, tərəflərindən banka dəfələrlə müraciət olunmasına baxmayaraq bank öhdəliyini icra etməyərək müxtəlif bəhanələr gətirərək borcun restrukzasiya olunmasından boyun qaçırmışdır. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən iddia təmin olunaraq 7.722,04 manat əsas borcun, 1.294,88 manat faiz borcu, ümumilikdə isə 9.016,92 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 161576- CNS-19495 saylı "Nağd pul krediti müqaviləsi" və həmin müqaviləyə xx xxxx 2016-cı il tarixli 1 saylı Razılaşmaya əsasən xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 7722,04 (yeddi min yeddi yüz iyirmi iki manat dörd qəpik) manat məbləğində əsas borc, 1294,88 (bir min iki yüz doxsan dörd manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 9016,92 (doqquz min on altı manat doxsan iki qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq "İddiaçı" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar