Məhkəmə qərarları › İş №2(004)-513/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-513/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-513/2021 28.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması” barədə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1300 ABŞ dolları əsas borc, 583,26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1883,26 ABŞ dolları məbləqində kredit borcunun və 30 manat dövlət rüsümunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1342 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə illik 30% olmaqla 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh2 ilə 1342 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi bağlandığı müddətdən öhdəliklərin icrası vaxtında və lazımınca yerinə yetirilməmişdir. xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, cavabdeh öhdəliyin icrasını razılaşdırılmış şəkildə vaxtında yerinə yetirməmişdir. Bununla əlaqədar olaraq, cavabdehlə “xxxx” ASC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “xx.xx.2015-ci il tarixli, 1342 saylı kredit müqaviləsinə Əlavə” barədə razılaşmanın şərtlərinə əsasən, kredit müqaviləsinin müddəti əlavə olaraq 36 ay müddətinə uzadılmış və son ödəniş günü olaraq xx.xx.2020-ci il tarixi müəyyənləşdirilmişdir. Halhazırda isə cavabdehlər tərəfindən müqavilə üzrə öhdəliklər ümumiyyətlə icra olunmur. Cavabdehlər dəfələrlə xəbərdarlıq olunmalarına baxmayaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdirlər. Cavabdehlər Cavabdeh1 və zamini Cavabdeh2 1300 ABŞ dolları məbləğində əsas borcu, 583.26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1883.26 ABS dolları məbləqində kredit borcu var. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddəslərinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən cavabdehlərə göndərilmiş məhkəmə bildirişləri onların məlum olan axırıncı yaşayış yeri üzrə Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən alındığı iş materialları ilə təsdiq olunur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 1342 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 30 faiz olmaqla, 18 ay müddətinə, 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 1342 saylı zaminlik müqaviləsinə əsasən, zamin kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 borcverən “xxxx” ASC qarşısında öhdəliyin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanılmış “xx.xx.2015-ci il tarixli 1342 nömrəli kredit müqaviləsinə Əlavə” barədə razılaşmanın şərtlərinə əsasən, kredit müqaviləsinin müddəti əlavə olaraq 36 ay müddətinə uzadılmış və son ödəniş günü olaraq xx.xx.2020-ci il tarixi müəyyənləşdirilmişdir. “xxxx” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 müvafiq kredit müqaviləsi üzrə banka olan borcu 1300 ABŞ dolları əsas borc, 583,26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1883,26 ABŞ dolları təşkil edir. “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif tarixlərdə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə 1300 ABŞ dolları əsas borc, 583,26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1883,26 ABŞ dolları məbləğində (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) pul tutulmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-cu maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1300 ABŞ dolları əsas borc, 583,26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1883,26 (bir min səkkiz yüz səksən üç dollar, iyirmi altı sent) ABŞ dolları məbləğində (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar