Məhkəmə qərarları › İş №2(004)-5134/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5134/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5134/2021 09.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “güzətli kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələbinə dair iddia ərizəsi ilə 28.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.05.2019-cu il tarixli 011CASA********** nömrəli güzətli kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 20.05.2019-cu il tarixli güzətli kredit müqaviləsi üzrə 29.06.2021-ci il tarixə yaranmış 4.418,53 manat əsas borc, 34,35 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.482,88 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 20.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 illik 1 faiz ödəməklə 60 ay müddətinə, yəni 20.05.2024-cü il tarixədək qaytarmaq şərti ilə 4.753,25 manat güzətli kredit vermişdir. Cavabdeh1 20.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı məqsədilə İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında 20.05.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmış və zamin borcalanın öhdəliklərinin icrası üçün borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcalanın 20.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 29.06.2021-ci il tarixə 4.418,53 manat əsas borcu və 34,35 manat faiz borcu yaranmışdır. Borclu Cavabdeh1 və zamin Cavabdeh2 xəbərdarlıq edilməsinə baxmayaraq, borc ödənilməmişdir. Hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli və borc qaytarılmalıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.05.2019-cu il tarixli 011CASA********** nömrəli güzəştli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə, 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə illik 1% ödəmək şərtilə 4.753,25 manat kredit vermişdir. Borcalan Cavabdeh1 20.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı məqsədilə İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında 20.05.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və zamin borcalanın öhdəliklərinin icrası üçün kreditorun qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 29.06.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, borcalan Cavabdeh1 20.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4.418,53 manat əsas borc və 34,35 manat faiz borcu olmaqla, cəmi 4.452,88 manat borcu var. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.05.2019-cu il tarixli güzətli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 20.05.2019-cu il tarixli güzətli kredit müqaviləsi üzrə 29.06.2021-ci il tarixə yaranmış 4.418,53 manat əsas borc, 34,35 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.482,88 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.05.2019-cu il tarixli 011CASA********** nömrəli güzətli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 20.05.2019cu il tarixli 011CASA********** nömrəli güzətli kredit müqaviləsi üzrə 29.06.2021-ci il tarixə yaranmış 4.418,53 manat əsas borc, 34,35 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.482,88 (dörd min dörd yüz səksən iki manat səksən səkkiz qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar