Məhkəmə qərarları › İş №2(004)-5146/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5146/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5146/2021 13.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 29.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 06.09.2019-cu il tarixli 101840-761974/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.032,56 manat əsas borc, hesablanmış 1.593,66 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 06.09.2019-cu il tarixli 101840-761974/1 nömrəli kredit müqaviləsinə əsasən borclu Cavabdeh1 18 ay müddətinə, illik 29% dərəcəsi ilə 9000 manat kredit verilmişdir. Eyni zamanda, bankla Cavabdeh2 arasında 06.09.2019-cu il tarixli 101840-761974/1 nömrəli, Cavabdeh3 arasında 06.09.2019-cu il tarixli 101840-761974/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. Kredit müqaviləsi üzrə 07.07.2021-ci il tarixə cavabdehlərin 6.032,56 manat əsas borcu və 1.593,66 manat faiz borcu olmaqla, ümumilikdə 7.626,22 manat kredit borcu yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qeydiyyatda olduqları ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin bildirişləri cavabdehlərə təqdim etmək mümkün olmamışdır. Bu barədə AZ1138 nömrəli Poçt şöbəsi tərəfindən “bu ünvanda yaşayış yoxdur” və “qapı bağlıdır” qeydi yazılmaqla bildirişlər məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddələrinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.09.2019-cu il tarixli 101840- 761974/1 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 illik 29%-lə 18 ay müddətinə 9.000 manat kredit vermişdir. Cavabdeh1 06.09.2019-cu il tarixli kassa məxaric orderinə imza etməklə 9.000 manat pulu bankdan almışdır. Kredit müqaviləsinin müddəti 06.03.2021-ci il tarixdə bitmişdir. İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 06.09.2019-cu il tarixli 101840- 761974/1 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 06.09.2019-cu il tarixli 101840- 761974/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 zamin durmuşdur. Zaminlik müqaviləsinin müddəti 06.03.2021-ci il tarixdə bitmişdir. İddiaçı ASC ilə zamin Cavabdeh3 arasında bağlanmış 06.09.2019-cu il tarixli 101840- 761974/1/2 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 06.09.2019-cu il tarixli 101840-761974/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 zamin durmuşdur. Zaminlik müqaviləsinin müddəti 06.03.2021-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh1 müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 07.07.2021-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh1 banka 06.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6.032,56 manat əsas borc və 1.593,66 manat faiz borcu olmaqla, cəmi 7.626,22 manat borcu yarandığı göstərilmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 06.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. Kreditor İddiaçı ASC ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 06.09.2019-cu il tarixli zaminlik müqavilələrinin müddəti 06.03.2021-ci il tarixdə başa çatdığına görə, 06.09.2019-cu il tarixli zaminlik müqavilələri üzrə Cavabdeh3 və Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Hazırda zaminlər borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh (borcalan) Cavabdeh1 06.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 6.032,56 manat əsas borc, hesablanmış 1.593,66 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 7.656,62 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi - cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 qarşı hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (borcalan) Cavabdeh1 06.09.2019-cu il tarixli 101840-761974/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.032,56 manat əsas borc, hesablanmış 1.593,66 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 7.656,62 (yeddi min altı yüz əlli altı manat altmış iki qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi - cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 qarşı hissəsində rədd edilsin. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 06.09.2019-cu il tarixli zaminlik müqavilələri üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar