Məhkəmə qərarları › İş №2(004)-516/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-516/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-516/2023 27.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönləndirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönləndirilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 16 aprel 2012-ci il tarixli kredit müqaviləsi üzrə 27100,47 manat əsas, 555,76 manat faiz və 4,45 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 27660,68 manat məbləğində borcun, 172,98 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, Tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən, 160.90 kv.m ümumi, 92.0 kv.m yaşayış sahəsindən ibarət 84 nömrəli evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin evin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən, 160.90 kv.m ümumi, 92.0 kv.m yaşayış sahəsindən ibarət 84 nömrəli evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin evdən çıxarılması, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 4%-lə 348 ay müddətinə 35000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, X1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən, 160.90 kv.m ümumi, 92.0 kv.m yaşayış sahəsindən ibarət 84 nömrəli evi 2017-ci il 29 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2022-ci il oktyabr 07-dək Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə banka 27100.47 manat əsas, 555.76 manat faiz və 17.79 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 27674.02 manat borcu vardır. Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 17.79 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 4.45 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, ipotekaya qoyulan onun öz evidir. Onun Qəbələdə oteli var. O, oğlu ilə birlikdə yaşayır. Öz evini də girov qoyub 35000 manat kredit götürmüşdür. Həmin vaxt o, işləyirdi. Güman edirdi ki, pulu qaytarıb verər. Sonra işdən çıxmışdır. O, ipotekanı hər ay ödəmişdir. Sonra hələ nə qədər ödəməli olduğunu soruşmuş, demişlər ki, hələ cəmi 7000 pul verilib. Düşünmüşdür ki, hələ 25 il çəksə, 90000 manata gedib çıxacaq. İstəməmişdir ki, oğlunun üstündə qalsın. Onsuz da onu satmalı idi ki, uşaqlarının arasında bölüşdürsün. Onun müştərisi də var. Satmaq istədiyi məbləğ 35000 manatdan böyük summadır. Banka olan borcu 27660,68 manatdır. Bu məbləği ödəyəcək. O, bu məbləği 1 həftə ərzində ödəyəcək. İpotekada olan əmlakın 210000 manata hərraca çıxarılmasına etirazı yoxdur. İş materiallarında olan Cavabdeh2 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı ASC-nin tələb etdiyi 27880 manat məbləği bir həftə ərzində ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı "xxxx" İKB ASC-nin (kreditor) 8 saylı filialı ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 16 aprel 2012-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təyinatlılıq əsasında 35000 manat məbləğində 348 ay müddətinə kredit verməyi, borcalan isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16 aprel 2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 27100,47 manat əsas borc, 555,76 manat faiz borcu, 17,79 manat cərimə borcu olmaqla, cəmi 27674,02 manat borcu vardır. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını, maliyyə arayışını və Cavabdeh2 məhkəmə iclasında banka olan borcunun 27660,68 manat təşkil etməsinə dair verdiyi izahatını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi 16 aprel 2012-ci il tarixli kredit müqaviləsi üzrə 27100,47 manat əsas borc, 555,76 manat faiz borcu, 4,45 manat cərimə borcu olmaqla, cəmi 27660,68 manat məbləğində borcun Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 16 aprel 2012-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi "xxxx" İKB ASC, X3 və Cavabdeh1 arasında X2 məxsus ünvan 1 ünvanında yerləşən evin ipotekaya qoyulması barədə 16 aprel 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi əri Cavabdeh2dur və o miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən mənzildən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ev İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 30.2-ci maddəsinə bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır. Mülki iş üzrə tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan müəyyən olunur ki, cavabdeh tərəf ipoteka predmetinin dəyərinin 210000 manat müəyyən olunmasına etirazları yoxdur. Bundan əlavə məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulduğuna görə iddia kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə həmçinin iddianın ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutularaq, iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdeh1 iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh1 alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və digər xərclər Cavabdeh1 aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən, 160.90 kv.m ümumi, 92.0 kv.m yaşayış sahəsindən ibarət 84 nömrəli evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin evdən çıxarılması, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, qeydiyyatda olan şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin təhvil verilməsi tələbi ilə iddia qaldırmaq, subyektiv hüquq olaraq mənzilin mülkiyyətçisinə aid olduğundan, mənzili əldə etmiş yeni mülkiyyətçisi tərəfindən qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət oluna bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən, 160.90 kv.m ümumi, 92.0 kv.m yaşayış sahəsindən ibarət 84 nömrəli evə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində Cavabdeh2 fərdi yaşayış evini könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 27100,47 manat əsas borc, 555,76 manat faiz borcu, 4,45 manat cərimə borcu olmaqla, cəmi 27660,68 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutularaq, iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 184 ünvanında yerləşən 84 nömrəli evə yönəldilərək, açıq hərracda satılmalı, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 184 ünvanında yerləşən 84 nömrəli evin ilkin satış qiyməti 210000 manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 184 ünvanında yerləşən 84 nömrəli evin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh2 verilməli, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 184 ünvanında yerləşən 84 nömrəli evin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 184 ünvanında yerləşən 84 nömrəli ev açıq hərracda satıldıqdan sonra Cavabdeh2 həmin mənzildən çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 27100,47 (iyirmi yeddi min yüz manat qırx yeddi qəpik) manat əsas borc, 555,76 (beş yüz əlli beş manat yetmiş altı qəpik) manat faiz borcu, 4,45 (dörd manat qırx beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 27660,68 (iyirmi yeddi min altı yüz altmış manat altmış səkkiz qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının tutularaq, iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 184 ünvanında yerləşən 84 nömrəli evə yönəldilərək, açıq hərracda satılsın. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 184 ünvanında yerləşən 84 nömrəli evin ilkin satış qiyməti 210000 (iki yüz on min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 184 ünvanında yerləşən 84 nömrəli evin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh2 verilsin. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 184 ünvanında yerləşən 84 nömrəli evin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh1 iddiaçının xeyrinə tutulsun. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 184 ünvanında yerləşən 84 nömrəli ev açıq hərracda satıldıqdan sonra Cavabdeh2 həmin mənzildən çıxarılsın və həmin mənzil boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar