Məhkəmə qərarları › İş №2(004)-5173/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5173/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5173/2020 12.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ HakimƏyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi və borc” tələbinə dair mülki işə Yasamal rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi və borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli LP-00241-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə ödənilməmiş 6212,35 manat əsas borc, 524,1 manat faiz borcu, 1371,12 manat dəbbə olmaqla, cəmi 8107,57 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təqdim edilən maliyyə arayışına uyğun olaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 verdiyi izahatında iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, qalan hissədə isə qəbul etmədiyini göstərərək, iddia tələbinin təmin olunmaması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh2 rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank “xxxx” ASC-nin “Həzi Aslanov” fılialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RP-00241- 16/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 30 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 7002 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir.İş materiallarında olan Bank “xxxx” ASC-nin “Həzi Aslanov” fılialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MKZ- 00241-16/19A saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır.xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 həmin tarixə 6212,35 rıanat əsas borc, 524,1 manat faiz borcu, 1371,12 manat dəbbə olmaqla, cəmi 8107,57 manat təşkil edir. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, ərizə ilə məhkəməyə müraciət edilməsi üçün Bank “xxxx” ASCtərəfindən 30manat dövlət rüsumuvə 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı bank öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişdirlər. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, Bank “xxxx” ASC-nin "Həzi Aslanov" filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RP-00241-16/19A saylı kredit müqaviləsi ləğv edilməli, kredit müqaviləsi üzrə, xx.xx.2020-ci il tarixinə ödənilməmiş 6212,35 manat əsas borc, 524,1 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 6836,45 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı müştərək qaydada cavabdehlərdən tutularaq Bank “xxxx"-nin xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, 1371,12 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 100 manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bank “xxxx” ASC-nin "Həzi Aslanov" filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RP-00241-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə ödənilməmiş 6212,35 manat əsas borc, 524,1 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 6836,45 (altı min səkkiz yüz otuz altı manat 45 qəpik) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı müştərək qaydada tutularaq Bank “xxxx” ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan gissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar