Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5198/2025 10.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh əlyazması: “İddiaçı 8000 ABŞ Dolları və 3600 manat pul almışam. Aldığım puldan 3600 manat məbləği xx.xx.2021-ci il tarixinədək qaytaracağam. Qalan 8000 ABŞ dolları dekabrın 30-na kimi 2022-ci il tarixinədək qaytaracam. Ərizəni şəxsən özüm yazdım. İmzam ilə təsdiqləyirəm.”
2. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
3. Həmin qərarın məzmunundan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, 2012-ci il tarixdə imkanı zəif olduğu üçün tanışı İddiaçı faizə borc pul istəmişdir. İddiaçı faizə pul verən tanışının olmasını bildirmiş, ilkin olaraq İddiaçı faizə 5000 manat məbləğində pul vəsaiti verərək, əvəzində bir ədəd biriliant dəst, 2 ədəd qızıl üzük, diplom və mənzilin çıxarışını götürmüşdür. Bir müddət ödəniş etdikdə sonra yenə pul lazım olduğundan İddiaçı ona əlavə olaraq 8000 manat məbləğində pul vəsaitini nəğd olaraq vermişdir. O mütəmadi olaraq ödənişləri etmiş, sonuncu dəfə 2025-ci ilin yanvar ayında 250 manat ödəniş etmişdir. O Lyudmila Karalovbaya 1800 manat məbləğində borcunun qaldığını bildirmişdir. Cavabdeh əlavə suallara cavab olaraq bildirmişdir ki, İddiaçı 2-ci dəfə 8000 manat aldığını, faizləri ödəyə bilmədiyim üçün kağız vərəqdə 8000 ABŞ dolları yazdırıb qol çəkdirmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16600 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə, tanışı cavabdeh X1 “Tarqovaya” adlanan ərazidə qadın geyimləri mağazası olmuşdur. Ona karqoda geyimlərinin qaldığını bildirərək onları çıxarmaq üçün ilkin olaraq 5000 manat məbləğində borc pul, daha sonra isə əlavə olaraq 8000 ABŞ dolları məbləğində pul almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə kağız vərəqdə öz imzası ilə xx.xx.2022-ci il tarixdə qeyd olunan məbləği qaytaracağını bildirmiş, lakin pulu geri qaytarmamışdır. Cavabdeh təxminən yanvar 2025-ci ildə 250 manat ödəməklə, cəmi 2000 manat məbləğində pul vəsaitinin ödənişini geri qaytarmışdır. Dəfələrlə cavabdehdən pulu geri istəsə də, o pulu tam qaytarmaqdan imtina edir və cəmi 1800 manat borcun qaldığını bildirir.
b) iddiaya etiraz
6. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddianın təmin edilməməsini xahiş edir.
7. Etirazın əsaslarına görə, təxminən 2012-ci ildən etibarən maddi imkanı zəif olduğuna görə cavabdeh iddiaçı ilə tanışlığından istifadə edərək ondan faizlə borc pul almışdır. İlk dəfə iddiaçı cavabdehə 5000 manat məbləğində faizli borc vermişdir. Sonralar cavabdehin yenidən pula ehtiyacı yarandıqda iddiaçı ona əlavə olaraq 8000 manat məbləğində borc vermişdir. Cavabdeh götürdüyü borc vəsaitləri üzrə illər boyu iddiaçıya mütəmadi olaraq faiz ödəmiş, hazırkı dövrə qədər faktiki olaraq əsas borc məbləği ödənmişdir. Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Cəbrayılovun xx.xx.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında da göstərilir ki, tərəflər arasında faizlə borc pul münasibətləri mövcud olmuş, cavabdeh uzun müddət faiz ödəmələri etmiş, iddiaçı özü cavabdehin borcunun cəmi 1800 manat təşkil etdiyini bildirmişdir.
c) məhkəmə icraat iştiakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh etirazla eyni məzmunlu izahat verərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər; Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
13. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
14. Cavabdeh tərəfindən imzalanmış qəbzdən müəyyən edilir ki, o iddiaçıdan 8000 ABŞ dolları və 3600 manat məbləğdə pul amışdır.
15. Qəbzin təkid altında yazılıdığı ilə bağlı dəlillər əsaslandırılmamışdır. Qəbz xx.xx.2021-ci il tarixdə tərtib edilsə də, sonradan cavabdehin buna hər hansı etiraz irəli sürdüyü müəyyən edilmir.
16. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
17. Bu baxımdan hazırda həmin qəbz (əqd) etibarlı olduğundan tərəflərin əvvəlki münasibətləri və hesablaşmaları əhəmiyyət kəsb etmir, həmin qəbzdən (borc etiraf ediləndən) sonrakı mübahisəli nüanslar araşdırılmalıdır.
18. İddiaçı cavabdehin üzərinə götürdüyü öhdəliyini icra etmədiyini - qalan 16600 manat məbləğdə pulu ödəmədiyini bildirir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Borcun qaytarıldığını sübut etmək öhdəliyi cavabdehin üzərindədir. Cavabdeh bu yöndə hər hansı mötəbər sübut təqdim etməmiş, dəlillərini şifahi mülahizələrlə əsaslandırmışdır.
19. Bu halda mövcudluğu sabit olan borc məbləği cavabdehdən tutulmalıdır.
20. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 16600 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
21. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 16600 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə