Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-521/2022 23.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi ilə İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Cavabdeh "xxxx" QSC-nin (əvvəlki adı "xxxx" QSC) nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" QSC, Cavabdeh4 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedez Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2000 manat pulun və 40 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15:00-da Cavabdeh2 tərəfindən idarə olunan “Hyundai HD 78” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı evakuatorla yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə iddiaçıya məxsus “Mercedez Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanl avtomobilə maddi zərər dəymişdir. Cavabdeh2 Bakı şəhəri DYPİ-nin inzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2021-ci il tarixli qərarı ilə yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələri ilə inzibati tənbeh edilmişdir. Hadisə törədilən anda avtomobilin sığortası olmadığından iddiaçı özünə məxsus avtomobili özü təmir etdirməli olmuş və buna 2000 manat məbləğində vəsait sərf etmişdir. Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən verilmiş xx.xx.2021-ci tarixli və xx.xx.2021-ci il tarixli etibarnamələrə əsasən hadisə törədilən anda cavabdeh tərəfindən idarə olunmuş evakuator digər cavabdeh "xxxx" QSCnin mülkiyyətində olmuş, həmin şirkət evakuatora dair etibarnaməni Cavabdeh4 MMC –yə vermiş və sonuncu tərəfindən idarə etməyə dair etibarnamə Cavabdeh2 verilmişdir. Odur ki, hesab edir ki, dəymiş zərər evakuatorun mülkiyyətçisi olmuş cavabdeh "xxxx" QSC-dən tutulmalıdır. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin (əvvəlki adı "xxxx" QSC) nümayəndəsi iddiaya etiraz təqdim edərək göstərmişdir ki, "Hyundai HD-78” markalı, dövlət qeydiyyat nişanı İ0 JS 288 olan xüsusi təyinatlı evakuator lizinq şirkətinin mülkiyyətində olsa da, xx.xx.2012 tarixli LM № 0xx/xx-2012 saylı müqaviləyə əsasən tərəfindən Cavabdeh3 lizinqə verilmişdir. Göründüyü kimi hadisə törədilən anda hadisə törətmiş avtomobil, yəni evakuator Cavabdeh4 MMC-nin qanuni istifadə və sahibliyində olmuşdur. Odur ki, lizinq şirkəti Mülki Məcəllənin 1108-ci maddəsinin tələblərinə əsasən qanuni əsasla onun istifadəsindən çıxmış avtomobilin törətdiyi deliktə görə məsuliyyət daşıya bilməz. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddia tələblərini əsaslandırdığı hallar təqdim olunmuş yazılı sübutlarla qismən təsdiq edildiyindən iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (1108.2). 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» qərarının 1-ci bəndinə əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1278 saylı rəyi ilə aşağıdakı müəyyən edilmişdir: Nəzəri hesablama yolu ilə, “X3” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qaimə fakturadakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2003-cü il buraxılışlı “Mercedes Benz” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1900 manat müəyyən edilir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilə Cavabdeh4 MMC-nin işçisi tərəfindən əmək vəzifələrini yerinə yetirərkən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərər vurulmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, hadisə törədilən anda hadisə törətmiş avtomobil cavabdeh "xxxx" QSC-nin (əvvəlki adı "xxxx" QSC)-nin mülkiyyətində olsa da, lizinq şirkəti tərəfindən qanuni əsasla (lizinq müqaviləsi, etibarnamə) Cavabdeh4 MMC şirkətinə verilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, Cavabdeh4 MMC şirkəti tərəfindən də işçisi Cavabdeh2 idarə etmək üçün etibarnamə verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia cavabdeh "xxxx" QSC-yə qarşı təmin oluna bilməz. Bundan əlavə məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1099-cu maddəsinin tələblərinə əsasən ekspert rəyi nəzərə alınaraq iddia qismən təmin olunaraq Cavabdeh4 MMC-dən 1900 manat məbləğdə maddi zərər tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 38 manat hissəsi Cavabdeh4 MMC-yə, 2 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 100 manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 95 manat hissəsi Cavabdeh4 MMC-yə, 5 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh4 MMC-dən İddiaçı xeyrinə 1900 (min doqquz yüz) manat məbləğində maddi zərərin əvəzi, 38 (otuz səkkiz) manat dövlət rüsumu tutulsun. 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 95 (doxsan beş) manat hissəsi Cavabdeh4 MMC-dən, 5 (beş) manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-521/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-521/2022
23.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver