Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-522/2022 26.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 2312,40 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 43,13 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2655,53 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də 01.07.2019-cu il tarixində AKX- 0106118/07-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00060 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək), “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qanunazidd hərəkətləri nəticəsində 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 885,60 manat, 30.10.2019- cu il tarixli ******* saylı akt əsasında 442,80 manat, 31.08.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, 30.09.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, 30.10.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat aktların cəmi sərfiyyatla və birlikdə 2312,40 manat təşkil etməkdədir. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil AZEMİS vasitəsilə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilməklə ”Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01.07.2019-cu il tarixdə, AKX-0106118/07-2019 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının götəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 28.02.2019-cu il tarixli ******* nömrəli, 30.10.2019-cu il tarixli ******* nömrəli, 31.08.2020-ci il tarixli ******* nömrəli, 30.09.2020-ci il tarixli ******* nömrəli və 30.10.2020ci il tarixli ******* nömrəli aktlara əsasən, istehlakçı Cavabdeh fərdi yaşayış evinə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. Həmin aktlar əsasında müvafiq tarixlərdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qərar qəbul edilərək, itirilmiş qazın sərfiyyatı 28.02.2019-cu ildə 8856 m3 , 30.10.2019-cu il tarixdə 4428 m3 , 31.08.2020-ci il tarixdə 5832 m3 , 30.09.2020-ci il tarixdə 1944 m3 və 30.10.2020-ci il tarixdə 1944 m3 müəyyən edilmişdir. 13 yanvar 2021-ci il tarixli Cavabdeh adına olan saldodan görünür ki, (Abonent kodu **********00060) ona məxsus ünvan 2 ünvanında qazdan istifadəyə görə aktlara əsasən hesablanmış zərər və qəbul edilmiş qərarlara uyğun ziyan - 2312,40 manat borcu olmuşdur. Beləliklə, qaz sayğacına qanunsuz müdaxilə nəticəsində 2312,40 manat manat zərər hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin ərizəsini məhkəmə baxışı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin hallarından da göründüyü kimi, Cavabdeh qaz sayğacına qanunsuz müdaxilə edərək, qeyri-qanuni xətt çəkmiş və həmin xəttdən istifadə etmişdir. Bu hal iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə də öz təsdiqini tapır. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qərar qəbul edilərək toplam 2312,40 manat ziyan vurulması müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 28.02.2019-cu il tarixdə qərar qəbul edilərkən, nəyə görə hesabat müddətinin 180 gün, 30.10.2019-cu il tarixdə qərar qəbul edilərkən, nəyə görə hesabat müddətinin 90 gün və 30.08.2020-ci il tarixdə qərar qəbul edilərkən, nəyə görə hesabat müddətinin 90 gün götürülməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, dəymiş zərər hesabat müddəti hər akt üzrə 30 gün götürülərək hesablanmaqla müəyyən edilmiş ziyan məbləği, yəni, 28.02.2019-cu il tarixli ******* saylı akt üzrə ((1.2x6x30=216)+(1.5x10x30=450)+(1.5x18x30=810))147,60 manat, 30.10.2019cu il tarixli ******* saylı akt üzrə ((1.2x6x30=216)+(1.5x10x30=450)+(1.5x18x30=810)) 147,60 manat, 31.08.2020-ci il tarixli 0288426saylı akt üzrə ((1.2x24x30=864)+(1.5x24x30=1080)) 194,40 manat, 30.09.2020-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat, 30.10.2020-ci il tarixli ******* saylı akt üzrə 194,40 manatın cavabdehdən tutulması qət olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 3.4.1-ci bəndinə əsasən istehlakçılara özbaşına qaz qurğularının quraşdırılması, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsi, dəyişdirilməsi və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq qadağandır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28.02.2019-cu il tarixli ******* saylı akt üzrə 147,60 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt üzrə 147,60 manat, 31.08.2020-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat, 30.09.2020-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat, 30.10.2020-ci il tarixli ******* saylı akt üzrə 194,40 manat, ümumilikdə 878,40 (səkkiz yüz yetmiş səkkiz manat qırx qəpik) manat məbləğində zərər, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş 43,13 (qırx üç manat on üç qəpik) manat dövlət rüsumu tutularaq, “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-522/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-522/2022
26.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver